Təcrübəli kapitanların tələbələrlə görüşü keçirilib

Təcrübəli kapitanların tələbələrlə görüşü keçirilib "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə təhsil alan III və IV kurs tələbələrinin ASCO-nun Dəniz üzgüçülüyünün təhlükəsizliyi departamenti rəisinin müavini, uzaq səfərlər kapitanı Şahlar Məmmədov, “Caspian Marine Services”-in təcrübəli kapitanları Vaqif Məhərrəmov və Əfqan Abdullayevlə görüşü keçirilib.
Görüş ADDA-nın “Gəmi sürücülüyü” fakültəsinin və “Dəniz naviqasiyası” kafedrasının təşkilatçılığı ilə baş tutub.
Görüşün əvvəlində Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Dəniz naviqasiyası” kafedrasının müdiri, uzaq səfərlər kapitanı Həzi Nəbiyev bildirib ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, xalqımızın iftixar və qürur mənbəyinə çevrilib. Bu döyüşlərdə Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək Böyük Qələbə qazandı. Bununla da, dünyaya gücümüzü, mübarizliyimizi və mətinliyimizi bir daha nümayiş etdirdik.
Görüşdə Vətən müharibəsində şanlı tarix yazan qəhrəmanlar sırasında yer alan ASCO-nun əməkdaşlarından, Azərbaycan Dövlət Dəniz Akademiyasının və Dənizçilik Kollecinin məzunlarından bəhs edən video nümayiş etdirilib.
Sonra uzaq səfərlər kapitanı Şahlar Məmmədov Bakı Dəniz Yolları məktəbində təhsil aldığı illər, kapitan kimi çalışdığı dövrlər barədə xatirələrini və təəssüratlarını bölüşüb. Şahlar Məmmədov gənclərə hər zaman üzərlərində işləməyi, dərslərini mükəmməl oxumağı və peşələrini sevməyi tövsiyə edib.
“Lənkəran” yedək təchizat gəmisinin kapitanı Vaqif Məhərrəmov tələbələrə ixtisasları ilə yanaşı, ingilis və rus dillərini mükəmməl öyrənməyi məsləhət görüb.
Yekunda “Gəmi sürücülüyü” fakültəsinin dekanı Elnur Abbasov təcrübəli kapitanlara tələbələrlə görüşə gəldikləri üçün minnətdarlığını bildirib. O qeyd edib ki, bu tədris ilində “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə Azərbaycan və rus bölmələri ilə yanaşı, ingilis bölməsində də məzun buraxılışı olacaq. Bugünkü görüş isə Yekun Dövlət Attestasiyası öncəsi tələbələr üçün motivasiyadır.
Sonda Ş.Məmmədov, V.Məhərrəmov və Ə.Abdullayev karyera yüksəlişi, gəmi qəzaları, DP sistemli gəmilər və s. mövzularda tələbələri maraqlandıran sualları ətraflı cavablandırıblar.
Görüş tələbələrin və kapitanların böyük məmnunluğu ilə başa çatıb.

Tehsil-press.az







Oxşar xəbərlər