Azərbaycan və Rusiyanın elmi-tədqiqat institutları birgə tədqiqatlara başlayıblar

Azərbaycan və Rusiyanın elmi-tədqiqat institutları birgə tədqiqatlara başlayıblar Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutu ilə Rusiya Federasiyası Elmlər Akademiyasının İrkutsk Kimya İnstitutu arasında 3 il müddətinə əməkdaşlıq müqaviləsi imzalanıb.
Aşqarlar Kimyası İnstitutunun laboratoriya müdiri, kimya üzrə elmlər doktoru, dosent Əfsun Sucayev Tehsil-press.az-a bildirib ki, tərəflər “Yeni üzvi maddələrin sintezi və funksional xassələrinin, o cümlədən antioksidləşdirici və fizioloji fəallığının tədqiqi, funksional təsir mexanizminin, həmçinin birləşmələrin tərkib və quruluşunun funksional effektinə təsiri” mövzusunda müştərək beynəlxalq tədqiqatlara başlayıblar.
Xatırladaq ki, 2019-cu ildə institutların birgə əməkdaşlığı nəticəsində bir çox uğurlu nəticələr əldə olunub. İrkutsk Kimya İnstitutunda akademik Boris Trofimovun rəhbərlik etdiyi tədqiqat qurupunun sintez etdiyi 10-a yaxın yeni maddənin Aşqarlar Kimyası İnstitutunda antioksidant aşqar kimi xassələri öyrənilib və yanacaqlara qarşı yüksək antioksidant olduğu təsdiqlənib. Hazırda yeni maddələr üzrə birgə araşdırmalar davam etdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər