Memarlıq və İnşaat Universitetinin professor-müəllim heyəti üçün onlayn vebinar təşkil olunub

Memarlıq və İnşaat Universitetinin professor-müəllim heyəti üçün onlayn vebinar təşkil olunub Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi-tədqiqat şöbəsinin təşkilatçılığı ilə “Elsevier” şirkəti professor-müəllim heyəti üçün “Məqalə nəşr etmək üçün jurnalları necə seçməli?” mövzusunda onlayn vebinar keçirib.
“Elsevier” şirkətinin analitik işlər üzrə məsləhətçisi Kirill İvanov çıxışında beynəlxalq elmi nəşrlərdə məqalə dərc etdirməyi planlaşdıran hər kəs üçün aktual olan məsələlərə toxunub, “Scopus” bazasından istifadə edərək platformada axtarışın müxtəlif üsulları, o cümlədən məqalələrin mövzusundan asılı olaraq uyğun jurnalların tapılması qaydaları barədə məlumat verib. Məruzəçi “Scopus” bazasında olan jurnallarda məqalələrə qoyulan tələblər, elmi məqalələrin təqdimetmə qaydaları, seçim meyarları və digər praktiki məsələlərdən də danışıb, professor-müəllim heyətini maraqlandıran sualları cavablandırıb.
Vebinarın sonunda 50 nəfər iştirakçı sertifikatlarla təltif olunub.
Qeyd edək ki, təlimin keçirilməsində məqsəd professor-müəllim heyətini, xüsusilə də gənc alim və tədqiqatçıları mühüm elmi-tədqiqat nəticələrinin əldə olunmasında və təbliğində böyük imkanlara malik olan “Scopus” bazasının resurslarından istifadə metodları, bazaya daxil olan nüfuzlu beynəlxalq jurnallarda məqalələrə qoyulan tələblər və onların idarə edilmə prinsipləri ilə tanış etməkdir.

Tehsil-press.az


Oxşar xəbərlər