Azərbaycan Dövlət Pedaqoji Universitetində STEAM mərkəzinin açılışı olub

Azərbaycan Dövlət Pedaqoji Universitetində STEAM mərkəzinin açılışı olub Azərbaycan Dövlət Pedaqoji Universitetində STEAM ( Science, Technology, Eengineering, Art, Mathematics) mərkəzinin açılışı olub.
Fizika fakültəsinin dekanı, ADPU STEAM mərkəzinin rəhbəri dosent Arzu Daşdəmirov tədbir iştirakçılarını laboratoriya barədə məlumatlandırıb. O qeyd edib ki, müasir, qloballaşan və modernizə olunan dünyada elmin və texnikanın bütün sahələrində çox böyük uğurlu irəliləyişlər müşahidə olunur. Bu irəliləyişlər bütün sahələrdə olduğu kimi məktəblərdə tədris prosesində də özünü büruzə verir. Bu səbəbdən respublikamızın ümumtəhsil müəssisələrində ABŞ, Britaniya, Sinqapur, Danimarka və digər qabaqcıl ölkələrin uğurlu təhsil proqramları tətbiq edilir. Bu qəbildən STEAM təhsil proqramını qeyd etmək olar.
Sonra ADPU-nun rektoru professor Cəfər Cəfərov çıxış edərək bildirib ki, XXI əsrin müvəffəqiyyətli yenilikçi tələbələrinin hazırlanması üçün elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat fənləri üzrə bilikləri özündə ehtiva edən STEAM təhsilə maraq getdikcə daha çox artır. Təhsil sahəsində bir çox ekspertlər STEAM-i XXI əsr kompetensiyalarının formalaşmasının ən mühüm təhsil modeli hesab edirlər.
Azərbaycanda da STEAM təhsilin inkişafı və tətbiqi əsas diqqət mərkəzindədir. Belə ki, 2021-ci il fevralın 2-də Prezident İlham Əliyev “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i sənədinin təsdiq olunması barədə Sərəncam imzalayıb. Həmin sənədə əsasən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olan “rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” prioritetinin reallaşdırılması göstərilir. Bu da “STEAM Azərbaycan” layihəsinin rolunu və əhəmiyyətini artırılmasında böyük təkan rolu oynayıb.
Təhsil İnstitutunun direktoru dosent Rüfət Əzizov çıxışında bildirib ki, 2020/2021-ci tədris ilində Təhsil Nazirliyi tərəfindən Bakı şəhərində ümumilikdə 6000-dən çox 6-cı sinif şagirdinin təhsil aldığı 42 ümumtəhsil müəssisəsində STEAM layihəsinin tətbiqinə başlanılıb. Azərbaycanda tətbiq olunan STEAM dərsləri artıq 140-dan çox məktəbdə keçirilir. Layihənin tətbiq edildiyi ümumtəhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən zəruri təlim avadanlığı və inventarlar ilə təmin edilib. Həmin məktəblərdə STEAM üzrə müəllimlərin hazırlanması məqsədilə 2019-cu ildə martın 1-31-də və noyabrın 17-dən dekabrın 10-dək ümumilikdə 100 nəfərlik müəllim heyəti olmaqla iki qrup İsrailə təlimlərə ezam olunub. Bundan başqa STEAM əsasında tədris etmək üçün 34 məktəbdən 104 müəllim 2020-ci il sentyabrın 2-14-də peşəkar heyət tərəfindən keçirilən təlimlərdə iştirak edib. Bununla yanaşı olaraq STEAM layihəsi ilə əlaqədar nazirlik tərəfindən steam.edu.az portalı da istifadəyə verilib. Portalda STEAM təhsili üzrə yeniliklər, layihə üzrə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumatlar yerləşdirilir.
Qeyd edək ki, ADPU-da STEAM təhsil modelinin dünyada və Azərbaycanda inkişaf dinamikası diqqətlə izlənilir və buna dair işlərin görülməsinə start verilib. Belə ki, 2020-ci ildə ADPU-nun Fizika fakültəsinin eksperimental qrupunun III və IV kurs tələbələrinin ümumilikdə 50 nəfəri STEAM üzrə Azərbaycanda ilk şirkətlərdən biri “Engineering for Kids” şirkətində təlimlərdə iştirak edib və STEAM üzrə beynəlxalq sertifikat əldə ediblər. Həmin təlimlərdə onlar STEAM-in aktuallığı və bu modelin tətbiqi ilə əlaqəli robot texnologiyası ilə praktik tanış olublar. Bundan başqa şirkətin nümayəndələri həmin qruplara STEAM üzrə 30 saatlıq mühazirə deyiblər.
Cəmiyyətin tərəqqisi bu gün gənc nəslə nəyi və necə öyrətməyimizdən asılıdır. Bu məqsədlə 2019-cu ildə ADPU-da Fizika fakültəsinin təşkilatçılığı ilə keçirilən “STEM və müasir müəllim hazırlığı” I Respublika Forumunu pedaqoji kadr hazırlığında innovativ addım hesab etmək olar. Eksperimental qrup tələbələrinin STEAM üzrə hazırladığı məhsullar forumda nümayiş etdirilib. Foruma olan maraq və dəstəyi Azərbaycanın bir çox rayonlarından (İsmayıllı, Siyəzən, Xızı və s.) qatılan müəllimlərin çıxışlarından da görmək olardı. Bundan başqa 2019-cu il sentyabrın 19-da Fizika fakültəsinin tələbələrinin bir qismi “Hədəf” liseyinin təşkil etdiyi I Beynəlxalq “Hədəfdə STEAM” konfransında iştirak ediblər. 2021-ci il aprelin 5-13-də Təhsil Nazirliyi tərəfindən başladılan və Təhsil İnstitutu tərəfindən icra olunan “STEAM Azerbaijan” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşları üçün təlimlər keçirilib. Təlimlər zamanı iştirakçılara STEAM metodologiyaları, 3D modelləşdirmə və çap, birplatalı platformalarda kodlaşdırma (Micro:bit) modulları öyrədilib. Təlimləri beynəlxalq və yerli sertifikatlara malik, İsraildə və Azərbaycanda bir sıra təlimlərdə iştirak etmiş təlimçilər aparıblar. ADPU Fizika fakültəsinin magistr mövzularında və kurs işlərində STEAM-ə dair mövzular geniş yer tutur.
ADPU-nun aprelin 29-da keçirilmiş Elmi şurasında STEAM mərkəzinin yaranması ilə bağlı qərar qəbul olunub və oktyabrın 7-də bu mərkəzin əsasnaməsi qəbul olunub. Universitetdə 13 nəfərdən ibarət STEAM İctimai şurası təsis edilib. Bununla yanaşı Təhsil İnstitutunun dəstəyi ilə ADPU-da STEAM laboratoriyası qurulub və geniş həcmli STEAM avadanlığı ilə təchiz edilib. Artıq ADPU-nun tədris proqramında STEAM adlı fənn mövcuddur. Bu fənni tədris edən bir qrup müəllim Təhsil İnstitutunun STEAM-ə dair təlimlərində iştirak edib və sertifikat əldə ediblər.
Açılış mərasiminin sonunda rektor Cəfər Cəfərov və Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təlim iştirakçılarına sertifikat təqdim ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər