Üç rayonun təhsil şöbələri müdirlərinin hesabat məruzələri dinlənilib

Üç rayonun təhsil şöbələri müdirlərinin hesabat məruzələri dinlənilib Sabirabad, Saatlı və İmişli Rayon Təhsil şöbələrinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib.
Tədbirdə Sabirabad, Saatlı və İmişli rayonlarının təhsil işçiləri və məktəb direktorları iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Tədbirdə Sabirabad, Saatlı və İmişli Rayon Təhsil şöbələri müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək hesabatlar barədə fikirlərini bildirib. Nazir müavini ötən il təhsil sahəsində həyata keçirilən işlər, qarşıda duran vəzifələrdən danışıb. M.Vəliyeva məktəblərin buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinə toxunub, bu göstəricilərin artırılması istiqamətində işlərin davam etdirilməsini tövsiyə edib.
Sonra həmin rayonların təhsil şöbələrinin əməkdaşları, məktəb direktorlarının iştirakı ilə görüş olub. Görüşdə M.Vəliyeva şagirdlərin beynəlxalq müsabiqələrdə əldə etdiyi uğurlardan, məktəblərin ali təhsil müəssisələrinə qəbul göstəricilərindən danışaraq nəticələrin yaxşılaşdığını diqqətə çatdırıb. Nazir müavini təhsil sahəsində bu gün uğurlu nəticələrin əldə olunmasında islahatların və dövlətin təhsilə qayğısının böyük rol oynadığını bildirib.
Tədbirdə təkliflər dinlənilib, suallar cavablandırılıb, xüsusi fəaliyyətinə görə seçilən təhsil işçiləri təltif olunub.

Tehsil-press.az

Oxşar xəbərlər