AMEA-nın İnventarlaşdırma Komissiyasının ilk iclası keçirilib

AMEA-nın İnventarlaşdırma Komissiyasının ilk iclası keçirilib AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin sərəncamı ilə yaradılmış və akademiyanın elmi müəssisə və təşkilatlarının balansında olan torpaq sahələri, çoxillik əkmələr və digər kənd təsərrüfatı təyinatlı materiallar barədə məlumatların dəqiqləşdirilməsi məqsədilə onların siyahıya alınmasını nəzərdə tutan İnventarlaşdırma Komissiyasının ilk iclası keçirilib.
İclas karantin qaydalarına riayət edilməsi və sosial məsafənin gözlənilməsi ilə, eləcə də bəzi komissiya üzvlərinin və digər əlaqədar şəxslərin iştirakı ilə “Zoom” platforması üzərindən keçirilib.
Toplantıya sədrlik edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova qeyd edilən sərəncamın AMEA-nın elmi müəssisə və təşkilatları, onların tabeliyində olan torpaqlar barədə məlumat bazasının təkmilləşdirilməsi zərurətindən meydana gəldiyini bildirib. O, bu sərəncamın son dövrlər AMEA-da aqrar elm sahəsində fəaliyyətlərin yüksək səviyyədə təşkili və daha effektiv multidissiplinar tədqiqatların aparılması, elmi nailiyyət və innovasiyaların tətbiqi işinin gücləndirilməsi istiqamətində atılmış mühüm addımlardan biri olduğunu deyib.
Alim “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”nda aqrar tədqiqatlara da xüsusi yer ayrıldığını söyləyib. O, bu tədqiqatların, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin elmi müəssisələri ilə birgə gerçəkləşdirilməsi planlaşdırılan layihələrdə AMEA-nın institutlarının nəzdində olan torpaq sahələrindən elmi əsaslı səmərəli istifadənin təşkili məsələlərinin vacibliyindən danışıb.
Sonra komissiyanın sədri, AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdir müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov müvafiq sərəncamın icrası istiqamətində görülmüş işlərdən, elmi-tədqiqat bazaları və dayaq məntəqələrinin nəzdində olan torpaq sahələrinin, texniki vasitələrin və tikililərin istifadəsində mövcud olan problemlərdən bəhs edib. O, müvafiq qurumların bir çoxunun əsasnaməsinin mövcud olmadığına, torpaq istifadəsi zamanı institutların mandatlarına və elmi fəaliyyət istiqamətlərinə riayət edilmədiyinə diqqət çəkib. Ə.Eyvazov Bakı ətrafında mövcud olan sahələrdə aparılmış inventarlaşdırılma haqqında məlumat verib, yaxın zamanlarda bu işin regionlarda da davam etdiriləcəyini bildirib.
Tədbirdə çıxış edən AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdiri, professor Elton Məmmədov komissiya sədrinin ilkin monitorinqlərin nəticələri barədə təqdim etdiyi məlumatları yüksək qiymətləndirib, problemlərə kompleks, konseptual yanaşmanın vacibliyini vurğulayıb. O, inventarlaşdırma nəticəsində mühüm innovativ nailiyyətlərin əldə edilməsinə istiqamətlənmiş qərarların qəbul ediləcəyinə ümidvar olduğunu deyib.
Daha sonra komissiyanın üzvləri, müvafiq institutların məsul şəxsləri çıxış edərək müzakirə olunan məsələlərlə bağlı mövcud vəziyyətə dair məlumat verib, onlara ünvanlanmış sualları cavablandırıblar.
Sonda akademik İradə Hüseynova AMEA-nın elmi müəssisə və təşkilatlarının balansında və istifadəsində olan torpaqların və digər materialların inventarlaşdırılmasının nəticələrinə dair məlumatların bir ay müddətində sistemləşdirilərək AMEA-nın rəhbərliyinə təqdim edilməsi ilə bağlı tapşırıqlar verib.

Tehsil-press.az

Oxşar xəbərlər