Satıcı-kassir ixtisası üzrə qısamüddətli kurslara qəbul vaxtı uzadılıb

Satıcı-kassir ixtisası üzrə qısamüddətli kurslara qəbul vaxtı uzadılıb Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Bazarstore” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı, Sumqayıt və Gəncə şəhərlərində birgə təşkil etdiyi “Bacarıqlı ol” usta yanında öyrənmə proqramı çərçivəsində satıcı-kassir ixtisası üzrə qısamüddətli ödənişsiz kurslara qəbulun vaxtı uzadılıb.
Nəzəri və praktiki dərslərdən ibarət olacaq 12 həftəlik təlim proqramına qoşulmaq istəyənlər sentyabrın 20-dək qeydiyyatdan keçə bilərlər. Təlimin oktyabrın 1-də başlanması nəzərdə tutulub. Təlim üçün seçilmiş namizədlər növbəti mərhələdə müsahibəyə dəvət ediləcək. Təlimdə 18 yaşdan yuxarı fiziki sağlam, əmək qabiliyyətli, öyrənmək və pərakəndə satış sahəsində peşəkar təcrübə qazanmağa maraqlı, həmçinin təlim müddətində heç bir müəssisədə işləməyən və əyani təhsil almayan şəxslər iştirak edə bilər.
İştirakçılar ərzaq və qeyri-ərzaq malları üzrə satıcı işinin təşkili, xəzinədar işinin əsasları, əmək təhlükəsizliyi, qida təhlükəsizliyi və sanitariya qaydaları, müştəri özəllikləri və müştəri məmnuniyyəti kimi mövzular üzrə nəzəri, praktiki bilik və bacarıqlar əldə edəcəklər.
Təlimin nəzəri hissəsi İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində həftədə bir gün, praktiki hissəsi isə Bakı, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən “Bazarstore” MMC-nin mağazalar şəbəkəsində həftənin dörd günü real iş şəraitində həyata keçiriləcək.
Təlim müddətində iştirakçılar aylıq yol xərci, fərdi qəza sığortası, “Bazarstore” MMC-nin uniforması (xüsusi geyim), həmçinin qida ilə təmin olunacaqlar. Satıcı-kassir ixtisası üzrə kursu müvəffəqiyyətlə tamamlayan iştirakçılar Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş dövlət nümunəli sertifikat əldə edəcək və “Bazarstore” MMC-nin mağazalar şəbəkəsində işləmək imkanı qazanacaqlar.

Tehsil-press.az


Oxşar xəbərlər