AMEA-nın 75 illik yubileyi münasibətilə Coğrafiya İnstitutu tədbirlər planı hazırlayıb

AMEA-nın 75 illik yubileyi münasibətilə Coğrafiya İnstitutu tədbirlər planı hazırlayıb AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının 75 illik yubileyinə həsr edilmiş elmi-praktik seminar keçirilib.
Tədbirdə çıxış edən elmi müəssisənin direktoru, akademik Ramiz Məmmədov AMEA-nın 75 illik yubileyi ilə əlaqədar tədbirlər planının hazırlandığını diqqətə çatdırıb. Qeyd olunub ki, plana əsasən, institutun ictimai təşkilatlarının son 5 ildəki fəaliyyəti haqqında hesabatları, mühüm nəticələr əldə etmiş şöbələrin elmi-tədqiqat işləri ilə bağlı seminarların keçirilməsi və institutun Azərbaycan Coğrafiya Cəmiyyəti ilə birgə buraxdığı “Coğrafiya və təbii resurslar” elmi-populyar jurnalının növbəti buraxılışının AMEA-nın 75 illik yubileyinə həsr edilməsi nəzərdə tutulub.
Direktor qeyd edib ki, institutun son 5 ildəki fəaliyyətini uğurlu hesab etmək olar. Çünki hesabat dövründə Coğrafiya İnstitutu bir sıra uğurlu işlərə imza atıb. “Azərbaycan Respublikasının coğrafiyası” fundamental üçcildlik monoqrafiyası, “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyi və “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin 2 cildi çapdan çıxıb.
Vurğulanıb ki, institutun əməkdaşlarının əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib, alimlər Azərbaycan Respublikasının Dövlət mükafatına, elmi müəssisənin rəhbəri isə “Şöhrət Ordeni”nə layiq görülüb. Görülən mühüm işlərdən biri isə Xəzər Elmi Şəbəkəsinin yaradılmasıdır. Xəzər dənizi üzrə yüksəkixtisaslı beynəlxalq mütəxəssislər bir araya gəliblər. Alimlərimiz tərəfindən dənizin kompleks tədqiqi üzrə proqram işlənib hazırlanıb. İqlim dəyişmələri, onların insana və ətraf mühitə təsiri, landşaft planlaşdırılması, dövlət əhəmiyyətli rəqəmsal xəritələrin hazırlanması və sair sahələrdə də coğrafiyaçılarımız böyük nailiyyətlər əldə ediblər.
Akademik, həmçinin institutun kütləvi informasiya vasitələri ilə əlaqələrini də yüksək qiymətləndirib.
Tədbirdə institutun Həmkarlar Təşkilatının sədri, coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyev, Qadınlar Şurasının sədri Luiza Salayeva, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, coğrafiya üzrə fəlsəfə doktoru Samirə Ələkbərova rəhbəri olduqları təşkilatların son 5 ildəki fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış ediblər.
Sonda institutun Mülki Müdafiə Qərargahının sədri Namazəli Mustafayev Beynəlxalq Mülki Müdafiə Günü münasibətilə məruzə ilə çıxış edib. O, iştirakçılara fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı maarifləndirmə işlərinin aparılmasına dair məlumatlar verib.

Tehsil-press.az

Oxşar xəbərlər