Akademik İradə Hüseynova Qarabağ Elmi-Tədqiqat Bazasında görülən işlərlə tanış olub

Akademik İradə Hüseynova Qarabağ Elmi-Tədqiqat Bazasında görülən işlərlə tanış olub AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova Genetik Ehtiyatlar İnstitutunun Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən Qarabağ Elmi-Tədqiqat Bazasında (QETB) olub.
Akademik İradə Hüseynova son dövrlərdə bu elmi-tədqiqat bazasının infrastrukturunun bərpası və aqrar tədqiqatların aparılması üzrə planlar və görülmüş ilkin işlərlə, buğdanın bölgə üçün yaradılmış Maya, Alyans, Cənub, Almaz, Leyla, Start, Xəmsə, Qayıdış və s. sortlarının, arpanın Uğur və Cəmil sortlarının, taxıl bitkilərinin digər perspektiv sort, forma və hibridlərinin, tərəvəz bitkilərinin sınaq və artırma əkin sahələri ilə tanış olub.
AMEA-nın müxbir üzvü Zeynal Əkpərov elmi-tədqiqat bazasının bərpası ilə bağlı Genetik Ehtiyatlar İnstitutu tərəfindən görülən işlər barədə danışıb, mövcud problemlərə və planlara diqqət çəkib.
Qarabağ Elmi-Tədqiqat Bazasının direktoru Həmid Mehdiyev və bazanın əməkdaşları qonaqlara perspektiv sortların 30 hektar ərazidə aparılmış toxumçuluq manqası, toxum pitomniki, artırma, super elit və elit pitomnikləri barədə məlumat veriblər. Qeyd edilib ki, gələcəkdə meyvə bitkilərinin müxtəlif sortlarından ibarət genofond bağının salınması məqsədilə bazanın ərazisində tinglik sahəsi yaradılıb, burada calaqaltı üçün 800 ədəd cır ərik əkilib, müxtəlif meyvə bitkilərinin toxumları səpilərək normal çıxış alınıb, 50 ədəd müxtəlif nar sortunun qələmləri, 40 ədəd şam, tarla düşərgəsinin ətrafına isə yaşıllıq məqsədilə çinar, zeytun, qoz və digər ağaclar əkilib. Bazada kartofun genofondunun yaradılması və müqayisəli tədqiqi məqsədilə Azərbaycanın müxtəlif bölgələrindən toplanmış 60 yerli və introduksiya olunmuş sort və sort-forma əkilərək normal çıxış alınıb və hazırda bitkilərə aqrotexniki becərilmə işləri aparılır. Tərəvəz və bostan bitkilərinin genbankdan götürülmüş yerli və introduksiya olunmuş 80 pomidor, 10 badımcan və 3 bibər sortu və sort formasının nümunələri əkilərək aqrotexniki qaydada becərilmə işləri davam etdirilir. Qarabağ Elmi-Tədqiqat Bazasının əməkdaşları yetişdirilmiş məhsulun itkisiz yığılması, kolleksiya nümunələrinin struktur analizlərinin və dəqiq hesabatının aparılması, toxumluq əkinlərin abrobasiyasının təşkili, yeni sortların dərzlərinin götürülməsi, toxumların müvafiq kondisiyayadək hazırlanması kimi qarşıda duran vəzifələrdən də danışıblar.
Akademik İradə Hüseynova Qarabağ Elmi-Tədqiqat Bazasında həyata keçirilən və planlaşdırılan fəaliyyətlərin qısa zamanda regionun davamlı inkişafına verəcəyi töhfələri nəzərə alaraq infrastrukturun bərpasının AMEA rəhbərliyinin diqqətində olduğunu deyib, planlaşdırılan tədbirlər haqqında məlumat verib. O, torpaq sahəsinə mövcud dövlət aktına əsasən reyestrdən çıxarışın alınmasının vacibliyini vurğulayıb, eləcə də bazanın elektrik enerjisi və kənd təsərrüfatı texnikası ilə təmin olunması istiqamətində addımlar atılacağını bildirib. Akademik İradə Hüseynova görülən işlərə görə əməkdaşlara təşəkkür bildirib, onlara tövsiyə və tapşırıqlarını verib.
Sonra akademik İradə Hüseynova Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. İcra başçısı rayonun sosial-iqtisadi inkişafı, işğaldan azad edilmiş ərazilərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bərpası, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verib, icra hakimiyyətinin Qarabağ Elmi-Tədqiqat Bazasına kömək göstərməyə hazır olduğunu söyləyib.
Akademik İradə Hüseynova Qarabağ Elmi-Tədqiqat Bazasının bərpası ilə bağlı AMEA-nın planları, görülmüş işlər, mövcud və təcili həllini gözləyən problemlər, perspektivlər barədə danışıb, problemlərin həlli üçün rayon təşkilatları ilə əməkdaşlığın vacibliyinə diqqət çəkib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Tehsil-press.az


Oxşar xəbərlər