Şahvələd Xəlilovun 80 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib

Şahvələd Xəlilovun 80 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib Oktyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Yer Elmləri Bölməsinin, Coğrafiya İnstitutunun Elmi şurasının və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə AMEA-nın müxbir üzvü, coğrafiya üzrə elmlər doktoru Şahvələd Xəlilovun 80 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib.
Tədbiri giriş sözü ilə açan Yer Elmləri Bölməsinin akademik katibi, akademik Fəxrəddin Qədirov iştirakçıları elmi şuranın gündəliyi ilə tanış edib. Elmi sessiyanın mövzusu haqqında məlumat verən Fəxrəddin Qədirov bildirib ki, Şahvələd Xəlilov Azərbaycanda coğrafiya elminin inkişafı istiqamətində xeyli iş görüb.
Akademik Ramiz Məmmədov “Şahvələd Xəlilov: hidroloq-ekoloq alim” mövzusunda məruzə edib. O bildirib ki, Şahvələd Xəlilovun əsas elmi fəaliyyət istiqaməti Azərbaycanın su anbarları və göllərinin hidroloji xüsusiyyətləri, su anbarlarının lillənməsi və sahillərinin dinamikası, su təsərrüfatı tədbirlərinin, o cümlədən su anbarlarının ətraf mühitə təsiri, onların mühafizəsi, səmərəli istifadəsi problemlərinin tədqiqi olub. Alim Azərbaycan coğrafiyaçıları arasında ilk dəfə yeni su anbarlarının səmərəli yerləşdirilməsinin əsas ekoloji-coğrafi prinsiplərini işləyib hazırlayıb, mövcud su anbarlarının ətraf mühitə neqativ təsirlərinin, o cümlədən onların lillənməsi və sahillərinin dinamikasının intensivliyi proqnozunu verib.
Ramiz Məmmədov qeyd edib ki, Şahvələd Xəlilov Azərbaycanın ekoloji-coğrafi problemlərinə həsr olunmuş dəyərli tədqiqatlar müəllifidir.
“Şahvələd Xəlilovun həyatı, elmi və pedaqoji fəaliyyəti” mövzusunda məruzə edən dosent Habil Haqverdiyev alim haqqında ətraflı məlumat verib. O bildirib ki, Şahvələd Xəlilov Azərbaycanda hidrologiya və ekologiya sahəsində fundamental və tətbiqi elmi tədqiqatların aparılmasında önəmli rol oynamış dəyərli alimdir. Onun respublikanın gölləri və su anbarlarının mühafizəsi və səmərəli istifadəsi üzrə apardığı tədqiqatların elmi nəticələri su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi üzrə baş sxemin tərtibində istifadə edilib. Alimin 20 il ərzində daimi aparıcısı olduğu “Səyahət” və “Sovet Azərbaycanına səyahət” verilişləri coğrafi biliklərin yayılmasına, milli ekoloji mədəniyyətin yüksəlməsinə və təbiətə vətənpərvərlik münasibətlərinin düzgün istiqamətləndirilməsinə müsbət təsir göstərib.
Akademik Qərib Məmmədov, Bakı Dövlət Universitetinin professorları Şövqi Göyçaylı, Tapdıq Həsənov, alimin tələbə yoldaşı, şair Oktay Zəngilanlı çıxışlarında Şahvələd Xəlilov haqqında xatirələrini bölüşüb, onun yüksək insani keyfiyyətlərindən danışıblar. Alimin Azərbaycan coğrafiya elminə verdiyi töhfələrdən bəhs ediblər.
Sonda Şahvələd Xəlilovun oğlu Eldar Xəlilov ailəsi adından çıxış edərək atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər