Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinə həsr olunan elmi konfrans

Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinə həsr olunan elmi konfrans Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 100 illik yubileyinə həsr olunan Respublika elmi-praktik konfransı keçirilib.
Onlayn konfransda UNEC-in Elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov tədbirin Prezident İlham Əliyevin “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından irəli gələn tədbirlər planı çərçivəsində keçirildiyini bildirib. ADNSU-nun tarixinə qısa nəzər salan professor S.Yaqubov, bu ali təhsil müəssisəsinin tələbə və məzunları arasında tanınmış ictimai-siyasi xadimlərin, alimlərin, iş adamlarının olduğunu diqqətə çatdırıb.
AMEA-nın müxbir üzvü, professor Akif Musayev “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin keyfiyyətli kadr hazırlığında rolu” mövzusunda çıxış edib. Professor bu ali məktəbin keçmiş SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrindən biri olaraq yüksəkixtisaslı kadrlar hazırlığında mühüm rol oynadığını bildirib. O, ADNSU-nun yeni inkişaf dövrü yaşadığını, universitetdə yerli və xarici əmək bazarında yüksək potensiala sahib peşəkar mütəxəssislər hazırlandığını, elm, təhsil və istehsalın məhsuldar vəhdətinə nail olunduğunu vurğulayıb.
Sonra UNEC-in professorları Rövşən Quliyev, Arzu Hüseynova məzunu olduqları ADNSU-nun tarixi nailiyyətlərindən, əmək bazarındakı rolundan danışıblar. Bu ali təhsil ocağında neft-qaz sahəsi ilə yanaşı, müasir sənaye istiqamətləri, həmçinin informasiya texnologiyaları, energetika, neft-mexanika, kimya texnologiyaları üzrə mütəxəssislər hazırlandığını qeyd ediblər.
Konfrans müzakirələrlə davam edib. ADNSU-nun məzunları olan UNEC professorları Mirələm Həsənli, Rasim Həsənov, Gülnisə Abbasbəyli, Yaşar Kəlbiyev tələbəlik illəri barədə xatirələrini bölüşüblər.
Sonda professor Sakit Yaqubov ADNSU-nun 100 illik yubileyi münasibətilə universitetin kollektivinə təbrik ünvanlayaraq, zəngin tarixi olan bu ali təhsil ocağına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər