Elmi konfrans: Qarabağ - Şərqi Zəngəzur regionlarında təbii-təsərrüfat sistemlərinin təşkili və idarə edilməsi

Elmi konfrans: Qarabağ - Şərqi Zəngəzur regionlarında təbii-təsərrüfat sistemlərinin təşkili və idarə edilməsi AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə “Qarabağ - Şərqi Zəngəzur regionlarında təbii-təsərrüfat sistemlərinin təşkili və idarə edilməsi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransın təşkilində əsas məqsəd həyata keçirilən tədbirlərin elmi əsaslarının hazırlanması, innovasiyasının gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialının təsərrüfata cəlb edilməsi olub. Tədbiri giriş sözü ilə Yer Elmləri Bölməsinin Elmi şurasının sədr müavini akademik Fəxrəddin Qədirov açıb.
Konfransda çıxış edən Coğrafiya İnstitutunun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminov bu tədbirin “Şuşa İli”nə həsr olunduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, Azərbaycan Ordusu Qarabağı işğaldan azad etməklə tarixi ədalətin bərpasına nail oldu. Üç onillik ərzində ermənilərin viran qoyduğu ərazilərdə hazırda bərpa-quruculuq işləri aparılır. Məcburi köçkünlərin tez bir zamanda öz yerlərinə qayıda bilmələri üçün dövlətimiz var gücü ilə çalışır. Bu isə böyük vəsait və zaman tələb edir. Hökumət tərəfindən xüsusi dövlət proqramı tərtib edilib, böyük maliyyə vəsaiti ayrılıb. Bu işlərin həyata keçirilməsi üçün elm adamları da öz sözünü deməlidir. Coğrafiya İnstitutu Qarabağ ərazisinin təbii-coğrafi şəraitinin tədqiqini, yenidən qiymətləndirilməsini, təbii ehtiyatlarından istifadənin öyrənilməsini öz üzərinə götürüb. İnstitut əməkdaşları, eyni zamanda, “Qarabağın coğrafiyası...” kitabını çap etdiriblər.
İnstitutun rəhbəri ilin sonunadək Şuşanın coğrafiyasına həsr olunmuş kitabın nəşrinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Texnika elmləri doktoru Əhməd Məmmədov Şuşanın su təminatı ilə bağlı görülən işlərdən, bu sahədə dövlət tərəfindən onlara həvalə olunmuş layihələrin icra vəziyyətindən, Zarıslı çayı üzərində Şuşanın içməli suya olan tələbatını ödəyə biləcək Zəfər və Qələbə su anbarlarıının yaradılması haqqındakı planlardan və s. danışıb.
Professor Fərda İmanov çıxış edərək belə konfransların keçirilməsinin əhəmiyyətini xüsusi qeyd edib, onların silsilə olaraq aidiyyəti institutların və qurumların birgə təşkilatçılığı ilə keçirilməsini məqsədəuyğun hesab edib.
Konfransın bölmə iclaslarında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “yaşıl” iqtisadiyyatın ərazi təşkili, səhralaşma prosesi və onun risklərinin qiymətləndirilməsi, kəndlərin və kənd əhalisinin məskunlaşma xüsusiyyətləri, bioloji və landşaft müxtəlifliyi işğal və müharibədən sonrakı dövrdə mövzularında məruzələr dinlənilib. Həmçinin dağ yamaclarından səmərəli istifadənin problemləri, Qarabağ düzünün müasir təbii landşaftlarının dinamikası və antropogen transformasiyası, eləcə də Azərbaycan Respublikasında regionların davamlı inkişafi, şəhər məskunlaşmasının ərazi təşkili və regional problemləri, dağlıq regionlarda sel təhlükəsi, onların əhaliyə və təsərrüfat sahələrinə təsiri, davamlı inkişaf və yaşıl iqtisadiyyatın təşkili prinsipləri və s. mövzularda çıxışlar edilib.
Bildirilib ki, ilk dəfə olaraq Şərqi Zəngəzur ərazisində az meyilli dağ yamaclarının mənimsənilmə məqsədilə irimiqyaslı meyillilik və baxarlılıq xəritələri tərtib edilib, ərazidəki mövcud dağ yamaclarında meyillilik dərəcələri əsasında müasir aqrotexniki qaydalara uyğun mənimsənilmə yolları müəyyənləşib. Ərazinin təbii şəraiti və mövcud bazar iqtisadiyyatının tələbləri nəzərə alınmaqla yeni təsərrüfat sistemlərinin yaradılmasına dair elmi təkliflər verilib.
İlk dəfə Qarabağ və Şərqi Zəngəzur əraziləri timsalında landşaft-ekoloji şəraitə və istiliklə rütubətin nisbətinə əsaslanaraq iri miqyaslı səhralaşma riskləri xəritəsi tərtib edilib.
Adı çəkilən iqtisadi rayonlarında yaradılmaqda olan “yaşıl” iqtisadiyyatın yeni “ağıllı kənd”, “ağıllı kənd təsərrüfatı”, “ağıllı şəhər” və “ağıllı nəqliyyat” modelləri əhali məskunlaşması, istehsalın ixtisaslaşdırılması, yerli tələbatın ödənməsi və ixracat səviyyəsinə çatması, nəqliyyatın daxili və beynəlxalq şaxələndirilməsi kompleks prioritetlər kimi növbəti mərhələdə Azərbaycan Respublikasının digər regionlarına transformasiya olunacaq.
Həmçinin qeyd olunub ki, regionlarında görülən işlərlə yanaşı, yeni iş yerlərinin açılması, əhaliyə sosial-mədəni və məişət xidmətinin göstərilməsi, demoqrafik potensialın yerlərdə saxlanılması sahəsində problemlər hələ də qalır. Yerlərdə yeni iş yerlərinin açılması, əhaliyə sosial-mədəni və məişət xidməti göstərilməsi, demoqrafik potensialın saxlanılması sahəsində problemlər hələ də qalır. Regionlarda infrastruktur şəbəkəsinin müasir tələblər səviyyəsində qurulması birinci dərəcəli vəzifə kimi qarşıda durur.

Tehsil-press.az


Oxşar xəbərlər