Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunmuş respublika elmi- praktik konfransı keçirilib

Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunmuş respublika elmi- praktik konfransı keçirilib Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyev yazıçı, dramaturq, tərcüməçi, publisist kimi olduqca zəngin bir irs qoyub getmiş, onun bu mənəvi sərvətləri xalqımızın ədəbi- bədii, elmi- pedaqoji, ictimai- siyasi fikir tarixinə qızıl hərflərlə həkk olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev nadir istedad sahibinin ədəbi irsinin yenidən öyrənilməsinin vacibliyini, onun milli düşüncəmizin inkişafında xidmətlərinin müəyyənləşdirilməsini zəruri hesab edərək böyük sənətkarın anadan olmasının 150 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi üçün 31 yanvar 2020- ci il tarixdə sərəncam imzalamışdır. Sərəncamı və sərəncamın icrası ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planını nəzərə alaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə 28 yanvar 2021-ci il tarixdə onlayn formatda “Maarifçi-demokratik və realist ədəbiyyatın görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyev” Respublika elmi-praktik konfransı keçirilmişdir.
ADPU- nun rektoru, professor Cəfər Cəfərov belə bir konfransın keçirilməsinin əhəmiyyətini vurğulamış, təşkilatçılara təşəkkür edərək bildirmişdir ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist, teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr olunmuş bu elmi tədbirin keçirilməsi bizim mənəvi borcumuz və böyük sənətkara dərin ehtiramımızdır. Rektor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamını yüksək qiymətləndirmiş, Ə.Haqverdiyevin adının UNESKO- nun 2020- 2021- ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsini mühüm hadisə kimi qeyd etmiş, çoxəsrlik ədəbiyyatımızın parlaq siması olan ədibin mənəvi sərvətlərimizi və ali ümumbəşəri dəyərləri özündə təcəssüm etdirən humanist ruhlu yaradıcılığının lazımınca və yüksək qiymətləndirilməsinin aydın təzahürü olduğunu konfrans iştirakçılarının nəzərinə çatdırmışdır.
Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova “Ə.Haqverdiyevin əsərlərində dialektizmilər və onların ümümtürk dilinə qarşılıqlı inteqrasiyası” mövzusunda məruzəsində Ə.Haqverdiyevin ədəbi dilimizin lüğət tərkibinin zənginləşməsində rolu və orijinallığı, əsərlərində leksik- semantik kateqoriyalardan məharətlə istifadə etməsi, özünəməxsus məcazlar sistemi, frazeoloji vahidlərin yaradılmasında novatorluğu, bədii ifadə vasitələri və s. məsələlərə geniş yer verməsindən söhbət açmış, yazıçının bədii əsərlərində söz xəzinəsinin bütün qollarına, eləcə də emosional leksikadan, danışıq- məişət leksikasından, dialektizmlərdən məharətlə istifadə etməsini bədii mətnlərdən gətirdiyi maraqlı nümunələrlə sübuta yetirmişdir.
Professor M.Hüseynovanın məruzəsində diqqəti cəlb edən əsas amillərdən biri də Ə.Haqverdiyevin əsərlərində aşkar etdiyi dialektizmlərin ancaq milli dilimizin lüğət tərkibinin zənginləşməsindəki rolu deyil, həm də ümumtürk dilinə qarşılıqlı inteqrasiyası məsələsi də ayrıca tədqiq olunmuş və elmi təsdiqini tapmışdır. Alimin məsələ ilə bağlı irəli sürdüyü elmi tezislər məruzənin dəyərini daha da artırmışdır.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İslam Qəribli “Ə.Haqverdiyevin irsinin öyrənilməsinə yeni baxış” mövzusunda məruzəsində Ədəbiyyat İnstitutunda Ə.Haqverdiyevin həyatı və fəaliyyəti, bədii irsi ilə bağlı hazırlanmış on iki bölmədən ibarət monoqrafiya haqqında ətraflı məlumat vermiş, bu elmi əsərin müasir ədəbiyyatşünaslığın tələbləri nöqteyi- nəzərindən əhəmiyyətini və yüksək səviyyədə hazırlandığını bildirmişdir.
Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədov “Əbdürrəhim bəy Haqverdiyev Tiflis ictimai- ədəbi mühitində” adlı məruzəsində böyük sənətkarın Tiflisdə Şəhərlər İttifaqının Qafqaz şöbəsində fəaliyyəti, Gürcüstan Demokratik Respublikası parlamentinin və onun Mərkəzi Şurasının, həmçinin Gürcüstan Müsəlmanları Milli Şurasının üzvü seçilməsi, Borçalı qəzasında yerli idarə etmə məclisinin komissarı vəzifəsini icra etməsi və s. barədə ətraflı məlumat vermişdir.
Filologiya üzrə fəlsəfə doktoru Yeganə Qasımova “Ə.Haqverdiyevin bədii nəsrində folklor motivləri” mövzusunda məruzəsində yazıçının realist satirik nəsrin, xüsusilə də hekayəçiliyin yaranması sahəsində xidmətlərindən bəhs etmiş, ədibin xalq yaradıcılığına, milli folklora marağının onun əsərlərinin bənzərsizliyini daha da artırdığını vurğulamışdır. Məruzəçi bədii mətndən gətirdiyi nümunələrlə sənətkarı orijinal bədii sənət nümunələrinin müəllifi kimi yüksək dəyərləndirmişdir.
ADPU- nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov konfransın bağlanış nitqində Azərbaycan xalqının ədəbi- bədii və ictimai- mədəni fikir xəzinəsinə yüksək dəyəri olan əsərlər bəxş etmiş qüdrətli söz ustası Əbdürrəhim bəy Haqverdiyevin ədəbi irsinin bu gün də aktual olduğunu, böyük sənətkarın həyat və yaradıcılığının azərbaycançılıq ideologiyası baxımından tədqiq olunmasının vacibliyini vurğulamış, ədibin irsinin bir qisminin yenidən araşdırılmasına ehtiyac duyulduğunu bildirmişdir. Qeyd etmişdir ki, sovet dövrü ədəbiyyatşünaslığı Azərbaycan ədəbiyyatşünaslıq elminin hərtərəfli inkişaf mərhələsi hesab olunsa da sovet hakimiyyəti illərində ədəbiyyatşünaslıq sahəsində yazılmış əsərlərdə həmin dövrün hakim ideologiyasının müəyyən dərəcədə təsiri danılmaz həqiqətdir.
Professor Asəf Zamanov konfransda təqdim edilən məruzələrin ADPU-nun dövri-elmi jurnallarında dərc olunacağını diqqətə çatdırmış və konfrans iştirakçılarına universitet rəhbərliyi adından təşəkkür etmişdir.

Tehsil-press.az



Oxşar xəbərlər