Azərbaycan Turizm və Menecment Universitetində abituriyentlərlə onlayn görüş təşkil olunub

Azərbaycan Turizm və Menecment Universitetində abituriyentlərlə onlayn görüş təşkil olunub Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2021-2022-ci tədris ili üzrə burada təhsil almaq istəyən abituriyentlər və subbakalavrlar üçün məlumat-tanışlıq görüşü təşkil olunub.
Onlayn formatda baş tutan görüşdə universitetin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, rektor müşaviri Elvin Yusifli, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa və Karyera və kommunikasiya şöbəsinin müdir müavini Səidə Məmmədova ATMU-nun fəaliyyət strategiyası, mövcud ixtisaslar, ikili diplom, yerli və beynəlxalq təcrübə proqramları, peşəkar inkişaf imkanları, könüllülük fəaliyyəti haqqında məlumat veriblər. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan Turizm və Menecment Universitetinin ali təhsilin bakalavriat və magistratura səviyyələrində həyata keçirdiyi turizm və hotelçilik ixtisası üzrə təhsil proqramları Ümumdünya Turizm Təşkilatının nüfuzlu “UNWTO.TedQual” keyfiyyət sertifikatına layiq görülüb. Qeyd olunub ki, Cənubi Qafqaz regionunun ali təhsil müəssisələri arasında ilk dəfə olaraq ATMU-nun “UNWTO.TedQual” sertifikasiyası prosesindən uğurla keçməsi Azərbaycanda turizm sahəsində ali təhsilin qlobal rəqabətliliyinin artırılması istiqamətində mühüm nailiyyətdir.
Sözügedən nailiyyət Azərbaycan Dövlət Turizm Agentliyinin dəstəyi və BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən “Azərbaycan Turizm və Menecment Universitetinin potensialının artırılması” adlı layihə çərçivəsində əldə edilib. 2018-ci ilin dekabrından icra edilən layihənin məqsədi müvafiq ixtisas üzrə kadr hazırlığında təlim və tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarətdir. Layihənin hədəfi isə təhsil müəssisəsinin institusional potensialının gücləndirilməsi yolu ilə Azərbaycan hökumətinin turizm sahəsində qarşıya qoyduğu yüksəkixtisaslı kadr hazırlığı işinə daha səmərəli töhfə verməkdir.
Xatırladaq ki, ATMU turizm və qonaqpərvərlik sahəsində mütəxəssislərin hazırlanması fəaliyyətinə görə ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi uyğunluq sertifikatına layiq görülmüşdü.
Görüşün sonunda abituriyentlər və subbakalavrları maraqlandıran çoxsaylı suallar universitetin müvafiq struktur rəhbərləri tərəfindən ətraflı cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər