Uşak Universitetinin rektoru BDU-da “Bəzi yeni ardıcıllıqlar fəzası” mövzusunda məruzə edib

Uşak Universitetinin rektoru BDU-da “Bəzi yeni ardıcıllıqlar fəzası” mövzusunda məruzə edib Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin növbəti elmi seminarı keçirilib. Seminarda Türkiyənin Uşak Universitetinin rektoru professor Ekrem Savaş “Bəzi yeni ardıcıllıqlar fəzası” mövzusunda məruzə edib.
Seminardan əvvəl çıxış edən BDU-nun rektoru Elçin Babayev Ekrem Savaşın türk dünyasının önəmli riyaziyyatçılarından biri olduğunu, dünyanın qabaqcıl elmi jurnallarında çox sayda elmi məqalələrinin çap edildiyini vurğulayıb.
Tədbirin moderatoru, professor Arif Səlimov Ekrem Savaşın elmi fəaliyyəti haqqında danışaraq bildirib ki, o, 2010-cu ildən Türkiyə Elm və Texnologiya Komitəsinin (TÜBİTAK) Elmi araşdırmalara dəstək proqramları İdarə Heyətinin, 2012-ci ildən Türkiyə Elmlər Akademiyasının həqiqi üzvüdür. Ekrem Savaşın “Web of Science”da çap olunmuş məqalələrinin sayı 266, həmin məqalələrə istinadların sayı 1964, H-indeksi isə 37-dir.
Sonra Ekrem Savaş tədbir iştirakçılarını rektoru olduğu Uşak Universiteti haqqında məlumatlandırıb. Qeyd edilib ki, Uşak Universitetinin 14 fakültəsində 26 mindən çox tələbə, o cümlədən 55 xarici ölkədən tələbə təhsil alır.
Ekrem Savaş bildirib ki, təbiətşünaslığın bir çox sahələrində gedən proseslərin riyazi modelləşdirilməsi zamanı yeni fəzaların qurulmasına ehtiyac yaranır. O, bəzi yeni ardıcıllıqlar fəzasının qurulması və strukturu haqqında məlumat verib. Bildirilib ki, yeni fəzalarda ardıcıllıqların statistik yığılması iqtisadiyyatda da mühüm əhəmiyyət kəsb edir.
Sonra suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər