Qafqazşünaslıq İnstitutunun əməkdaşlarının beynəlxalq onlayn elmi simpoziumda məruzələri dinlənilib

Qafqazşünaslıq İnstitutunun əməkdaşlarının beynəlxalq onlayn elmi simpoziumda məruzələri dinlənilib Qafqazşünaslıq İnstitutunun əməkdaşları Gürcüstanın Qori Dövlət Pedaqoji Universitetində “Qafqazda sülh axtarışları” mövzusunda keçirilən beynəlxalq onlayn elmi simpoziumda iştirak ediblər.
Beynəlxalq simpozium Türkiyənin 19 May Universiteti, Gürcüstanın Qori Dövlət Pedaqoji Universiteti və Samtsxe-Cavaxeti Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. Konfransın Elmi Komitəsinin tərkibinə Azərbaycandan Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Musa Qasımlı, Ukraynadan Kiyev Milli Universitetinin professoru Fərhad Turanlı, Türkiyənin 19 May Universitetinin professoru Nedim İpek, Polşanın Milli Yaddaş İnstitutunun professoru Pavel Libera və Qori Dövlət Pedaqoji Universitetinin professoru Otar Canalidze daxil olub.
Professor Musa Qasımlının sədrliyi ilə keçirilən bölmə iclasında o, “Cənubi Qafqazdakı münaqişələrə Rusiya, Türkiyə və İranın yanaşması” mövzusunda məruzə edib. Müzakirələrdə çıxış edən professorlar Roin Kavrelişvili, Omar Ardaşelia, Kaxa Kvaşilava, Fərhad Turanlı, İbrahim Tellioğlu və başqaları məruzəni yüksək qiymətləndirib və Azərbaycanın işğalçı Ermənistan üzərində parlaq qələbəsi münasibətilə xalqımızı təbrik ediblər. Gürcüstan alimləri Azərbaycanın qələbəsini həm də gürcü xalqının qələbəsi kimi qiymətləndiriblər.
Bölmə iclasında Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadənin “İran İslam Respublikasının Qafqaz siyasətində Ermənistanın yeri və rolu”, şöbə müdiri Günel Musayevanın “Ermənistanın Azərbaycanın neft-qaz kəmərlərinə hücum cəhdi”, institutun əməkdaşı Samirə Həbibbəylinin “Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Cənubi Qafqazda sabitlik amili kimi”, Dağıstandan professor Ruslan Seferbekovun “XX əsrin 80-ci illərində - XXI əsrin əvvəllərində Dağıstan kəndində mədəniyyət və məişətin transformasiyası” mövzularında etdikləri məruzələr maraqlı qarşılanıb. Sonra çoxlu suallar verilib və geniş müzakirələr keçirilib.
Qeyd edək ki, simpoziumda Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Polşa və Rusiyadan 35-dən çox alim və tədqiqatçı iştirak edib.

Tehsil-press.az

Oxşar xəbərlər