Memarlıq ixtisasını seçən abituriyentlərin qabiliyyət imtahanı başlayıb

Memarlıq ixtisasını seçən abituriyentlərin qabiliyyət imtahanı başlayıb Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2020/2021-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə (I qrup) qabiliyyət imtahanı başlayıb.
İmtahanın ilk günündə 55 abituriyent qeydiyyatdan keçib. Qabiliyyət imtahanına Dövlət İmtahan Mərkəzinin (DİM) məsul nümayəndələri Səbinə Vəliyeva, Fatimə Məmmədova, Fərəh Aslanova, eləcə də universitetin Memarlıq fakültəsinin müəllimləri nəzarət edirlər.
Universitetin idman zalında təşkil olunan imtahan prosesində tələbələrin təhlükəsizliyi üçün bütün profilaktik tədbirlər görülüb, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (əlcək, tibbi maska) təmin olunması həyata keçirilib. Binaya daxil olan abituriyentlərin əvvəlcə elektron termometrlə bədən hərarətləri ölçülüb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunduqdan sonra maska taxaraq imtahan zalına buraxılıblar. Zalda iştirakçılar sosial məsafə gözlənilməklə 10 nəfərlik qruplar şəklində yerləşiblər. İmtahan tapşırığını yerinə yetirmək üçün abituriyentlərə 4 saat vaxt verilib.
Xatırladaq ki, 1-ci qrupda memarlıq ixtisası üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün ümumilikdə 229 abituriyent DİM-in saytında qeydiyyatdan keçib. Qabiliyyət imtahanının nəticələrindən narazı qalan abituriyentlərin şikayətlərini araşdırmaq üçün AzMİU-da Münaqişə komissiyası yaradılıb. Abituriyentlərin tapşırıqları memarlıq ixtisası üzrə ali təhsil müəssisələrinin mütəxəssisləri, yaradıcılıq ittifaqlarının üzvləri və DİM-in əməkdaşları tərəfindən qiymətləndiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər