BDU-nun əməkdaşları beynəlxalq simpoziumda məruzə ediblər

BDU-nun əməkdaşları beynəlxalq simpoziumda məruzə ediblər İstanbul Kültür Universitetinin Türk dili və ədəbiyyatı bölümünün təşkilatçılığı ilə Klassik türk ədəbiyyatında yerlilik elmi festivalı mövzusunda beynəlxalq simpozium keçirilib. Türkiyə, Macarıstan və Azərbaycandan olan elm adamlarının qatıldığı simpoziumda Bakı Dövlət Universiteti (BDU) Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əməkdaşları - dosentlər Lalə Əliyeva, Sevinc Qocayeva və kafedranın doktorantı Aygün Zəkiyeva iştirak edib.
“Türk xalqları ədəbiyyatında ilk hekayələr toplusu” mövzusunda məruzə edən Lalə Əliyeva Nizami Gəncəvinin müasiri, Gəncə mədrəsəsinin müəllimi Əbu Bəkr Xosrov əl-Ustadın “Munisnamə” əsərini türk xalqları ədəbiyyatında ilk bədii nəsr nümunəsi kimi dəyərləndirib, topluda yer alan hekayələrin ideya-mövzu xüsusiyyətləri, obrazlar aləmi haqqında ətraflı məlumat verib, Nizami yaradıcılığı ilə paralellər və müqayisələr aparıb.
Sevinc Qocayeva “Türk mifologiyası və folkloru mistik görüşlərin qaynağı kimi” mövzusunda məruzə edib. Məruzədə klassiklərin əsərlərində mənsub olduqları xalqın inanc və əsatirləri, eləcə də folklor ənənələrinin islam ruhu ilə çulğalaşaraq milli baxışları əks etdirməsini genotip ilə fövqəltipin, mənşə ilə sistemin bütövləşməsinin təzahürü kimi şərh edib. Araşdırmada türksoylu şairlərin fars dilində yazdıqları əsərlərdə mənsub olduqları xalqın mifik görüşlərindən, folklor motivlərindən bəhrələnərək mistik baxışları əks etdirməklə milli-mənəvi dəyərlərə sədaqətlərini nümayiş etdirdikləri vurğulanıb.
“Hüseyn Cavid dramaturgiyasında ata və oğul münasibətləri müstəvisində türk mənəviyyatı və milli özünüdərkin təbliği” mövzusunda çıxış edən A.Zəkiyeva ədibin yaradıcılığı boyu izlədiyi əsas qayələrdən biri olan milli özünüdərkə çağırışa, türk mənəviyyatının gələcək nəsillərə ötürülməsinin vacibliyinə diqqət çəkib, dramaturqun əsərlərində “atalar-oğullar” kontekstində “özgələşmə”, yenilik və köhnəliyin mübarizəsi, milli-mənəvi dəyərlərə, soykökə bağlılıq və s. məsələlərə münasibət bildirib.
İki gün davam edən beynəlxalq simpoziumun son iclasında - “Dəyərləndirmə bölümündə” çıxış edən Sevinc Qocayeva klassiklərin hansı dildə yazmalarından asılı olmayaraq milli təfəkkürü əks etdirdiklərini diqqətə çatdırıb, bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Orta əsrlər ədəbiyyatında millilik mövzusunda dinlənilən elmi məruzələrin türk klassik irsinin daha dərindən və əhatəli öyrənilməsinə dəyərli töhfələr verdiyini qeyd edərək simpoziumun təşkilatçılarına minnətdarlığını bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər