ADNSU-nun XI məzun-karyera sərgisində 234 vakant iş yeri təqdim edilib

ADNSU-nun XI məzun-karyera sərgisində 234 vakant iş yeri təqdim edilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) XI məzun-karyera sərgisi keçirilib. Sərgi mövcud koronavirus pandemiyasının hələ də bitmədiyi nəzərə alınaraq onlayn formatda təşkil olunub.
Sərgidə 82 dövlət qurumu və özəl şirkət tərəfindən 234 vakant iş yeri və 270 təcrübə yeri təqdim edilib.
Tədbirdə çıxış edən ADNSU-nun rektoru professor Mustafa Babanlı dövlət qurumları və şirkət nümayəndələrinə təşəkkürünü bildirib. O qeyd edib ki, son illər ənənəvi olaraq ADNSU-da keçirilən məzun-karyera sərgiləri gənc mütəxəssislərin birbaşa şirkət nümayəndələri ilə təmas qurmasında mühüm platformadır. ADNSU-nun məzunların işlə təmin olunmasını hər zaman diqqətdə saxladığını deyən rektor mövcud tələblərə uyğun ixtisaslı və savadlı mütəxəssislər hazırlamağın vacib olduğunu söyləyib və bu işdə istehsalat müəssisələri ilə müştərək işləməyin əhəmiyyətini vurğulayıb.
Sərgidə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan söz açıb. O qeyd edib ki, belə sərgilərin təşkili önəmlidir, tələbələr və universitetlərlə olan işbirliyi həm də əmək bazarına olan tələbləri ehtiva edir.
Universitetin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov “career.asoiu.edu.az” saytı haqqında məlumat verib. O bildirib ki, hər kəs sayta daxil olub özəl və dövlət qurumlarının təqdim etdiyi vakant iş yerləri ilə tanış ola, müvafiq şirkət və daha sonra vəzifəni seçib CV-lərini göndərə bilər.
Digər dövlət və özəl şirkətlərin nümayəndələri də çıxışlarında sərginin əhəmiyyətindən və əməkdaşlıq perspektivlərindən danışıblar. Şirkət təmsilçiləri, həmçinin vakant iş yeri və təcrübə yerləri haqqında məlumat veriblər.

Tehsil-press.az

Oxşar xəbərlər