Radiasiya Problemləri İnstitutunun magistrantları distant təhsilə cəlb olunublar

Radiasiya Problemləri İnstitutunun magistrantları distant təhsilə cəlb olunublar Koronavirus pandemiyasının (COVID-19) Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkədə bütün təhsil müəssisələrində tədris dayandırılıb. Magistratura təhsilinin müəyyən olunmuş qaydada keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncamın icrasını təmin etmək məqsədilə AMEA-nın Radiasiya Problemləri İnstitutunda I və II kurs magistrantlara martın 29-dan başlayaraq dərslər distant formada tədris edilir.
Elmi müəssisədə 2 ixtisas - radiasiya materialşünaslığı, təbii və fizioloji fəal maddələr kimyası ixtisasları üzrə 6 tələbə təhsil alır. Radiasiya materialşünaslığı ixtisası üzrə tədris planında nəzərdə tutulan yarımkeçiricilərin radiasiya fizikası, bərk cisimlərin fiziki xassələrinin ölçülmə metodları, spektrometrik və dozimetrik cihazlar, onları xarakterizə edən kəmiyyətlər və radiasiya təhlükəsizliyi, radiasiya qeydedici cihazların əsasları ixtisas fənləri I kursda təhsil alan magistrantlar üçün distant formada tədris olunur. Hər iki ixtisas üzrə II kurs magistrantlar isə elmi-pedaqoji rəhbərlərin iştirakı ilə distant olaraq təcrübə keçirlər. Bu məqsədlə fizika-riyaziyyat elmləri doktorları, professorlar Rauf Sərdarlı, Rəhim Mədətov, biologiya elmləri doktoru, professor Elmixan Cəfərov, fizika üzrə fəlsəfə doktorları, dosentlər Fərid Əhmədov və Əminə Mikayılova radiasiya materialşünaslığı ixtisası üzrə distant tədris prosesinə, həmçinin hər iki ixtisas üzrə elmi-pedaqoji təcrübənin keçirilməsinə cəlb ediliblər. II kurs tələbələri elmi rəhbərləri ilə əlaqə saxlayaraq dissertasiya mövzuları üzərində işlərini davam etdirirlər. Mütəmadi olaraq, AMEA-nın Elm və Təhsil Baş İdarəsinə institutda distant təhsilin gedişatı ilə bağlı məlumat verilir. Distant tədris prosesi institut rəhbərliyinin və Təhsil şöbəsinin nəzarətindədir.

Tehsil-press.az




Oxşar xəbərlər