Ali Attestasiya Komissiyasından daha bir narazılıq - “övladım dövlət qulluqçusu olduğu üçün elmi təsdiqini ala bilmir”

Ali Attestasiya Komissiyasından daha bir narazılıq - “övladım dövlət qulluqçusu olduğu üçün elmi təsdiqini ala bilmir”
AzTU-nun 4 saylı tələbə yataqxanasında
məskunlaşmış zəngilanlı məcburi köçkün
İmanov Tahir Nuru oğlu tərəfindən


Tahir İmanov: “Qərarda dövlət qulluğunda çalışan şəxsin elmi dərəcə alması üçün hər hansı bir qadağa yoxdur”
Prezident yanında Ali Attestasiya Komissiyasının (AAK) keçən ilin dekabr ayının 13-də öz əsasnaməsinə etdiyi dəyişiklik elmi işinin müdafiəsini gözləyən 50-dən artıq doktorant və dissertantın narazılığına səbəb olub. Bildiyiniz kimi, iddiaçılar AAK-ın məlum qərarı ilə razılaşmırlar.
Qeyd edək ki, AAK-ın məlum qərarına görə, fəlsəfə doktoru elmi adı almaq üçün müzakirədən keçmiş dissertasiyalar yenidən ilkin müzakirəyə qaytarılmalı, seminardan keçənlər isə yenidən seminarda iştirak etməlidirlər.
Narazılar arasında elə insanlar da var ki, onlar elmi iş müdafiə edib fəlsəfə doktoru adı alsalar da, bunu təsdiq edən diplomu AAK-dan ala bilmirlər.
Nuru İmanov 2018-ci ildə müdafiə etməsinə baxmayaraq, AAK-ın yeni sədri ona diplomu vermək istəmir, səbəb kimi isə N.İmanovun dövlət qulluğunda işləməsini göstərir (?).
Redaksiyamıza AzTU-nun 4 saylı tələbə yataqxanasında məskunlaşmış zəngilanlı məcburi məcburi köçkün İmanov Tahir Nuru oğlu tərəfindən məktub daxil olub. N.İmanovun atası T.İmanov oğlunun alimlik diplomunu AAK-dan almasına yardımçı olmağımızı xahiş edir.
“...məcburi köçkün olaraq oğlumun o cür acınacaqlı şəraitdə, mərhum akademik Vasim Məmmədəliyevin elmi rəhbərliyi altında zəhmətlə ərsəyə gətirdiyi fundamental elmi işi...”
“Mən, İmanov Tahir 1993-cü ildən Zəngilandan məcburi köçkün olaraq ailəmlə birgə AzTU-nun 4 saylı tələbə yataqxanasında (Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 1) kommunal şəraitsiz birotaqlı mənzildə məskunlaşmışıq. Özüm Qarabağ müharibəsinin iştirakçısı olmuşam. Hazırda ağır xərçəng xəstəsiyəm. Həyat yoldaşım II qrup əlildir, işləmir. Sizə müraciətim oğlum Nuru İmanovla bağlıdır. 09.10.2019-cu il tarixdə oğlumun elmi işi ilə bağlı Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevin qəbulunda olmuşuq. Məni qəbul otağına buraxmasalar da, oğlum Famil müəllimin qəbuluna düşüb. Nuru elmi işi ilə bağlı məsələyə nə üçün baxılmadığını soruşduqda Famil müəllim bildirib ki, dövlət qulluğunda çalışdığına görə onun elmi işi ilə bağlı məsələyə baxılmayacaq. Buna əsas olaraq hər hansı bir şəxsin subyektiv qərarını göstərib. Onun dediyinə görə, elmi işi ilə bağlı məsələyə baxılması üçün Nuru aparıcı məsləhətçi olaraq ya işdən ayrılmalı, ya da pensiya yaşını gözləməlidir. Bəs bu adam harada işləməlidir? Çox təəssüf ki, bu kimi məqamları düşünən yoxdur... Bunları heç soruşan da olmayıb. Nuru buna cavab olaraq fikrini bildirib ki, həmin qərarla çoxdan tanışdır və qərarda dövlət qulluğunda çalışan şəxsin elmi dərəcə alması üçün hər hansı bir qadağa yoxdur. Həmin qərar AAK-ın keçmiş sədri akademik A. Mehdiyevə aiddir. Qərarda göstərilir ki, dövlət qulluğundakı gərgin iş rejimi şəraitində elmi fəaliyyətlə məşğul olmağın mümkünsüzlüyü nəzərə alınaraq, dövlət qulluğunda çalışan şəxslərin elmi dərəcə almaq üçün dissertasiya işinin müdafiəsinə buraxılmaları məqsədəuyğun sayılmır. Göründüyü kimi, “məqsədəuyğun” sözü hər hansı bir qadağanı ehtiva etmir. Bir şeyi başa düşə bilmirəm, xalqa, dövlətə və dövlətçiliyə xidmət edən şəxsə AAK niyə belə əngəllər yaradır? Elmə maraq göstərən bir gəncə “məqsədəuyğun sayılmır” adı ilə belə maneələr yaratmaq kimə, yaxud nəyə lazımdır?!
Bu cür qeyri-obyektiv yanaşma ölkəmizdə gənclər sahəsində aparılan islahatlara tamamilə ziddir. İslahat adı ilə AAK vətəndaşları incidir. Mən özüm bunu qəbul zamanı da müşahidə etdim. Arxasız adam üçün Çin səddini keçmək AAK səddini keçməkdən daha asandır. Arxalı, səlahiyyətli şəxslər üçün AAK-dan diplom almaq su içmək kimi bir şeydir”.
T.İmanov yazır ki, bir vətəndaş kimi, AAK-ın oğluna münasibətindən narazıdır və bu qurumdan elmi işlə bağlı, yaxud digər aidiyyəti məsələ barədə bir söz soruşmaq üçün bir ay əvvəldən qəbula yazılmaq tələb olunur. Onun qeyd etdiyinə görə, 15.01.2020-cı il tarixdə özü AAK-ın rəhbərliyinin qəbulunda olub: “AAK sədrinə qəbul zamanı dedim ki, “məqsədəuyğun” sözü axı qadağan deyil, bizim kimi sıravi vətəndaşları niyə incidirsiniz, elə bizim kimilərə gələndə məqsədəuyğun olmur? Sədr bütün suallarımı ironiyalı gülüşlə qarşılayıb susurdu... Sonda isə oğluma heç bir kömək etməyəcəyini bildirdi. Mən də bildirdim ki, aidiyyəti qurumlara müntəzəm öz müraciətimi edəcəm, yəqin ki, bu məsələ nə vaxtsa ədalətli həllini tapacaq. Qeyd edim ki, oğlum AMEA-da təhsilini və elmi işini dövlət qulluğuna qəbul olunmazdan əvvəl tamamlayıb. 26 sentyabr 2018-ci ildə elmi işini müdafiə edib və müvafiq sənədləri AAK-a təqdim edib”.
“Dövlət qulluğu haqqında” Qanunun 19-cu maddəsindən sitat gətirən şikayətçinin qeyd etdiyinə görə, qanunun sözügedən bəndində açıq-aşkar göstərilir ki, dövlət qulluqçusunun elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi ilə pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq hüququ var. “Demək, hər hansı bir şəxsin subyektiv qərarına əsasən bu qanunun maddəsi pozulursa, o zaman bizim vətəndaş olaraq hüququmuz pozulur.
Bundan əlavə, Ali Qanunumuz - Konstitusiyamızın 51-ci maddəsində qeyd edilir ki, hər kəsin yaradıcılıq azadlığı var. Üstəgəl, bizim bu hüququmuz da pozulmuş olur. İstəməzdim ki, məcburi köçkün olaraq oğlumun o cür acınacaqlı şəraitdə, mərhum akademik Vasim Məmmədəliyevin elmi rəhbərliyi altında zəhmətlə ərsəyə gətirdiyi fundamental elmi işi hər hansı bir şəxsin subyektiv qərarının “qurbanı” olsun.
Hörmətli redaksiya heyəti, sizdən sıravi bir vətəndaş kimi çox xahiş edirəm ki, oğlum Nuru İmanovun elmi işi ilə bağlı məsələni səlahiyyətiniz çərçivəsində işıqlandırasınız. Sizə əvvəlcədən dərin təşəkkürümü bildirirəm” - deyə qeyd edən T.İmanov bu fikirləri 12.02.2020-ci il tarixində redaksiyamıza ünvanladığı məktubda bildirir.
Qarşı tərəf müraciət edərsə, onların da mövqeyini işıqlandıra bilərik.

Tehsil-press.az


Oxşar xəbərlər