İlham Axundov: Pandemiya dövründə Azərbaycanda onlayn rejimə çevik şəkildə keçən sahələrdən biri də təhsil oldu

İlham Axundov: Pandemiya dövründə Azərbaycanda onlayn rejimə çevik şəkildə keçən sahələrdən biri də təhsil oldu Hazırda o, Vaterlo Universitetinin riyaziyyat fakültəsinin Riyaziyyat və biznes proqramları direktorudur. Ehtimal nəzəriyyəsi və riyazi statistika sahəsində azərbaycanlı ekspert, üç dərslik və 30-dan çox elmi məqalənin müəllifidir. Söhbət ADA Universitetinin qonaq professoru İlham Axundovdan gedir.
1999-cu ildə ABŞ Dövlət Departamenti tərəfindən dünya alimləri üçün nəzərdə tutulan nüfuzlu “Fulbrayt Alimlər üçün Təqaüd Proqramı”ını (“Fulbright Scholar Program”) qazanması İlham Axundovun Amerika Birləşmiş Ştatlarına (ABŞ) yolunu açıb. 2007-ci ildən etibarən professor İlham Axundov karyerasını Kanadanın dünya şöhrətli Vaterlo Universitetinin Riyaziyyat fakültəsində davam etdirir. İlham Axundov vətəndən kənarda təkcə elmi fəaliyyətlə məşğul olmur. O, həm də “Kanada-Azərbaycan” Əməkdaşlıq Assosiasiyasının prezidentidir.
2016-cı ildə elmi, pedaqoji və diaspor fəaliyyətinə görə İlham Axundov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib. 2017-ci ildə Vaterlo Universitetində ilin yekunlarına görə “Ən yüksək fəaliyyət” mükafatına layiq görülüb.
-Siz 20 ildir ki, Azərbaycandan kənarda yaşayırsınız. Lakin pandemiya dövrünü Azərbaycanda keçirirsiniz. Azərbaycanda tətbiq edilən karantin rejimində distant təhsili başqa ölkələrlə müqayisədə necə dəyərləndirərsiniz?
-Qəribə bir təsadüf oldu. Mən həm pandemiyanı, həm də onlayn təhsilə keçidi Azərbaycanda – Vətəndə keçirirəm. Bu fürsətdən istifadə edərək müəyyən müqayisəli analizlər aparmışam. Onlayn tədrislə bağlı apardığım müşahidələr göstərdi ki, bu tədris növünün üstünlükləri və çətinlikləri dünyanın əksər ölkələrinin universitetləri üçün eyni oldu. Daha hazırlıqlı, çevik universitet və təşkilatlar onlayn rejimə asan keçə bildilər. Buna hazır olmayanların isə iş prosesində çətinlikləri yarandı, hətta bəziləri sadəcə işçilərini məzuniyyətə göndərməklə işlərini dayandırmaq məcburiyyətində qaldılar. Biz bunu da anlayışla qarşılamalıyıq. Çünki belə keçid prosesləri çox qısa bir vaxtda qurula bilmir, zaman tələb edir. Azərbaycanda onlayn rejimə çevik şəkildə keçən sahələrdən biri də təhsil oldu. Orta və ali məktəblərdə müxtəlif onlayn platformalardan istifadə etməklə tədris davam etdirildi və inanıram ki, nəticə müsbət olacaq.
-ADA Universiteti bu prosesi necə keçdi?
-ADA Universitetində demək olar ki, dərslər bir gün belə dayandırılmadı. Tədrisin idarə olunması üçün ADA-da artıq bütün təsisatlar hazır idi. Çünki ADA Universitetində pandemiyadan əvvəl də tədrisin müəyyən komponentləri onlayn şəkildə tətbiq olunurdu. Bu təcrübə imkan verdi ki, rəqəmsal vasitələrdən istifadə edilərək onlayn tədrisə keçid daha çevik aparılsın. ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevin AZƏRTAC-da yayımlanan “Təhsilimizdə rəqəmsal texnologiyaların tətbiqi” sərlövhəli məqaləsində universitetin rəqəmsal aktivləri barədə ətraflı məlumat verilib. Məqalədə qeyd olunur ki, əldə olunmuş “Banner” tələbə məlumat sistemi və “Blackboard” tədrisin idarəedilməsi proqramlarının köməyi ilə bütün tədris prosesi (qəbul prosesindən başlamış məzuniyyətə qədər) maliyyə, insan resursları, təchizat avtomatlaşdırılıb.
Bütün bunların köməyi ilə müxtəlif statistik analizlər apararaq hesabatların hazırlanması da asanlaşır. ADA Universitetinin 2015-ci ildə hazırlanmış onillik Strateji Planında da Universitetin gələcəyinə doğru çox böyük bir mənzərə formalaşdırılıb.
Rektor Hafiz Paşayevin rəhbərliyi altında artıq bir ildir ki, ADA Universitetində çalışıram və özümü çox şanslı hiss edirəm. Mən ondan çox şey öyrəndim. Ünsiyyətdə olduğum prorektorlar, fakültə dekanları və həmkarlarımın hamısında ADA-nı hədəflərinə çatdırmaq üçün böyük fədakarlıq və yüksək professionallıq gördüm.
Hazırda ADA Universiteti infrastruktur, insan resursları və rəqəmsal aktivlərin inkişafında dünyanın aparıcı universitetləri ilə müqayisə oluna biləcək səviyyədədir. Fürsətdən istifadə edib ADA ailəsinə uğurlarının davamını arzulayıram!
-Onlayn və əyani təhsil – biliyin ötürülməsi və qiymətləndirilmə baxımından tələbə üçün hansı faydalıdır?
-Mən düşünürəm ki, biliklərin ötürülməsi ənənəvi və onlayn təhsildə müxtəlif olmalıdır. Onlayn dərs auditoriyada keçilən mühazirələrin internet vasitəsilə tələbələrə ötürülməsi demək deyil. Vaterlo Universitetində bir neçə il əvvəl bir araşdırma apardım. Dərs dediyim 200 nəfərlik bir qrupu iki yerə ayırıb dərsləri qonşu otaqlarda keçdim. Hər dəfə mən növbə ilə qruplarda canlı mühazirə oxuyurdum və bu zaman digər qrupa videomühazirəm verilirdi. Təcrübə iki il davam etdi, lakin araşdırmalar göstərdi ki, bu metod effektiv deyil və dayandırıldı. Onlayn tədrisdə mühazirələr tələbələrə daha effektiv keçilə bilər. Bunun üçün müəllimdən novatorluq tələb olunur. Şübhəsiz ki, bu prosesdə müəyyən təlimlərə də ehtiyac var.
Qiymətləndirmə Azərbaycanda çox həssas nöqtələrdən biridir. Mən bu istiqamətdə ADA Universitetinin təcrübəsinin öyrənilməsini tək Azərbaycan universitetlərinə deyil, bu problemi yaşayan dünya universitetlərinə də tövsiyə edərdim. ADA Universiteti əldə etdiyi onlayn platformalar və yeni texnologiyaların köməyi ilə imtahan verən tələbələrin yerləşdiyi məkana tam nəzarət edə bilir. İmtahan verilən məkan yoxlanılır, bütün imtahan prosesi video qeydiyyata alınır və müəyyən müddət saxlanılır. Burada başqa bir faktor da var: ADA ailəsinə daxil olan hər yeni tələbə “ADA icmasının” yazdığı qaydalara əməl edəcəyinə and içir, buna “Şərəf kodeksi” deyilir. Əgər imtahan və ya digər vəziyyətlərdə “Şərəf kodeksi” pozularsa cəza tətbiq olunur və bu cəza diploma əlavə verilən qiymətlər cədvəlində əks olunur. Kanadada bu proses orta məktəbdən başlayır. Orada hətta aşağı sinif şagirdləri nəinki bir-birindən köçürməyə, internetdən istinadsız cümlə istifadə etməyə cürət etmirlər. Bu akademik dürüstlük mədəniyyətini biz də Azərbaycanın şagird və tələbələrinə aşılamalıyıq.
-Azərbaycan elminin iqtisadiyyata töhfəsi istiqamətində öz sahəniz üzrə hansı tövsiyələri verərdiniz?
-Mən Vaterlo Universitetində Riyaziyyat-biznes Proqramları Departamentinə rəhbərlik edirəm. 6 ixtisas üzrə 3000 tələbəni əhatə edən bu bölmədə təhsil alan tələbələr biznes təcrübələri ilə yanaşı, dərin riyazi bacarıqlara da malikdirlər. Bu gün maliyyə, sığorta, iqtisadiyyat, risklərin idarə edilməsi kimi sahələrdə riyazi və statistik metodlar ortaya çıxır. Buna görə də biz “Quant” hazırlığına daha çox fikir verməliyik. “Quant” müasir maliyyə sahəsində yüksək riyazi və statistik bacarıqlara malik mütəxəssislərdir. Düşünürəm ki, riyazi-statistik modellərin iqtisadiyyata və maliyyəyə tətbiqi Azərbaycan üçün çox faydalı ola bilər.
-Kanadadakı elmi infrastrukturun hansı cəhətlərini Azərbaycanda görmək istərdiniz?
-Kanadada elmi infrastruktur universitetlərdə toplanıb. Universitet reytinqlərində araşdırmalar ən önəmli komponentdir. Hər bir universitet professorunun fəaliyyəti 3 hissədən – tədris, tədqiqat və universitetə administrativ xidmətdən ibarətdir. Doktorant və magistrantlara rəhbərlik də araşdırma komponentlərinə aid edilir. ADA Universitetində mən önəmli araşdırmaların aparıldığını gördüm, amma mən çox istərdim ki, bütün Azərbaycan universitetləri bu istiqamətdə çalışsınlar.
-COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan təcrübəsi nümunə göstərilir. Siz bu baxımdan nəyi qeyd edərdiniz?
-Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah yaranandan bu günə qədər mən prosesi diqqətlə izləyirəm. Başqa ölkələrin bu sahədə təcrübələrini də öyrənirəm. Pandemiya dövründə Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar onun xalqımıza göstərdiyi hədsiz qayğının bir daha bariz nümunəsi oldu. Belə çətin anlarda insanlar liderlərinə baxırlar və Liderin qətiyyəti qələbənin əsasını təşkil edir. Baş verə biləcək çətinliklərə baxmayaraq, Prezidentimiz vətəndaşlarımızın sağlamlığını ön plana çəkdi və bunun üçün bütün mümkün vasitələrdən istifadə etdi. Çətin və bəlli olmayan bir şəraitdə qəbul edilən qərarların sonradan tam həqiqət olmasını görəndə sözsüz ki, qürur duyuram. Azərbaycan pandemiya dövründə həm də model təşkil edən təşəbbüskar ölkəyə çevrildi.
Azərbaycan dövləti pandemiya dövründə vətəndən kənarda olan vətəndaşlarının da yanında oldu, onların vətənə qaytarılması üçün mühüm addımlar atıldı.
-Bu gün bir çox ölkədə COVID-19 ilə bağlı vaksin hazırlanır və sınaqlar keçirilir. Vaksinin tapılması barədə müxtəlif müddətlər göstərilir. Bununla bağlı Sizin fikrinizi bilmək maraqlı olardı.
-Mən tibb mütəxəssisi deyiləm, amma bir riyaziyyatçı-statistik kimi əvvəlki təcrübələrə əsaslanaraq bu vaxtı proqnozlaşdıra bilərəm. Hazırda 80-ə yaxın biotexnoloji şirkət və akademik institut vaksin hazırlamaq üçün yarışır. Bunlardan 5-i artıq hazırladıqları vaksinləri insanlar üzərində sınaqdan keçirirlər. Düşünürəm ki, vaksin özü tez tapılacaq, lakin onun təsdiqi və kütləvi tətbiqi zaman alacaq. Biz yəqin ki, vaksini pandemiya zirvəyə qalxıb enəndən sonra əldə edəcəyik, amma yenə də çox insan həyatı xilas olacaq. O vaxtadək ən yaxşı çıxış yolu xəstəliyin yayılmasının qarşısını mümkün qədər almaqdır.
-Siz həm də “Kanada-Azərbaycan” Əməkdaşlıq Assosiasiyasının prezidentisiniz. Assosiasiyanın gördüyü işlər barədə məlumat verərdiniz.
-Kanadaya ilk getdiyim dönəmlərdə Azərbaycanın Kanadada səfirliyi yox idi. Kanada və Meksika Amerika Birləşmiş Ştatlarındakı səfirliyimizin nəzarətində idi. Amma Biz ABŞ-dakı səfirliyimizə dəstək olmaq üçün bu Assosiasiyanı yaratdıq. Fəaliyyətimizi 4 istiqamət üzrə - siyasi, iqtisadi, sosial və təhsil üzrə qurduq. Fəaliyyətimiz artıq Kanada dövləti tərəfindən də ciddi qəbul olunurdu. Belə ki, Kanadanın o dövrdəki Baş naziri Azərbaycan diaspor nümayəndələrinin bir qrupunu qəbul etdi. Görüşdə Kanada-Azərbaycan icmasının vəziyyəti, Azərbaycan sərhədlərinin pozulması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi və Kanadanın Azərbaycanda səfirliyi məsələləri müzakirə olundu.
Təhsil sahəsində də Kanada-Azərbaycan münasibətlərinin inkişafına nail olduq. Kanadadan çoxlu sayda təhsil mütəxəssisi Azərbaycana gələrək Azərbaycan universitetləri üçün təlimlər təşkil etdilər. Azərbaycanda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” qəbul olunduqdan sonra biz Azərbaycana gəlirdik və burada tələbələri imtahan edirdik.
-Maraqlı söhbət üçün təşəkkür edirik.

Tehsil-press.az

Oxşar xəbərlər