Klinik, regenerator və translyasion təbabət üzrə elmi şuranın iclası keçirilib

Klinik, regenerator və translyasion təbabət üzrə elmi şuranın iclası keçirilib Fevralın 10-da Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Klinik, regenerator və translyasion təbabət üzrə elmi şurasının iclası keçirilib.
Tədbiri şuranın sədri, akademiyanın müxbir üzvü Nuru Bayramov açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb. Bildirib ki, elmi tədqiqat işləri planlarının hazırlanmasında iştirak etmək, bu planlara fundamental və perspektiv mövzuları daxil etmək, təkrar olunan mövzuları çıxarmaq, eləcə də onların maliyyələşdirilməsinin dayandırılması barədə təkliflər hazırlamaq şuranın başlıca vəzifələrindəndir. O, həmçinin elmi tədqiqatların nəticələrinin təcrübədə tətbiqi barədə elmi və ali təhsil müəssisələrindən, müvafiq nazirlik və idarələrdən məlumat almaq, onların təhlili əsasında çıxarılan nəticələri elmi tədqiqat işlərində nəzərə almağı tövsiyə etməyin də şuranın səlahiyyətləri çərçivəsində olduğunu bildirib.
İclasın gündəliyinə çıxarılan ilk məsələ tibbi tədqiqatların prioritet istiqamətlərinin təsdiqi olub. Regenerator təbabət, genomika, molekulyar biologiya, translyasion tibb, sübutlu təbabət, habelə informasiya kommunikasiya texnologiyalarının tibdə tətbiqi (süni intellekt) və s. sahələr müasir tibb elminin prioritet istiqamətləri kimi qəbul edilib və sözügedən ixtisaslar üzrə tədqiqat işlərinin aparılması qərara alınıb.
Sonra dissertasiya işlərində annotasiyaların yazılma qaydalarını əks etdirən metodik vəsaitin müzakirəsi aparılıb. N.Bayramov vurğulayıb ki, peşəkar səviyyədə annotasiya yazmağı bacarmaq öz tədqiqat işlərini beynəlxalq səviyyəyə çıxarmaq, eləcə də qrant layihələrdə iştirak etmək istəyən alimlər üçün böyük əhəmiyyət kəsb edir. Annotasiyanın elmi işlə bağlı ilkin fikir formalaşdırılmasında önəm rol oynadığını deyən N.Bayramov təcrübəli mütəxəssislər tərəfindən bu istiqamətdə doktorantlara və dissertantlara seminarlar keçirilməsinin vacibliyini bildirib. O, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə koordinasiya şuralarının səlahiyyətlərinin artırıldığını və şura üzvlərinin dissertasiya işlərinə verdiyi rəyin sözügedən qurum üçün əhəmiyyət kəsb etdiyini söyləyib, elmi rəhbərləri rəy verən zaman məsuliyyətli olmağa çağırıb.
Sonra tibb üzrə elmlər doktoru Rasim Cəfərli çıxış edərək şuraya göndərilən dissertasiya işlərində rast gəlinən başlıca problemlərin annotasiya və abstraktların yazılma qaydası ilə bağlı olduğunu söyləyib, bu istiqamətdə müvafiq tövsiyələrini verib.
Daha sonra iclasda bir sıra cari məsələlərə baxılıb.

Tehsil-press.az


Oxşar xəbərlər