“Gələcəyin müəllimləri” mövzusunda təlim

“Gələcəyin müəllimləri” mövzusunda təlim Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin təşkilatçılığı ilə “Gələcəyin müəllimləri” mövzusunda təlim keçirilib.
Universitetdən bildirilib ki, pedaqoji fakültənin tələbələri üçün nəzərdə tutulan təlim Təhsil İnstitutunun Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov tərəfindən aparılıb.
M.Məhərrəmov Azərbaycanda ümumi təhsilin dövlət standartlarından, eyni zamanda təhsilin inkişafı üzrə dövlət strategiyasından bəhs edib. O, BMU-nun bir neçə sahədə, o cümlədən pedaqoji sahədə ən yaxşı mütəxəssislər yetişdirən ali təhsil müəssisəsi olduğunu söyləyib.
Şöbə müdiri müəllimin vəzifələrindən söz açaraq nəzərə çatdırıb ki, müəllim tədris etdiyi fənni mükəmməl bilməli, baza təhsili tədris etdiyi fənnə uyğun olmalı, o, həmçinin yenilikləri təqib etməlidir.
M.Məhərrəmov bildirib ki, müəllim şagirdlərin necə öyrəndikləri, bilik və bacarıqlarını necə inkişaf etdirdikləri haqda məlumatlı olmalı, öyrənməyə uyğun mühiti təmin etməlidir. Onun sözlərinə görə, dövlətə, qanunlara bağlı vətəndaş yetişdirmək də vacibdir.
Təlim zamanı tələbələr arasında mövzu ilə bağlı sorğu keçirilib.
Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə sona yetib.

Tehsil-press.az


Oxşar xəbərlər