Qarabağın coğrafiyasına dair tədqiqat aparılacaq

Qarabağın coğrafiyasına dair tədqiqat aparılacaq AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Anım Günü tədbiri keçirilib.
İnstitutun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminov Prezident İlham Əliyevin Azərbaycan Respublikasında Anım Gününün təsis olunması haqqında Sərəncamının əhəmiyyətindən danışıb. Vurğulayıb ki, 2020-ci ilin 27 sentyabrı xalqımızın illərlə gözlədiyi, torpaqlarımıza azadlıq gətirən ədalətli müharibənin başlanğıc günüdür. 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimiz bizə qələbə sevincini yaşatdı. Azərbaycan sübut etdi ki, belə mərd, qeyrətli və qorxmaz xalqı olan ölkənin torpaqlarına əl uzadanın başı “dəmir yumruq” altında əziləcək. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu beynəlxalq təşkilatların 30 ildə edə bilmədiklərini cəmi 44 günə həyata keçirdi. Bu gün Azərbaycan regionda lider ölkə olaraq böyük quruculuq və bərpa işləri ilə məşğuldur. Vəhşi erməni barbarlarından azad olunmuş Qarabağ ərazisində böyük sürətlə yollar çəkilir, kənd və şəhərlər salınır. Coğrafiya İnstitutu da Qarabağın coğrafiyasına dair aparacağı tədqiqatla görülən işlərə öz töhfəsini verəcək.
Tədbirdə institutun Həmkarlar Təşkilatının sədri coğrafiya üzrə fəlsəfə doktoru, dosent Habil Haqverdiyev və Ekocoğrafiya şöbəsinin müdiri coğrafiya üzrə fəlsəfə doktoru, dosent Ənvər Əliyev də çıxış ediblər.
Çıxışlarda erməni işğalı dövründə Qarabağın iqtisadiyyatına, ekologiyasına vurulan ziyandan, Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətindən danışılıb.
Tədbirin sonunda institut əməkdaşlarının şəhid ailələrinə və qazilərə göstərdikləri qayğıdan bəhs edən videoçarx nümayiş olunub.

Tehsil-press.az


Oxşar xəbərlər