Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yaz semestrində həyata keçiriləcək tədbirlər müzakirə olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yaz semestrində həyata keçiriləcək tədbirlər müzakirə olunub Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elmi şurasının onlayn formatda növbəti iclası keçirilib.
Iclasda ADNSU-nun rektoru, professor Mustafa Babanlı 31 mart - Azərbaycanlıların Soyqırımı Günündən danışıb və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADNSU-da 2020/2021-ci tədris ilinin yaz semestri müddətində həyata keçiriləcək tədbirlər barədə söz açan professor M.Babanlı sonuncu kursların istehsalat təcrübəsinə cəlb olunması və laboratoriyalarda praktiki vərdişlərə yiyələnmələri üçün şərait yaradıldığını qeyd edib.
O, ADNSU-nun 2021-2030-cu illər üçün qısa, orta və uzunmüddətli inkişaf strategiyası haqqında məlumat verib, ali təhsil ocağının tədqiqat universiteti kimi nailiyyətlərinin inkişaf etdirilməsi yönündə mövcud problemlərin bir il müddətində həllini tapacağına ümid etdiyini vurğulayıb. Eyni zamanda, çoxprofilli laboratoriyaların və yataqxananın tələbələrin istifadəsinə verilməsinin, minerologiya muzeyinin, kitabxananın genişləndirilməsinin nəzərdə tutulduğunu söyləyib. Universitetdə informasiya texnologiyaları sahəsinin inkişaf etdirilməsi haqqında danışan rektor əcnəbi professorları cəlb edərək HPC mərkəzin potensialının tam şəkildə reallaşdırılması istiqamətində iş aparıldığını bildirib.
İclasda Doktorantura şöbəsinin müdiri, professor Lətafət Qardaşova, professor Qəhrəman Həsənov, Elm və Təhsil Analitik Mərkəzinin direktoru, dosent Ziya Əliyev çıxış ediblər. Çıxışlarda universitetin müvafiq sahələrdə fəaliyyətinə nəzər salınıb, elmi tədqiqat işlərinin yekun nəticələri qeyd edilib.
Rektor M.Babanlı ADNSU-da görüləcək hər bir işin yüksək səviyyədə həyata keçirilməsinin vacibliyini vurğulayıb, müzakirə olunan məsələlər haqqında tövsiyə və tapşırıqlarını verib.

Tehsil-press.az


Oxşar xəbərlər