İlahiyyat İnstitutunda respublika elmi konfransı: Dini-irfani və fəlsəfi kontekstdə Nizami Gəncəvi yaradıcılığı

İlahiyyat İnstitutunda respublika elmi konfransı: Dini-irfani və fəlsəfi kontekstdə Nizami Gəncəvi yaradıcılığı Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq, Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə “Dini-irfani və fəlsəfi kontekstdə Nizami Gəncəvi yaradıcılığı” mövzusunda respublika elmi konfransı keçirilib.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Şirinov tədbirin ilahiyyat elminə töhfəsi baxımından önəmini diqqətə çatdırıb. Nizami Gəncəvi irsi haqqında yalnız Azərbaycan dilində deyil, həmçinin qərbdilli məqalələrə də rast gəlindiyini vurğulayan rektor onun irfan dünyasında tutduğu yeri vurğulayaraq, əsərlərindən nümunələr gətirib, tolerantlıq münasibətlərinin ədibin bədii nümunələrində necə əks olunduğundan söz açıb. Həmçinin Nizami Gəncəvinin bir çox elmlərdən xəbərdar olan görkəmli filosof, mütəfəkkir kimi şöhrət tapdığını qeyd edib. Rektor N.Gəncəvi yaradıcılığını İslam renessansının ən böyük töhfələrindən biri kimi qiymətləndirib, konfransın işinə uğurlar diləyib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş icraçı direktoru Elnur Əliyev ötən gün Prezident İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda müzakirələrin önəmindən bəhs edib. Nizami Gəncəvi yaradıcılığının sivilizasiyalararası körpü rolunu oynadığını vurğulayan məruzəçi ədibin irsinin bu gün də aktual olduğunu qeyd edib. Nizami Gəncəvinin insanpərvər, ideal müsəlman olduğunu diqqətə çatdıraraq, məsələlərə ümumbəşəri kontekstdən yanaşdığını bildirib. E.Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin belə təkrarsız şəxsiyyəti tanıtmaq, dünya ictimaiyyətinə çatdırmaq üçün dövlət tərəfindən göstərilən dəstəyi xüsusi vurğulayıb.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxışında Nizaminin əsərlərindən nümunələr gətirərək, şairin bütün insanların Tanrı qarşısında bərabər olduğunu təbliğ etdiyini vurğulayıb. İnsanın yalnız elmlə riyadan, ədalətsizlikdən, zülmdən qurtula biləcəyini vurğulayan şairin yazdıqlarının bu gün də aktual olduğunu diqqətə çatdırıb.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırova Nizami Gəncəvi irsinin önəmindən bəhs edərək, şairin yaradıcılığının əsrlərarası körpü olduğunu vurğulayıb. Ədibin qoyub-getdiyi ədəbi irsi hər yaşda mümkün qədər yenidən oxumağın önəmini diqqətə çatdıran məruzəçi qeyd edib ki, gənc yaşda oxucuya onun eşq fəlsəfəsi maraqlı gələ bilərsə, yaşlı insana da onun müdriklik fəlsəfəsi maraqlı gələ bilər. Ədəbiyyat İnstitutu tərəfindən “Nizami Gəncəvi İli” çərçivəsində dahi şairin yaradıcılığının seçilmiş nümunələrinin Azərbaycan diasporunun köməyilə Niderland, Argentina, Polşa və başqa ölkələrdə müxtəlif dillərə tərcümə olunaraq çap edildiyini nəzərə çatdıran direktor müavini konfransın keçirilməsinə görə Aİİ kollektivinə təşəkkürünü bildirib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov çıxışında Nizami Gəncəvinin Azərbaycan kimliyini əks etdirən bütün keyfiyyətlərə malik bir şəxsiyyət olduğunu diqqətə çatdıraraq, onun irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.
Sonra Misirdəki “Vətənpərvər” Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov çıxış edib. S.Nəsirov apardığı tədqiqatlar zamanı Azərbaycanın qəhrəman, xeyirxah, elm və ədəbiyyata bağlı şəxsiyyətlər yetişdirdiyinin şahidi olduğunu diqqətə çatdırdı. Həmçinin Misirdə Nizami Gəncəvi irsinin öyrənilməsinə və təbliğinə daim xüsusi yer ayırdıqlarını, bu görkəmli ədibi təbliğ etməklə Azərbaycanı tanıtdıqlarını xüsusi qeyd edib.
Konfrans panellərlə davam edib.
Aİİ Dinşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarovun moderatorluq etdiyi paneldə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, professor Əlizadə Əsgərli və Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd, Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin müdiri, dosent Vahid Ömərov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Faiq Ələkbərov, Sumqayıt Dövlət Universiteti Fəlsəfə, sosiologiya və politologiya kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Fəridə Cəbrayılova, Aİİ Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov, İslamşünaslıq kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev məruzələrlə çıxış ediblər.
Aİİ İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazovun moderatorluq etdiyi paneldə Gəncə Dövlət Universiteti Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Cavid Bağırzadə, AMEA Gəncə Bölməsinin baş mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Elnur Həsənov, Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov, Aİİ-nin doktorantı Nərgizxatun Həsənova və ölkənin bir çox ali və təhsil müəssisələrindən olan tədqiqatçıların məruzələri dinlənilib.
Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
“Zoom” proqramı üzərindən təşkil olunmuş konfransda ölkənin müxtəlif ali təhsil müəssisələrinin, elmi qurumlarının alimləri iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər