Tədris prosesinin interaktiv imkanlarla zənginləşdirilməsində Azərbaycan Təhsil Şəbəkəsi mühüm rol oynayır

Tədris prosesinin interaktiv imkanlarla zənginləşdirilməsində Azərbaycan Təhsil Şəbəkəsi mühüm rol oynayır Müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən, ölkənin təhsil sahəsində ən böyük daxili şəbəkəsi olan Azərbaycan Təhsil Şəbəkəsinin əhatə dairəsi genişləndirilib.
İcrasına 2008-ci ildə başlanılmış layihə hazırda ölkə üzrə 4140 təhsil müəssisəsini əhatə edir. Azərbaycan Təhsil Şəbəkəsi tədris prosesində innovativ yanaşma və mexanizmlərin tətbiqi üçün geniş imkanlar yaradır. Belə ki, şəbəkəyə qoşulmuş təhsil müəssisələri sürətli və təhlükəsiz internetə çıxışla təmin edilir, geniş elektron təhsil resurslarından yararlanır və internet şəbəkəsi üzərindən İP telefoniya, videokonfrans kimi rabitə imkanlarından faydalana bilir. Həmçinin təhsil şəbəkəsi tədris prosesində nəzarət və qərarvermənin rəqəmsallaşdırılmasına şərait yaratmış olur.
İnternetin təhsilə inteqrasiyası nə qədər faydalı və labüd olsa da, doğru istifadə olunmadıqda mənfi təzahürlərə yol aça və hətta təhsilalanların psixoloji inkişafı üçün təhdidlər yarada bilir. Belə ki, sərhədsiz məlumat mənbəyi olan internetdə təhsil və inkişaf yönümlü məlumat və resurslarla yanaşı, təəssüf ki, zərərli, qeyri-etik, arzuolunmaz və xüsusən də uşaq psixologiyası üçün yolverilməz məzmun da mövcuddur. Məhz bu səbəbdən internetdən məktəblilərin istifadəsi zamanı zəruri müdafiə mexanizmlərin tətbiqi Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində aktual məsələlərdən biridir. Şəbəkə çərçivəsində təhsil sisteminin İKT təchizatının yaxşılaşdırılması ilə yanaşı, təqdim edilən internet avtomatik rejimdə bütün növ zərərli və tədris prosesinə aid olmayan məzmunlardan təmizlənərək təhsilalanların ixtiyarına verilir və beləliklə, şagirdlər onlayn mühitin arzuolunmaz təsirlərindən mühafizə olunurlar.
Bununla yanaşı, məlumdur ki, müasir təhsil konsepsiyasının uğurlu icrasını şərtləndirən amillərdən biri də tədris prosesində interaktiv tədris metodikalarının tətbiqi ilə bağlıdır. Qeyd edək ki, ölkə üzrə təhsil müəssisələri tədrisdə istifadə üçün İKT avadanlıqları ilə təchiz edilir ki, bu avadanlıqlardan səmərəli faydalanmaq üçün müəssisədaxili şəbəkə infrastrukturunun mövcudluğu zəruridir. Azərbaycan Təhsil Şəbəkəsi nəinki əhatə etdiyi təhsil müəssisələrini vahid şəbəkə çərçivəsində birləşdirir, eləcə də müəssisə daxilində lokal şəbəkə mühitinin formalaşdırılmasını mümkün edir. Məktəblərdə inzibati və insan resurslarının idarə edilməsi, müəssisədaxili qərarvermə, qiymətləndirmə, proqnozlaşdırma, monitorinq kimi proseslərinin elektron formada daha çevik və sadə yolla aparılması mümkün olur. Bu baxımdan, tədris prosesinin yuxarıda sadalanan interaktiv imkanlarla zənginləşdirilməsində Azərbaycan Təhsil Şəbəkəsi mühüm rol oynayır.

Tehsil-press.az

Oxşar xəbərlər