Azərbaycan Dövlət Neft və Sənaye Universitetində onlayn imtahanlar müzakirə edilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində onlayn imtahanlar müzakirə edilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elmi şurasının onlayn formatda növbəti iclası keçirilib.
Universitetin rektoru, professor Mustafa Babanlı ali təhsil ocağında Nazirlər Kabinetinin qərarına uyğun olaraq tədrisin onlayn təşkil olunduğunu, semestr imtahanları və digər tədbirlərin də onlayn formatda həyata keçirildiyini, universitetdə təhlükəsizlik tədbirlərinə ciddi riayət olunduğunu vurğulayıb.
Rektor hazırda universitetdə davam edən imtahan prosesi haqqında danışıb. O, imtahan günlərində universitetin ciddi iş rejimində çalışdığını, tələbələrin biliyinin qiymətləndirilməsi prosesinin şəffaf şəkildə aparıldığını bildirib. Onlayn formatda keçirilən imtahanların, demək olar ki, hamısını müşahidə etdiyini deyən rektor M.Babanlı mövcud vəziyyətlə bağlı tələbələrə güzəştlərin olunduğunu, qiymətləndirmənin hər bir tələbənin elmi biliyi, dərsə münasibəti, çalışqanlığı əsasında aparılmasının vacibliyini söyləyib. Rektor qeyd edib ki, imtahandan keçməyən, kəsiri qalan tələbələr avqust ayında təşkil olunacaq icmal mühazirələrdə iştirak edəcək və sentyabrda ödənişsiz təkrar imtahan verəcəklər. Diqqətə çatdırılıb ki, 96,81 faiz tələbənin imtahanda iştirakı təmin olunub. İmtahanda iştirak edib kəsiri olan tələbələr isə cəmi 0,6 faiz təşkil edir. Bu da mövcud şərait nəzərə alınaraq yüksək qiymətləndirilib.
İclasda ADNSU-nun Doktorantura şöbəsinin müdiri, professor Lətafət Qardaşova 2019-cu ildə elmlər doktoru proqramı üzrə qəbul olunan doktorantların və təhkim olunmuş dissertantların dissertasiya işlərinin mövzuları haqqında məlumat verib. M.Babanlı dissertasiyalarla bağlı irad və təkliflərini bildirib, müvafiq elmi işlərin “Web of Science” elmi bazasında dərcinin vacibliyini vurğulayıb.
Sonra iclasda gündəlikdə duran digər məsələlər müzakirə olunub, şura üzvlərinin təklifləri dinlənilib, cari məsələlər və görüləcək işlərlə bağlı konkret tapşırıqlar verilib.

Tehsil-press.az

Oxşar xəbərlər