Şərqşünaslıq İnstitutu illik hesabat verib

Şərqşünaslıq İnstitutu illik hesabat verib AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları ilə əlaqədar hesabat iclası keçirilib.
İclasda institutun baş direktoru akademik Gövhər Baxşəliyeva rəhbərlik etdiyi elmi müəssisənin 2021-ci ildəki fəaliyyətini əks etdirən hesabatı diqqətə çatdırıb.
Hesabatda 2021-ci ildə institut əməkdaşlarının səmərəli elmi fəaliyyət göstərərək “Şərq ölkələrinin ictimai, iqtisadi, mədəni-tarixi inkişafı və Azərbaycanla əlaqələri” istiqaməti üzrə araşdırmalar apardıqları və elmi-tədqiqat planında nəzərdə tutulmuş bütün işləri yerinə yetirdikləri qeyd edilib. Bildirilib ki, hesabat ilində institut əməkdaşları elmi-tədqiqat işlərini 1 elmi istiqamət, 5 problem çərçivəsində aparıblar. Plan üzrə icra olunan 99 elmi-tədqiqat işindən 46 iş bu il başa çatıb, qalan işlərin 2021-ci il üçün nəzərdə tutulan hissəsi yerinə yetirilib. İl ərzində institutda 32 kitab, monoqrafiya və məqalələr toplusu çap olunub, 2 kitab isə hazırda çapdadır. İnstitut əməkdaşlarının 150-dən artıq məqalə, məruzə və tezisi çap olunub. Bunlardan 40 elmi məqalə xaricdə (Türkiyə, İordaniya Haşimilər Krallığı, Misir Ərəb Respublikası, Liviya, Rusiya Federasiyası, İran islam Respublikası, Özbəkistan, Ukrayna, Almaniya, Fransa, Norveç, Polşa, Meksika, ABŞ, Avstraliya, Yaponiya və s.) nəşr edilib.
İl ərzində institut əməkdaşları 43 dəfə xaricdə (Yaponiya, Rusiya, İsveçrə, Qazaxıstan, Türkiyə, Ukrayna, ABŞ, Fransa) və 50 dəfə Azərbaycanda keçirilən cəmi 93 beynəlxalq elmi konfransda məruzə ediblər.
Hesabatda 2021-ci ildə institutda xarici ölkələrin səfir və digər diplomatik nümayəndələri ilə keçirilən görüşlər, təşkil edilən konfrans, seminar və tədbirlər, elmi müəssisədə kadr hazırlığı və digər məsələlər barədə də məlumat verilib.
Sonra hesabat ətrafında müzakirələr aparılıb.
İclasın sonunda AMEA İctimai Elmlər Bölməsi tərəfindən təhkim edilən akademik Nərgiz Axundova çıxış edərək Şərqşünaslıq İnstitutunun böyük ənənələrə malik olduğunu və hesabat ilində İnstitutda görülən işlərin şərqin bütün problem sahələrini əhatə etdiyini söyləyib, institutun 2021-ci ildəki fəaliyyətini müsbət qiymətləndirib.

Tehsil-press.az



Oxşar xəbərlər