Muzeydə tarixi şərbət qabları qorunur

Muzeydə tarixi şərbət qabları qorunur AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) Etnoqrafiya fondunun “müsəlman mədəniyyəti” kolleksiyasına daxil olan maraqlı materiallardan biri şərbət qablarıdır.
Xalq arasında şərbətxor adlanan bu qablar keçmişdə, əsasən, dini mərasimlərdə istifadə edilib. Şərbətxorlar zəngin bədii tərtibatına görə xalqımızın ənənəvi sənətkarlıq irsinin nadir nümunələrindəndir. Etnoqrafiya fondunda qorunan bir neçə şərbət qabı üzərindəki naxış və kitabələrin yüksək zərifliklə işlənməsi baxımından heyrətamizdir. Onlar gündəlik məişətdə deyil, məhz mərasimlərdə istifadə edildiyi üçün adətən iri tutumlu hazırlanardı. Keçmişdə məhərrəmlik mərasimlərində adətə görə məclisə daxil olan şəxs xüsusi hazırlanmış şərbət suyundan “təbərrük” kimi içərdi. Bu, bir qayda olaraq qadın məclislərinə aid idi. İnanca görə şərbət suyunu içmək təziyə məclisinin xeyir-bərəkətindən irəli gələrək, mənəvi və fiziki xəstəliklərin sağalma vasitəsi və savab hesab edilirdi. Bəzi fikirlərə görə, adətən şərbət suyu müşkülün həll edilməsi niyyətilə nəzir edilər və şərbət qablarında paylanardı. Bu ayinə Azərbaycanın bir çox bölgələrində, xüsusən Lənkəran-Astara bölgəsinin bəzi kəndlərində indi də rast gəlmək olur.
Qeyd edilib ki, döymə üsulu ilə hazırlanan şərbət qabları əsasən misdən, bəzi hallarda saxsıdan olmaqla müxtəlif ölçü və tərtibatdadır. Şərbət qablarının üzərində cızma üsulu ilə incə nəbati naxışlar və ərəb, fars dillərində nəsx xətti ilə “əhli-beyt”in adları, Kərbəla faciəsi haqqında mərsiyələr və başqa dini məzmunlu yazılardan parçalar həkk edilib. Fonddakı bu materiallar XIX əsr Azərbaycan etnoqrafiyasını və maddi-mənəvi mədəniyyətini öyrənmək baxımından əhəmiyyətlidir.

Tehsil-press.az

Oxşar xəbərlər