Coğrafiya İnstitutunun builki elmi və elmi-təşkilati fəaliyyətinin hesabatı təqdim olunub

Coğrafiya İnstitutunun builki elmi və elmi-təşkilati fəaliyyətinin hesabatı təqdim olunub Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yer Elmləri Bölməsi və Coğrafiya İnstitutunun birgə iclasında institutun 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekun hesabatı təqdim edilib.
İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən tehsil-press.az-a bildirilib ki, iclasa sədrlik edən bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov gündəlikdəki məsələlər barədə məlumat verib.
Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov hesabat məruzəsində bildirib ki, institutun əməkdaşları 2016-cı ilin öz elmi–tədqiqat işlərini respublikamızın regionlarının iqtisadi–coğrafi problemlərinə, ekocoğrafi vəziyyətinin tədqiqinə, ölkənin müasir geosistemlərində baş verən dinamiki dəyişikliklərə, su ehtiyatlarına və insanın təsərrüfat fəaliyyətinə, iqlim dəyişmələrinin Azərbaycan təbiətinə və təsərrüfat komplekslərinə gözlənilən təsirinin qiymətləndirilməsinə, ölkənin coğrafi obyekt adlarının tədqiqinə, Xəzər dənizinin Azərbaycan akvatoriyasında hidrofiziki sahələrinin kompleks tədqiqinə və sair istiqamətlərə həsr ediblər.
R.Məmmədov cari ildə coğrafi tədqiqatların iki problem - Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqlarının, təbii ehtiyatlarının və onların ekocoğrafi xüsusiyyətlərinin tədqiqi, istehsalın, sosial infrastrukturun, əhalinin ərazi təşkilinin iqtisadi-coğrafi problemləri və Xəzər dənizi ekosisteminin kompleks tədqiqi əsasında aparıldığını diqqətə çatdırıb. O deyib ki, bu problemlərə dair icra olunan 15 mövzudan 7-si fundamental, 8-i isə tətbiqi əhəmiyyətli işlərdir.
Bu il institutun elmi-tədqiqat planına müvafiq olaraq əməkdaşlar tərəfindən yerinə yetirilən 15 mövzu, 18 iş və 19 mərhələdən cari ilin sonunda – 11 mövzu, 14 iş və 19 mərhələ başa çatıb. Bildirilib ki, başa çatmış elmi tədqiqat işlərindən 10-dan çox elmi nəticə əldə edilib.
İnstitutun rəhbəri ən mühüm nəticələrdən danışarkən qeyd edib ki, ilk dəfə hərəkətin diferensial tənliklərinin həll edilməsinə əsaslanan yol boyunca avtomobilin hərəkətinin simulyasiyası və vizuallaşdırılması metodu işlənib ki, bu metod Günəş avtomobillərinin naviqasiya sistemi əsasının təşkili və onların optimal idarəsinin həyata keçirilməsi üçün istifadə edilə bilər.
Həmçinin, Azərbaycan Respublikasının relyefi, geoloji quruluşu, iqlimi, su ehtiyatları, bitki-torpaq örtüyü, landşaftları və fiziki-coğrafi rayonlaşması bütün ölkə ərazisi üçün yeni faktiki materiallar əsasında təhlil edilib, müstəqillik illərində ölkəmizin və onun regionlarının iqtisadi-sosial inkişafında baş vermiş dəyişikliklər müəyyənləşdirilib. Tədqiqatların nəticələri Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülüb.
Akademik 4 qrant layihəsi üzrə aparılan elmi-tədqiqat işlərinin icrası haqqında məlumat verib və cari ilin sonunda daha 2 layihənin qalib gəldiyini qeyd edib. Bildirib ki, institut əməkdaşları tərəfindən çap olunan və ya çapa təqdim edilən 200-ə yaxın elmi əsərdən bir kitab, 6 monoqrafiya, bir elmi populyar kitab, 5 dərslik və dərs vəsaiti, 2 jurnal nəşr olunub. Çapa təqdim olunan 180-dən çox məqalə və 2 tezisdən isə 138-i artıq nəşr edilib. Xaricdə çap olunan 45 məqalədən 7-si impakt faktorludur. Həmçinin “Dünyanın iqlim xəritəsi” və “Azərbaycanın sellər xəritəsi” nəşr olunub, “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildi nəşrə verilib.
AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim Quliyev, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, akademik Hətəm Quliyev, institutun şöbə müdirləri – AMEA-nın müxbir üzvü Rauf Qardaşov və Ənvər Əliyev çıxış edərək hesabatla bağlı fikirlərini bölüşüblər.

Oxşar xəbərlər