ADNSU-da onlayn dərslərin gedişatı haqqında müzakirələr aparılıb

ADNSU-da onlayn dərslərin gedişatı haqqında müzakirələr aparılıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) videokonfrans vasitəsilə onlayn dərslərin gedişi müzakirə olunub.
Videokonfransda ADNSU-nun rektoru, professor Mustafa Babanlı koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan hökumətinin atdığı addımlar sayəsində COVID-19 infeksiyasından sağalanların sayının yoluxma hallarının sayını üstələdiyini qeyd edib. Vurğulayıb ki, ölkə rəhbərliyinin vəziyyəti düzgün qiymətləndirərək operativ qaydada önləyici tədbirlər həyata keçirməsi sayəsində respublikada koronavirus pandemiyası təhlükəli hədd almayıb. Bir sıra ölkələrlə müqayisədə, o cümlədən əhalinin nisbətinə görə, Azərbaycanda koronavirusa yoluxma hallarının vaxtında aşkarlanması üzrə testlərin sayına görə rekord göstəricilər əldə olunub ki, bu da ölkədə güclü səhiyyə sisteminin olması ilə əlaqədardır.
Ölkədə aprelin 20-dək karantin rejiminin qüvvədə olduğunu xatırladan rektor M.Babanlı 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə Prezident İlham Əliyevin karantin rejiminin davam etdirilməsi və ya yumşaldılması ilə bağlı qərarın situasiyadan asılı olaraq veriləcəyi barədə açıqlamasını xatırladıb və hər kəsi karantin qaydalarına riayət etməyə səsləyib.
ADNSU rəhbəri sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət büdcəsindən ödənilməsi barədə hökumətin verdiyi qərara toxunaraq, bu məqsədlə 40 milyon manat vəsaitin ayrılmasına dair humanist qərarın təqribən 16 min ali məktəb tələbəsinə, 6000-dək kollec və texniki-peşə məktəbinin şagirdlərinə şamil olunacağını və 2020-ci təqvim ilini tam əhatə edəcəyini bildirib. ADNSU-da ödənişli əsaslarla təhsil alan tələbələrin sayının nisbətən az olduğunu qeyd edən rektor artıq sosial baxımdan həssas əhali qrupuna aid ailələrin üzvü olan ADNSU tələbələrinin siyahısının hazırlanaraq Təhsil Nazirliyinə təqdim olunması istiqamətində işin başlandığını vurğulayıb. Bildirib ki, müvafiq kateqoriyaya aid olan və təhsil haqqını artıq ödəmiş tələbələrə ödədikləri məbləğ geri qaytarılacaq.
Qeyd edilib ki, ADNSU-da bakalavrlar üçün onlayn dərslərə martın 29-dan, magistrantlar üçün aprelin 3-dən start verilib. Martın 31-dən etibarən dərslər 100 faiz onlayn formada keçirilir. ADNSU-da yüksək standartlara cavab verən elektron universitet sistemi – Unibook fəaliyyət göstərdiyi üçün onlayn tədrisə rahatlıqla start verilib. Onlayn dərslərdə iştirak məcburi xarakter daşımır. Tələbələrin təqribən 85,5 faizi onlayn dərslərdə iştirak edib. Onlayn tədrisi qiymətləndirməsi məqsədilə keçirilmiş sorğuda iştirak edən 2258 tələbənin böyük əksəriyyəti bunu müsbət dəyərləndirib, problem olaraq isə ölkənin bəzi bölgələrində internet sürətinin zəif olması qeyd edilib.
Rektor istehsalat təcrübəsi keçən tələbələrin buraxılış işləri, imtahan prosesinin təşkili, tələbələrin biliklərinin qiymətləndirilməsi, texniki-texnoloji ixtisaslar qrupuna aid fənlər və onların saatları ilə bağlı fikirlərini də bölüşüb.
ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri, professor Araz Əliyev, Geoloji kəşfiyyat fakültəsinin dekanı Naməd Paşayev və digərləri çıxış edərək rəy və təkliflərini veriblər.
Sonda rektor M.Babanlı ADNSU-nun professor-müəllim heyətinə onlayn dərsləri keyfiyyətli həyata keçirdiklərinə görə təşəkkürünü bildirib. O, karantin rejiminin qaydalarına riayət edilməsinə dair hökumətin tövsiyələrini əməkdaşların və tələbələrin diqqətinə bir daha çatdırmağı söyləyib, Azərbaycan dövləti və xalqının koronavirus pandemiyası ilə sınaqdan uğurla çıxacağına əminliyini ifadə edib.

Tehsil-press.az

Oxşar xəbərlər