Dilçilik İnstitutunun illik hesabatı dinlənilib

Dilçilik İnstitutunun illik hesabatı dinlənilib Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib. İclasda institutunun 2020-ci il üçün illik hesabatı dinlənilib.
İclasda çıxış edən müəssisənin direktoru, akademik Möhsün Nağısoylu tədqiqat işlərinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı olduğunu deyib.
M.Nağısoylu diqqətə çatdırıb ki, cari ildə institutda Toponimika sektoru yaradılıb. Orfoepiya normaları hazırlanıb və Nazirlər Kabinetinə göndərilib. Orfoepiya lüğətinin çapa hazırlanması üçün işçi qrupu fəaliyyətə başlayıb.
Sonra institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva 2020-ci ildə görülən işlər barədə geniş hesabatla çıxış edib. O bildirib ki, bu il institutda 16 kitab, 9 monoqrafiya, 239 məqalə (189-i ölkə daxilində, 50-i xaricdə, o cümlədən 4-ü impakt faktorlu jurnalda) dərc olunub.
Aynel Məşədiyeva qeyd edib ki, hesabat ilində institutun 12 şöbəsində 1 istiqamət üzrə, 12 problem, 16 mövzu, 120 iş yerinə yetirilib. İl ərzində 4 mövzu və 56 iş tamamlanıb.
O bildirib ki, 2020-ci ildə Dilçilik İnstitutunun ən böyük uğurlarından biri də Azərbaycana aid coğrafi adların ingilis və rus dillərinə transliterasiyası qaydalarının və Azərbaycan dilindən rus, ingilis, fransız, italyan, ispan, alman, fars dillərinə transliterasiya standartlarının hazırlanmasıdır. Bu strateji əhəmiyyətli lahiyələrin hazırlanmasında hind-Avropa dilləri şöbəsinin müdiri, professor İlham Tahirov və həmin şöbənin aparıcı elmi işçisi, dosent Gülşən Axundovanın böyük əməyi olub. Azərbaycana aid coğrafi adların rus dilinə transliterasiya qaydaları dosent Gülşən Axundova, ingilis dilinə transliterasiya qaydaları isə professor İlham Tahirov tərəfindən hazırlanıb.
Elmi katib vurğulayıb ki, institutun fəaliyyətini virtual aləmdə əks etdirən dilcilik.az saytı fəaliyyət göstərir. İnstitutda keçirilən tədbirlər, görüşlər, baş verən mühüm hadisələr haqqında xəbərlər hazırlanır, fotoçəkilişlər aparılır və saytda yerləşdirilir.
İclasda, həmçinin institutda keçirilmiş konfranslar, sessiyalar, seminarlar və yubileylər haqqında məlumatlar diqqətə çatdırılıb.
Daha sonra professor İsmayıl Məmmədli, elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, dosentlər Kifayət İmamquliyeva, Təranə Şükürlü, Elçin İbrahimov hesabatla bağlı fikirlərini bildiriblər.
İclasda çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla institutun illik hesabatını çox yüksək qiymətləndirib. Akademik qeyd edib ki, Azərbaycan Ordusunun böyük zəfərindən sonra Qarabağ ərazisində Dilçilik İnstitutu böyük işlər görməlidir. Adları dəyişdirilmiş toponimlərin bərpası, düzgün yazılışı, sənədləşdirilməsi vacib məsələlərdən biridir. Dilçi alimlər həmin ərazilərdə elmi ezamiyyətdə olmalıdırlar.
Kamal Abdulla vurğulayıb ki, bu il Dilçilik İnstitutunda kifayət qədər iş görülüb. Bunlar göstərir ki, institutda peşəkar kadrlar fəaliyyət göstərir.

Tehsil-press.az

Oxşar xəbərlər