BDU-da “Dahi Nizami Azərbaycandan Norveçədək” mövzusunda tədbir keçirilib

BDU-da “Dahi Nizami Azərbaycandan Norveçədək” mövzusunda tədbir keçirilib Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Dahi Nizami Azərbaycandan Norveçədək (norveçli tədqiqatçının gözü ilə)” mövzusunda tədbir keçirilib.
Tədbirdə BDU-nun “SABAH” mərkəzinin rəhbəri İradə Süleymanova norveçli tədqiqatçı Ragnhild Torininin fəaliyyəti haqqında məlumat verib, belə bir görüşün “SABAH” qruplarında təhsil alan tələbələr üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.
Ragnhild Torin məruzəsində Nizami Gəncəvi irsi ilə tanışlığının tarixçəsinə qısa ekskurs edib, onun dünyaca məşhur “Leyli və Məcnun” poeması əsasında qələmə aldığı musiqili tamaşa haqqında danışıb. Hazırda kütləvi tirajla çap olunaraq Azərbaycanın bütün orta məktəblərinə paylanan N.Gəncəvinin “Leyli və Məcnun” poemasından etüdlərdən ibarət ingilisdilli kitabın gənc nizamisevərlərə hədiyyə olacağına ümid etdiyini söyləyib. Sonra o, Nizaminin poemalarının ideya qaynaqlarına, estetik prinsipinə diqqəti çəkərək onu Qərbin A.Dante, V.Şekspir, A.S.Puşkin, İ.V.Höte kimi dahi sənətkarları ilə müqayisə edib.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi dosent Əzizağa Nəcəfzadə, Nizami əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi, BSU-nun Azərbaycan multikulturalizmi kafedrasının müdiri İbrahim Quliyev, Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidenti dosent Sevda Tahirli çıxış ediblər. Çıxışlarda dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində özünəməxsus yerə malik nadir şəxsiyyətlərdən olduğu vurğulanıb, dahi şairin parlaq irsinin əhəmiyyətindən danışılıb.
Sonra Nizami Gəncəvinin qəzəlləri səsləndirilib, şairin lirik şeirlərindən parçalar ifa olunub.

Tehsil-press.az


Oxşar xəbərlər