Məşhur amerikalı yazıçı ADA Universitetinin fəxri doktoru adına layiq görülüb

Məşhur amerikalı yazıçı ADA Universitetinin fəxri doktoru adına layiq görülüb ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevin təklifi və universitet Senatının qərarına əsasən, tanınmış amerikalı yazıçı və analitik Tomas Qolts Azərbaycan və Xəzəryanı bölgə üzrə apardığı tədqiqatlarına, bu sahədəki diqqətəlayiq nəşrlərinə, Azərbaycan və ABŞ xalqları arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə verdiyi mühüm töhfələrinə görə ADA Universitetinin fəxri doktoru adına layiq görülüb.
ADA Universitetində keçirilən təqdimetmə mərasimində rektor Hafiz Paşayev fəxri doktor diplomunu qonağa təqdim edib.
Rektor Azərbaycan ictimaiyyətinin T.Qoltsun ölkələrimiz arasındakı qarşılıqlı anlaşmanın inkişafına verdiyi töhfəni yüksək qiymətləndirdiyini bildirib.
Daha sonra Tomas Qolts çıxış edərək, ADA Universiteti tərəfindən verilən yüksək qiymətə və fəxri ada görə minnətdarlığını bildirib. O, Azərbaycanla bağlı xatirələrini bölüşüb, ölkənin müstəqilliyə gedən yolda çox çətin dövrdən keçdiyini nəzərə çatdırıb və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı şahidi olduğu hadisələrdən bəhs edib. T.Qolts müstəqil Azərbaycanın daha böyük uğurlara imza atacağına əminliyini bildirib.
Mərasim çərçivəsində qonaqlar Tomas Qoltsun nümayiş etdirilən kitabları ilə tanış olub, onun Azərbaycanla bağlı xatirələrindən bəhs edən videonu izləyiblər.
Qeyd edək ki, Tomas Qolts müstəqil Azərbaycan və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılmış ilk kitablardan olan “Azərbaycan gündəliyi”nin müəllifidir. Onun “Washington Post”, “National Interest” və digər nüfuzlu kütləvi informasiya vasitələrində dərc etdirdiyi məqalələr Azərbaycanın dünya ictimaiyyətinə tanıdılması və Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq mediada işıqlandırılması işinə töhfə verib.

Tehsil-press.az

Oxşar xəbərlər