Dövlət Neft və Sənaye Universiteti Türkiyənin ali təhsil müəssisələri ilə əlaqələri genişləndirir

Dövlət Neft və Sənaye Universiteti Türkiyənin ali təhsil müəssisələri ilə əlaqələri genişləndirir Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlının Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşü olub.
Görüşdə rektor M.Babanlı Azərbaycan ilə Türkiyənin təhsil sahəsində əlaqələrinin əhəmiyyətindən danışıb. ADNSU-da təhsilin səviyyəsi, tədrisdə olan yeniliklər haqqında məlumat verən rektor Türkiyənin texniki universitetləri ilə əlaqələri daha da inkişaf etdirmək fikrində olduğunu deyib.
İki ölkə arasında tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatların aparılması, digər perspektivlər müzakirə olunub. Eyni zamanda, Kiyev Politexnik İnstitutu, ADNSU və Türkiyənin qabaqcıl texniki universitetlərindən biri ilə üçtərəfli əməkdaşlıq əlaqələrinin qurulması və gələcəkdə bu barədə memorandum imzalanması haqqında fikir mübadiləsi aparılıb.
Rektor ADNSU-da iki türk şəhidinin adına auditoriyaların açılması haqqında məlumat verib. Bildirilib ki, auditoriyalar hazırdır və artıq adları da məlum olan türkiyəli şəhidlərimiz haqqında tam məlumatlar və fotolar əldə edildikdən sonra yaxın zamanlarda bu auditoriyaların açılışı olacaq.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı qeyd edib ki, təhsil sahəsində əməkdaşlığın inkişafı üçün əlindən gələni əsirgəməyəcək. O, müzakirə olunan məsələlərin qarşılıqlı əməkdaşlıq üçün çox önəmli olduğunu vurğulayıb.
Səfir türk şəhidlərinin adına auditoriyaların yaradılmasını yüksək dəyərləndirib.
Sonra türk şəhidlərimizin adına açılacaq auditoriyalara baxış keçirilib, səfir Azİİ e-Kitab Evində olan ədəbiyyat bazası və tələbələr üçün yaradılan şəraitlə tanış olub.

Tehsil-press.az

Oxşar xəbərlər