Aşqarlar Kimyası İnstitutunda onlayn müsabiqəyə start verilib

Aşqarlar Kimyası İnstitutunda onlayn müsabiqəyə start verilib AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Yeni Azərbaycan Partiyası Ərazi Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə bu elmi müəssisənin gənc alim, doktorant, dissertant və magistrantları arasında “Ən yaxşı elmi tədqiqat işi” adlı növbəti müsabiqə keçiriləcək.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü və Azərbaycan Milli Elmlər Akademiyasının 75 illiyinə həsr olunan bu elmi müsabiqə artıq 8-ci dəfə keçirilir. Müsabiqənin təşkil olunmasında məqsəd institutda çalışan gənc alim və mütəxəssislərin, təhsil alan doktorant, dissertant və magistrantların elmi-tədqiqat aparmaq vərdişlərini artırmaq, elmi tədqiqatlara daha ciddi yanaşmalarına, elmi mütəxəssis kimi yetişmələrinə, nitq qabiliyyətlərinin inkişafına kömək etməkdir.
Dosent Əfsun Sucayev qeyd etdi ki, koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunduğu üçün müsabiqəyə sənədlər onlayn rejimdə qəbul ediləcək. Müsabiqə mərhələli şəkildə təşkil olunacaq. Namizədlər aprelin 20-dən başlayaraq 10 gün ərzində son bir ildə apardıqları elmi tədqiqatların ən mühüm nəticələri ilə bağlı məruzələrini Gənc Alim və Mütəxəssislər Şurasının elektron poçt ünvanına göndərməlidirlər. Sənəd qəbulu başa çatdıqdan sonra onlayn şəkildə təqdimatlar dinləniləcək və qaliblər müəyyənləşdiriləcək. Qaliblərə diplom və pul mükafatı təqdim olunacaq.
“Əgər karantin rejimi uzadılarsa müsabiqə qaliblərinin təqdimatı “Zoom” platforması üzərindən onlayn rejimdə keçiriləcək”, - deyə Əfsun Sucayev vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər