Azərbaycan Xalq Cümhuriyyəti 104 ilin zirvəsində

Azərbaycan Xalq Cümhuriyyəti 104 ilin zirvəsində Cümhuriyyətin qurulmasına gedən yol uzun və bir sıra amillərin təsiri altında olub. Məlumdur ki, Azərbaycanın şimal torpaqlarında Çar Rusiyası işğalına qədər xalqın zəngin dövlətçilik ənənələri olub. 1828-ci ildə Azərbaycanın şimal torpaqları Çar Rusiyası tərəfindən işğal edildikdən sonra tamamilə yeni bir şərait yarandı. İki yerə bölünsə də, Azərbaycan xalqı işğalla barışmadı. Azərbaycanın şimalında işğala qarşı müqavimət hərəkatı, üsyanlar baş verdi. Amansızlıqla yatırılan üsyanlardan sonra müstəqillik şüurunun, onun daşıyıcılarının məhvinə başlanıldı. Müstəmləkəçiliyə qarşı çıxanları Sibir sürgünləri və həbsxanalar gözləyirdi.
Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru professor Musa Qasımlı deyib.
Professor bildirib ki, Cümhuriyyət elan edilənədək Sibir sürgünündə təxminən 5 min azərbaycanlı var idi. Çarizm orqanları hakimiyyət əleyhinə olan ən xırda təzahürləri qəddarlıqla məhv edirdi. Aparılan islahatlar başlıca olaraq çarizmin ümumi müstəmləkəçilik maraqlarına, ucqarları imperiyanın mərkəzinə daha sıx bağlamağa xidmət edirdi. Azərbaycanda demoqrafik şəraiti dəyişdirmək məqsədilə qeyri-azərbaycanlılar, xüsusən ermənilər iri şəhərlərə və müxtəlif yaşayış məntəqələrinə yerləşdirilirdi. Yadellilərin gəlməsi sadəcə demoqrafik şəraiti dəyişdirmədi, onlar, eyni zamanda, yerli əhaliyə məxsus zəngin torpaqlara sahib oldular və varlandılar. Gəlmələr üçün üstün şərait yaradılırdı. Bütün bunlar nəinki sosial deyil, eyni zamanda, milli ziddiyyətləri kəskinləşdirirdi. Sonrakı dövrlərdə baş verən ən böhranlı anlarda məhz gəlmələr çarizmin müstəmləkəçilik siyasətinin yerlərdə dayaqlarına çevrildilər. Azərbaycanın qarşılaşdığı bütün milli və ərazi problemlərinin kökləri məhz çar Rusiyası tərəfindən işğal edildidkən sonra qoyuldu. Çarizm özünün imperiya mənafeyi naminə Azərbaycanda işlərin aparılmasına kömək edən yerli etibarlı şəxslərdən ibarət məmurların hazırlanmasında maraqlı idi. Ona görə də yeni təhsil sistemini tətbiq etməyə başladı. Hansı məqsədlər güdməsindən asılı olmasına baxmayaraq, açılan məktəblər və mədəni-maarif müəssisələri Azərbaycan xalqının maariflənməsinə, dövrünün elm və mədəniyyət nailiyyətlərindən xəbər tutmasına imkan verirdi. Ana dilində ilk qəzet nəşr edildi. İlk milli teatr yaradıldı. Maarifçilik milli hisslərin oyanmasına, milli şüurun inkişafına, milli özünüdərkə və nəhayət, milli hərəkatın yaranmasına gətirdi. Azərbaycan xalqının millət olaraq formalaşmasında bu amillər mühüm rol oynadı. Rusiyada gedən proseslər, heç şübhəsiz, Azərbaycana da təsirsiz ötüşmədi: “İmperiya tərkibində olan Azərbaycanın şimalında xalqımızın ümmətçilikdən millətçiliyə keçməsi Cənubi Azərbaycana nisbətən daha sürətli oldu. Azərbaycanın şimalı Rusiya vasitəsilə Avropaya daha çox yaxınlaşdı. Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi və başqa ziyalılar xalqın maariflənməsində əvəzsiz xidmət göstərdilər. Çarizm dövründə yaradılan müxtəlif ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri xalqın problemlərinin həllinə yardım edilməsində, humanitar əsasda birləşməsində müəyyən rol oynadı. “Azərbaycanlılar” ifadəsindən həmin vaxtlarda dərc edilən rusdilli qəzetlərdə istifadə edilməyə başlandı”.
Professor Musa Qasımlı qeyd edib ki, çarizm Azərbaycanda türk və islam təfəkkürlü ziyalıları, müstəqillik tərəfdarlarını amansızlıqla təqib edirdi. Birinci Dünya müharibəsi və ya o zaman deyildiyi kimi, Böyük müharibə xalqları özlərini mühafizə etmək və gələcək həyatlarını necə qurmaq barədə düşünməyə vadar edirdi. İri imperiyaların və müstəmləkə zülmü altında inləyən xalqların həyatlarının əvvəlki kimi olmayacağı artıq müharibənin əvvəllərindən aydın idi. Müharibənin sonlarında yaranmış gərgin vəziyyətdə Azərbaycanın taleyi məsələsində azərbaycanlı ziyalılar Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və başqaları müstəsna rol oynayaraq məsuliyyəti öz üzərlərinə götürdülər. Azərbaycanın gələcəyini düşünən şəxslər müxtəlif yollar aramağa başladılar. Millətin problemlərinin həllində xeyriyyə cəmiyyətlərinin özünəməxsus rolu var idi.
1917-ci ilin fevral ayında Rusiyada çarizm devrildi, monarxiyaya son qoyuldu. Müvəqqəti hökumət quruldu. Bu zaman ölkədə faktiki olaraq üç hakimiyyət - Müvəqqəti hökumətin orqanları, sovetlər və ucqarlarda isə milli şuralar fəaliyyət göstərirdi. Oktyabr ayında bolşeviklərin hakimiyyətə çevriliş yolu ilə gəlməsi və müharibədən çıxdığını elan etməsi tamamilə yeni bir şərait yaratdı. Noyabr ayının əvvəllərində Bakıda bolşeviklər hakimiyyəti ələ aldılar. Bundan bir neçə gün sonra Tiflisdə Transqafqaz Komissarlığı yaradıldı. Rusiyada bolşevik hökuməti müharibədən çıxdığını elan edərək Almaniya və müttəfiqləri ilə barışıq imzaladı. Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məslisinə seçilən deputatlar mərkəzdə fəaliyyətə başlaya bilmədiklərindən və bu orqan bolşeviklər tərəfindən qovulduqdan sonra onlar 1918-ci ilin fevralında Tiflisdə Transqafqaz Seymini (parlamenti) yaratdılar. Seymdə Azərbaycan fraksiyası 44 nəfərdən ibarət idi. Həmin ilin aprelində seym Cənubi Qafqazın müstəqilliyini elan edərək Zaqafqaziya Demokratik Federativ Respublikasını yaratdı. Eyni zamanda, region əhalisinin etnik və dini mənsubiyyəti baxımından Osmanlı digər ölkələrdən xeyli üstün idi.
Azərbaycan uğrunda böyük dövlətlərin mübarizəsi gücləndi. Rus Qafqaz cəbhəsi dağıldıqdan sonra ordu hissələri ilə birlikdə geri dönən erməni silahlı dəstələri Cənubi Qafqazda kütləvi qırğınlar törətdilər. Qırğınların kulminasiya nöqtəsi 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilən soyqırımı oldu. Soyqırımında başlıca məqsəd müstəqillik tərəfdarlarını məhv etmək, onun sosial dayaqlarını dağıtmaq, müharibənin son mərhələsində döyüşən dövlətlərin strategiyasında mühüm yer tutan Bakı neftinə sahib olmaq, Azərbaycanın Rusiyadan ayrılmasına imkan verməmək və Osmanlının azərbaycanlılara kömək etməsinə imkan verməmək idi. Transqafqaz Seymi azərbaycanlılara qarşı erməni silahlı dəstələrinin törətdikləri qırğınları dayandıra bilmədi. Ermənilərin əsassız iddiaları nəticəsində kəskinləşən daxili ziddiyyətlər ucbatından Seymin süqutu yaxınlaşdı.
Azərbaycan Xalq Cümhuriyyəti üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Almaniyaya arxalanan gürcülər mayın 26-da Seymdən çıxaraq dövlət müstəqilliklərini elan etdilər. Azərbaycan fraksiyası mayın 27-də toplaşaraq dövlət müstəqilliyini elan etmək qərarına gəldi. Bu zaman Osmanlı ilə Zaqafqaziya arasında Batumda keçirilən danışıqlarında iştirak edən M.Ə.Rəsulzadə qiyabi olaraq Milli Şuranın sədri seçildi. Fraksiya özünü Azərbaycan Milli Şurası elan etdi. Azərbaycan xalqının tarixi istəyi yerinə yetirildi. Milli Şuranın mayın 28-də Tiflisdə keçirilən iclasında altı bənddən ibarət Azərbaycanın İstiqlal bəyannaməsi qəbul edildi.
Azərbaycanın idarə forması xalq cümhuriyyəti idi. Yeni dövlət bütün qonşularla mehriban münasibətlər qurmaq istəyini bəyan etdi. Ölkə ərazisində yaşayan bütün xalqlar üçün bərabər hüquqlar elan olundu. Cümhuriyyətin elanından sonra milli hökumət yaradıldı. Nazirliklər quruldu. Azərbaycanda icraedici hakimiyyəti hökumət həyata keçirirdi. Az sonra hökumət müvəqqəti paytaxt olan Gəncəyə köçdü. Hökumətin qarşısında dayanan ən vacib vəzifə Bakını yadelli qüvvələrdən xilas etmək idi. Osmanlı və Azərbaycan hərbçilərindən təşkil edilmiş Qafqaz İslam Ordusu qarşısında tab gətirə bilməyən Bakı Xalq Komissarları Soveti süquta uğradı. Onun yerində qurulan anti-milli Sentrokaspi hökuməti də qaçmağa məcbur oldu. Sentyabrın 15-də Bakı azad edildi. Hökumət paytaxta köçdü. Bakı şəhərinin yadellilərdən azad edilməsi Cümhuriyyətin elanından sonra ikinci böyük hadisə oldu.
Almaniya və müttəfiqləri müharibədə məğlub olduqdan və Osmanlı qüvvələri çıxdıqdan sonra Bakıya noyabrın 17-də ingilis generalı Tomson başda olmaqla müttəfiq qoşunları gəldi. Erməni, rus milli şuralarının anti-Azərbaycan fəaliyyətinə baxmayaraq, Tomson Bakıda vəziyyətlə tanış olduqdan sonra bildirdi ki, Azərbaycan hökumətinə və baş nazirinə böyük hörmət bəsləyir və yeni koalisiyalı hökumət yaradılana qədər onun hökuməti ölkədə yeganə qanuni hökumət olaraq qalır. Osmanlı bayrağına bənzəyən Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dəyişdirildi və üçrəngli bayraq qəbul edildi. Gəncədə hərbi və mülki hakimiyyət arasında yaranmış ixtilaflar nəticəsində fəaliyyətini dayandırmış Milli Şura noyabrda Bakıda fəaliyyətə başladı. Milli Şura Azərbaycan parlamentini 120 nəfərdən ibarət formalaşdırmağı qərara aldı. Azərbaycan parlamentinin yaradılması haqqında qanun 1918-ci il noyabrın 19-da qəbul edildi. Parlamentin tərkibinə əhalinin sayına uyğun olaraq 80 nəfər azərbaycanlı və digər xalqların nümayəndələri daxil edilməli idi. 1918-ci il dekabrın 7-də Tağıyevin qız məktəbində (indiki Əlyazmalar İnstitutunun binasında) Azərbaycan parlamenti açıldı. On bir fraksiyanın fəaliyyət göstərdiyi parlamentdə yerlər bölüşdürülmüşdü - türk-müsəlman əhali 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1, gürcülər 1, polyaklar 1, Bakı həmkarlar ittifaqı 3, Bakı neft sənayeçiləri Şurası və Ticarət-Sənaye İttifaqı 2 yer. Lakin Azərbaycanın müstəqilliyini qəbul etməyən ermənilər və başqaları parlamentin işində iştirakdan boyun qaçırdılar. Parlamentin 155 iclası keçirildi. Müzakirəyə çıxarılan 270-dən çox qanun layihəsindən 230-u qəbul edildi. Parlamentin sədri vəzifəsinə Əlimərdan bəy Topçubaşov, müavinləri Həsən bəy Ağayev və Məmmədyusif Cəfərov seçildilər. Parlamentin sonuncu iclası 1920-ci il aprelin 27-də keçirildi. 1920-ci ilin aprelində bolşevik Rusiyası Azərbaycanı işğal edərək müstəqil dövlətə son qoydu. Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı. Cümhuriyyət bir sıra amillər ucbatından süquta uğradı: “Ölkədə dövlət quruculuğu problemlərsiz deyildi. Aparılan islahatların ardıcıl deyildi. Aqrar islahat həyata keçirilmədi. Cümhuriyyətin sosial dayaqları zəiflədi. Çarizm tərəfindən Azərbaycana köçürülən bir sıra gəlmə xalqlar dövlət müstəqilliyini tanımırdılar. Erməni təcavüzü dövləti zəiflədirdi. Erməni terrorunun və ərazilərin işğalının dayandırılması başlıca problemlərdən idi. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı müstəqil dövlətin yanında idi. Cümhuriyyət daxili deyil, xarici amillər səbəbindən məğlub oldu”.
Cümhuriyyət 23 aylıq fəaliyyəti dövründə mühüm addımlar atdı. Azərbaycan dünya demokratiyasına töhfə verdi, qadınların səsvermə hüququnu tanımaqla Qərb ölkələrinə nümunə oldu. Himn və bayraq qəbul edildi. Xüsusi xidmət orqanları yaradıldı. Sərhəd və gömrük xidməti quruldu. Ordu yaradıldı. Türk dili (Azərbaycan dili) dövlət dili elan edildi. İbtidai və orta məktəblərdə işlərin ana dilində aparılması haqqında qanun qəbul edildi. Bakı Dövlət Universiteti yaradıldı. Təhsil və xalq maarifi, səhiyyə sahəsində tədbirlər həyata keçirildi. Ölkənin hər yerində müxtəlif səviyyəli məktəblər açıldı. Dərsliklər hazırlanmağa başladı. Xaricdən müəllimlər dəvət edildi. Mədəniyyətə xüsusi diqqət yetirildi. Teatrlar, kitabxanalar yaradıldı. Ana dilində mətbuat orqanları quruldu. Milli kadrların hazırlanmasına xüsusi diqqət yetirildi. 100 nəfər azərbaycanlı gəncin xarici ölkələrdə oxumağa göndərilməsi barədə qərar qəbul edildi.
Professor Musa Qasımlı vurğulayıb ki, Cümhuriyyət olmasaydı, heç şübhəsiz, Azərbaycan SSR də qurula bilməzdi: “Cümhuriyyətin qurulması və fəaliyyəti əhəmiyyətinə görə Azərbaycan sərhədlərini aşaraq daha geniş bir anlam daşıyırdı. Müsəlman dünyasına respublika məfhumunu, məfkurəsini, idarə üsulunu Azərbaycan xalqı gətirdi, müsəlman xalqlarına zülmətdən xilas olmağın yolunu göstərdi, ürəklərində ümid çırağı yandırdı. Heç əbəs deyil ki, Cümhuriyyət yaradıldıqdan sonra Sibir sürgünündə azərbaycanlılarla yanaşı zülm çəkən yüzlərlə ərəb, fars, əfqan və başqa xalqların nümayəndəsi Azərbaycan vətəndaşı olmaq üçün müraciət etmişdilər. Bu gün Şərqdə müstəmləkəçiliyn və müstəmləkə zülmü altında inləyən xalqların olmaması eyni zamanda Cümhuriyyətin təsiri və Azərbaycan xalqının tarixi xidmətlərindən biridir. Cümhuriyyət tarixinin öyrənilməsi bəzi ibrət dərslərini almağa imkan verir. Bunun üçün ilk növbədə həmin dövrdə buraxılan səhvləri dərindən bilmək və onlardan müvafiq nəticələr çıxarmaq gərəkdir. Hər şeydən əvvəl, Cümhuriyyətin tarixi təcrübəsi göstərdi ki, dövlətin yaradılmasını liberal dəyərlərlə elan etmək olar, amma daxili və xarici təzyiqlərin daim olduğu və olacağı bir şəraitdə onu liberalizmlə qorumaq mümkün deyildir. Xalq öz dövlətinin mühafizəsinə, güclənməsinə və tərəqqisinə çalışmalı, onu qorumalı, maraqlarını hər şeydən uca tutmalıdır. Hakimiyyət qanadları arasında sıx birlik olmalıdır. Dövlət hakimiyyəti güclü, qüdrətli olmalıdır. Azərbaycan xalqının tərəqqisinin və qarşıya qoyduğu başlıca məqsədlərə nail olmasının təməlində güclü dövlət amili dayanır. Zəif dövlət və idarəçilik olan zamanlarda Azərbaycan xalqı daim geri gedib, böhranlara düşüb. Dünyanın hansı ölkəsində yaşamasından, hansı siyasi təşkilata mənsubluğundan asılı olmayaq, hər bir azərbaycanlı daim Azərbaycanın maraqlarını uca tutmalı, ümumi məqsədlərə xidmət etməlidir. Xaricdə yaşayan soydaşlarımız yalnız Azərbaycanın yanında olduqda böyük, güclü və qüdrətlidirlər. Hansı sistem və ideologiyadan asılı olmayaraq tariximizə və keçmişimizə olduğu kimi, hörmətlə yanaşılmalıdır”.
Azərbaycan Xalq Cümhuriyyəti dövrü tarixinin araşdırılmasına, milli tariximizə, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasına və inkişafına dövlət səviyyəsində xüsusi diqqət yetirilir. Bu gün tam əminliklə deyə bilərik ki, Cümhuriyyət xadimlərinin arzuları həyata keçirilib. Cümhuriyyət xadimləri Azərbaycan neftinə dair beynəlxalq konsorsium yaradılmasını arzulasalar da, onu həyata keçirmək mümkün olmamışdı. Ancaq təbii sərvətimiz olan nefti ilk dəfə ulu öndər Heydər Əliyev milli sərvətə çevirdi və beynəlxalq konsorsium yaratdı. Cümhuriyyət xadimlərinin arzusu olan güclü Azərbaycan dövləti qurulub. Bugünkü Azərbaycan Respublikası Cümhuriyyətin varisidir. İşğal altında olan ərazilərimiz azad edilib. Dövlət bayrağımız Şuşada və işğaldan azad edilən digər torpaqlarımızda dalğalanır.
Azərbaycan dövləti ərazisinin bir sıra ölkələrdən kiçik, əhalisinin isə az olmasına baxmayaraq, Prezident İlham Əliyevin liderliyi sayəsində dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib və birləşdirici gücdür. Cümhuriyyətin 104 illiyi zirvəsindən bir daha aydın görünür ki, Azərbaycan dövlətinin və xalqının gözəl gələcəyi var.

Tehsil-press.az


Oxşar xəbərlər