Yaponiya, ABŞ və Cənubi Koreya təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcəklər

Yaponiya, ABŞ və Cənubi Koreya təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcəklər Yaponiya, ABŞ və Cənubi Koreyanın xarici işlər nazirləri Şimali Koreyanın ardıcıl raket sınaqlarından narahatlıqlarını ifadə edərək, təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
Bu barədə razılaşma Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi, ABŞ-ın dövlət katibi Entoni Blinken və Cənubi Koreyanın xarici işlər naziri Çunq Iy Yon arasında Havay adalarında keçirilən görüş zamanı əldə edilib.
Şimali Koreyanın BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əməl etməsinin zəruriliyini vurğulayan nazirlər Təhlükəsizlik Şurasının məsələ ilə bağlı cavab tədbirlərində birgə fəaliyyət və bu istiqamətdə diplomatik səylərin gücləndirilməsi barədə də razılığa gəliblər.
Entoni Blinken və Çunq Iy Yon Yoşimasa Hayaşinin Şimali Koreya tərəfindən bir neçə on il bundan əvvəl oğurlanmış Yaponiya vətəndaşlarının geri qaytarılması üçün əməkdaşlığın davam etdirilməsi barədə xahişini nəzərə alaraq onu dəstəkləyəcəklərini bildiriblər.
Ukrayna ətrafında son vaxtlar yaranmış vəziyyəti də müzakirə edən nazirlər bu ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumağa çalışacaqlarını qeyd ediblər. Bu məsələ ətrafında da əməkdaşlığın vacibliyi vurğulanıb.
Nazirlər, həmçinin Şərqi və Cənub Çin dənizlərində status-kvonun dəyişdirilməsi cəhdlərinə qarşı birgə fəaliyyət barədə də razılığa gəliblər.
Görüş zamanı nazirlər pandemiya və iqlim dəyişmələri kimi beynəlxalq ictimaiyyəti narahat edən məsələlərlə əlaqədar əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.
Üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransı zamanı Yoşimasa Hayaşi bəyan edib ki, tərəflər arasında müzakirələr Şimali Koreyanın raket sınaqlarına reaksiya çərçivəsini aşaraq, daha çox regionda sülhün və sabitliyin qorunmasını nəzərdə tutur.

Tehsil-press.az


Oxşar xəbərlər