Dünya dəyişirsə, məktəblər də dəyişməlidir

Dünya dəyişirsə, məktəblər də dəyişməlidir Fernando Reimers: “Biz elə insanlar yetişdirməliyik ki, onlar cəmiyyətə töhfə verə bilsinlər”
“Yeni çağırışlar”da növbəti qonaq dünya şöhrətli professor Fernando Reimers olub. Harvard Universitetinin professoru, Qlobal Təhsil İnnovasiyaları Təşəbbüsünün direktoru Fernando Reimers sülh içərisində yaşayaraq dünya vətəndaşı olmaq çağırışı ilə çıxış edib. Belə ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” proqramının 25 iyul 2022-ci il tarixində yayımlanan bölümündə Fernando Reimers ilə qlobal təhsil və yeni səriştələr barədə danışılıb.
“T-Network”ün koordinatoru, təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında proqram Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Mətin Axundlunun tərcüməsilə Azərbaycan dilində canlı yayımlanıb.
Qlobal vətəndaşlıq
Aparıcı Cəfər Mənsimi Fernando Reimersin uşaqlar üçün yazdığı “Filomenanın dostları” (Filomena`s Friends) kitabından olan illüstrasiya fonunda qonağı salamlayıb və izləyicilərə təqdim edib. C.Mənsimi bildirib ki, F.Reimers UNESCO-nun Təhsilin Gələcəyi Komissiyasının üzvü olaraq “Gələcəyimizi birgə dizayn etmək” hesabatını hazırlayıb. Dünyanın bir çox məktəblərində istifadə olunan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun kurikulum tərtib edib. Hazırda onun fəaliyyəti təhsildə innovasiya, təhsilin siyasəti, liderliyi və müəllimlərin peşəkar inkişafına yönəlib. O, bu anlayışların uşaqların və gənclərin hərtərəfli inkişafına təsirini öyrənən tədqiqatlar aparır. Həmçinin, Harvard Universitetinin qlobal missiyasının inkişafı üçün çalışır və iqlim dəyişikliyinə yönəlik proqramların effektivliyinin artırılması üzərində işlər aparır. Harvardda bir çox məsləhət şuraları və komitələrin üzvüdür. Rəhbərlik etdiyi Qlobal Təhsil İnnovasiya Təşəbbüsü ölkələrarası tədqiqat və təcrübə əməkdaşlığını əks etdirir. “Qlobal vətəndaşların inkişafı: dünya kursu”, “Gələcəyi daha yaxşı inşa etmək üçün təhsil”, “Pandemiya dövründə məktəb və universitet əməkdaşlığı”, “Təhsil üçün yeni sosial müqavilə: gələcəyimizi birgə dizayn etmək”, “Qlobal dünyada əməkdaşlıq”, “Sinif otaqlarının və düşüncələrin inkişafı üçün 12 dərs” adlı 45 kitabın müəllifi və redaktorudur. 1998-ci ildən Harvard Universitetində işləyən professor daha öncə Dünya Bankında çalışıb.
Aparıcının professora ünvanladığı ilk sual “Sizin fəaliyyətinizə nəzər yetirdikdə ana xətt olaraq qlobal vətəndaşlıq önə çıxır. Nə vaxtdan və necə qlobal vətəndaş olmağa qərar verdiniz?” olub. Fernando Reimers “Yeni çağırışlar” proqramında, qonaq, həmsöhbət olmaqdan məmnunluğunu bildirərək qeyd edib ki, bəşər övladı yaradıldığı andan başlayaraq bütün təkamül boyu öz kimliyinin, mənsubiyyətinin axtarışında olub. Bunu icmaların, ailələrin, kəndlərin, daha sonra qəsəbə və şəhərlərin timsalında misal gətirən qonaq valideynlərinin İspaniyada anadan olaraq Venesuelaya köçdüyünü, özünün isə Venesuelada anadan olub ABŞ-da böyüyüb təhsil aldığını, fransız miqrantlarının təsis etdiyi məktəbdə oxuduğunu, bir çox mədəniyyət və millətlərlə qaynayıb-qarışdığını izləyicilərin diqqətinə çatdırıb. Bundan irəli gələrək F.Reimers bütün həyatı boyu qlobal vətəndaş olmaq hissini özündə yaşadığını deyib.
Təhsil dünyasında təbliğ etdiyi əsas ideya haqqında sualı cavablandıran yazıçı söyləyib: “Biz elə insanlar yetişdirməliyik ki, onlar öz talelərinin, bacarıqlarının memarları olsunlar, öz gələcəklərini qurmaqla yanaşı cəmiyyətə də töhfə verə bilsinlər. Yəni, nə qədər çox dolğun, kamil insanlar olsa, cəmiyyət də bir o qədər xeyirxah və uğurlu nəticələrlə üzləşəcək”.
Qlobal çağırışlar
“Dünya dəyişirsə məktəblər də dəyişməlidir” deyiminin müəllifi F.Reimers bu sözləri söyləyərkən bir neçə məqamı nəzərdə tutduğunu qeyd edib. O, birinci növbədə, gənclərə yaşadıqları gerçək dünyanı daha yaxşı başa düşmək üçün yardımçı olmağı, onlara dünyada mövcud olan çağırışları anlatmağı tövsiyə edib. İqlim dəyişikliyi, daha ağıllı istehlakçı yanaşmaları, insanların gender, irq, milliyyət və s. mənsubiyyətindən asılı olmayaraq hüquq azadlıqları kimi bir sıra reallıqlar və çağırışlarla artıq təhsil müəssisələrində tanış olmağın, məktəb kurikulumuna daxil edilməsinin vacibliyini qeyd edərək professor şagirdlərdə lazımi bacarıqların formalaşdırılmasının önəminə diqqət çəkib. Fernando Reimers təəssüflə bildirib ki, hazırkı yaşadığımız dövrdə belə bəzi qrup insanlar özlərini digərlərindən daha üstün hesab edir və insan hüquqlarının ancaq onlara aid olduğunu düşünürlər. Dünya şöhrətli professor şagird və tələbələrə düzgün layihə əsaslı təhsil verməklə, doğru yanaşmalardan istifadə etməklə buna qarşı çıxmağa çağırıb, sağlam düşüncəli gələcək nəsil yetişdirməyin mümkünlüyündən danışıb.
Bir meksikalı tələbəsinin həyata keçirdiyi layihəni misal gətirən harvardlı müəllim müəyyən bir problemin həlli yollarını axtaran 14-15 yaşlı şagirdlərin səyi nəticəsində məktəbdə içməli su problemini aradan qaldırdıqlarını, birgə vəsait toplayıb borular, nasos alaraq məktəbə içməli su xətti çəkmələri barədə danışıb. Məktəbin dayanıqlılığını, susuzluq səbəbindən bir çox şagirdin məktəbə gəlmədiyini, həmin məktəbi tərk etdiyini nəzərə alan şagirdlər mövcud problemi aradan qaldırmağa nail olubar. F.Reimers deyib: “Biz şagird və tələbələri lazımi biliklə təmin etdikdə onlar reallıqla nəzəriyyəni qovuşdurur, uzlaşdıra bilirlər və qarşıda duran problemləri həll edirlər”.
Qlobal təhsil
Fernando Reimers bildirib ki, dünyada cərəyan edən hadisələr həm lokal, həm də qlobal xarakter daşıyır və heç bir lokal hadisə qlobal olmadan ötmür. İqlim dəyişikliyini nümunə göstərən alim heç bir ölkənin qlobal iqlim dəyişikliyindən kənarda qalmadığını söyləyib, ayrı-ayrı ölkələrdə mövcud olan problemlərin dünyanın ümumi problemi olması anlayışını şagirdlərə başa salmağın çox vacib olduğunu bildirib: “Biz istər miqrasiya, istər ticarət və s. reallıq və problemlərin dünyada necə təşəkkül tapdığını görürük. Təhsil bu cür qlobal məsələləri özündə ehtiva etməlidir. Ölkə və millətlərin fərqli cəhətləri vardır. Bu fərqli cəhətləri bir güc kimi görmək, onları bəşəriyyətin faydasına çevirmək lazımdır. Hər bir məktəb də bu missiyanı anlamalıdır ki, əsas vəzifəsi dünyanı qoruya biləcək, qlobal problemləri həll edəcək gənc nəsil yetişdirməkdir. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri 2015-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmişdir. Bu məqsədlərin əsas prinsipləri inklüzivlik və dayanıqlılıqdır. Həmin prinsipləri biz gələcək nəslə çatdıra bilsək, dünyanı yaxşılığa doğru apara bilərik”.
Harvardlı professor hesab edir ki, milli kurikulum və qlobal təhsil bir-birini tamamlamalıdır. Şagirdlərə yaşadıqları ölkənin tarixi, coğrafiyası və s. keçilməklə yanaşı çatdırılmalıdır ki, onların ölkəsi də dünyanın bir hissəsidir və bu baxımdan onların dünya tarixi, coğrafiyası, mədəniyyəti haqqında da anlayışları olmalıdır. F.Reimers təəssüflə bildirib ki, bir çox ölkələrdə şagirdlərə bu biliklər aşılanmır, ölkələr vardır ki, şagirdləri BMT-nin nə olduğunu bilmir, onlara bu barədə məlumat verilmir. Qonaq BMT-nin II Dünya müharibəsindən sonra növbəti müharibələrin qarşısının alınması məqsədilə yaradıldığını vurğulayıb, belə bir beynəlxalq insan hüquqları bəyənnaməsinin mövcudluğundan, onun nə üçün qəbul edildiyindən, digər insanların şərəf və ləyaqətinə hörmət etmək, hüquqlarına toxunmamaq kimi anlayışlar haqqında bir çox insanların məlumatsız olduğunu söyləyib. Qonağın fikrincə, milli və qlobal təhsil bir-birini istisna etməməli, əksinə tamamlamalıdır.
Dünyanı yaxşılaşdırmağı öyrənmək
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq tələbələrilə birgə kurikulum hazırladığını izləyicilərin diqqətinə çatdıran Fernando Reimers ilkin olaraq kurikulumu məzun olmağa hazırlaşan yuxarı sinif şagirdləri üçün nəzərdə tutduğunu bildirib. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri haqqında şagirdlərin məlumatlandırılmasının əsas məqsəd olduğunu vurğulayan professor qeyd edib ki, sonradan həmin kurikulumu tək yuxarı sinif şagirdlərinə deyil, 1-dən 12-ci sinfə qədər nəzərdə tutulan kurikulum halına salıb, bələdçi təlimat sənədinə çevirib.
Professor onu da qeyd edib ki, tələbələrlə birgə hazırladığı “Dünyanı yaxşılaşdırmağı öyrənmək” (Learning to Improve the World) kitabı ilkin olaraq 20 min nüsxədə çap edilib. Lakin müəllimlər təlim keçmədikləri üçün bu kurikulumu tədris etməklə bağlı müəyyən çətinlik çəkmələri haqqında rəy bildirdikdən sonra, F.Reimers 30 tələbəsi ilə birlikdə bu kitabın daha sadələşdirilmiş formasını - “Dünyanın yaxşılaşdırılması üçün 60 dərslə şagirdləri təkmilləşdirmək” (Empowering Students to Improve the World in Sixty Lessons) kitabçasını hazırlayıb. Bu kurikulum 1-dən 12-ci sinfə qədər şagirdləri əhatə edir və hər sinifə 5 dərs nəzərdə tutulur, bu da 60 dərs edir. Kitabın çapında məqsəd şagirdlərə və müəllimlərə dünyanı dəyişməyə, onun daha inklüziv edilməsinə, dayanıqlı inkişafına öz töhfəsini verməkdir. Yəni, bu kitab müəllimlərin təlimatlandırılması üçün bir rəhbər sənəddir. Müəllimlər bu kitabı oxuyaraq dərsi hansı formada çatdıracağını aydınlaşdıra, hətta özləri kurikulum hazırlaya bilərlər. Yazıçı bildirib ki, bu kitab oxucular tərəfindən çox müsbət qarşılanıb və həqiqətən də bir bestsellerə çevrilib, ərəb, türk, ispan, çin və s. dillərə tərcümə olunub.
Uğurlu məktəb modeli
Gələcəyin təhsil modelinin indiki təhsil modelindən nə ilə fərqlənməsi ilə bağlı sualı cavablandıraraq professor qeyd edib ki, gələcək haqqında danışarkən tələbələrə kim olduqlarını, bu dünyada təyinatlarının nədən ibarət olduğunu və s. suallara cavab tapmasında kömək etmək gərəkdir. İstənilən təhsil sistemi şagird və tələbələrə özünü dərk etməkdə, məqsədlərini kəşf etməkdə, insan hüquqlarını başa düşməkdə, daha da inklüziv cəmiyyətin qurulması üçün onlara yol göstərməlidir. Bu baxımdan tədris cansıxıcı deyil, coşqulu, həyəcanverici olmalıdır.
Cəfər Mənsimi F.Reimersə bir çox qonaqların məktəbin cansıxıcı olduğunu vurğuladıqlarını deyib. Bu məsələyə münasibət bildirən harvardlı müəllim müxtəlif məktəblərin mövcudluğunu qeyd edərək yaxşı məktəblərin də az olmadığını söyləyib, belə məktəblərdən ibrət götürməyi məsləhət görüb. Həmçinin peşəsini yaxşı bilən müəllimlərin də yetərincə olduğunu deyən professor belə müəllimlərdən faydalanmağı, onların əməyini qiymətləndirməyi tövsiyə edib. O qeyd edib ki, ən azı ildə bir dəfə valideyn və şagirdlərin iştirakı ilə fərqlənmiş müəllimin mükafatlandırılması, məktəbdə təhsil prosesinə ictimaiyyətin cəlb olunması çox vacibdir. Bütün bunlar yaxşı məktəb modelini yaratmağa kömək edər.
Sinqapur təcrübəsi
Həmmüəllifi olduğu “Sinqapur təhsilindən 15 məktub” (Fifteen Letters on Education in Singapore) kitabı haqqında bəhs edən Fernando Reimers həmin kitabı Massaçusets Texnologiya İnstitutunun 15 müəlliminin kollektivliyi ilə 2015-ci ildə Sinqapura etdikləri səfər sonrası rəy və təəssüratlar əsnasında ərsəyə gətirdiklərini diqqətə çatdırıb. Sinqapurun həm təhsil, həm dayanıqlı inkişaf mərhələsində sayılıb seçilən dövlət olduğunu söyləyən yazıçı bildirib ki, Sinqapurun müstəqillik əldə etməsindən 60 ildən az müddət keçməsinə baxmayaraq onlar bu illər ərzində böyük bir yol qət ediblər. Təbii resurlardan kəsad, hətta içməli suyu belə olmayan, əhalisinin böyük əksəriyyəti savadsız olan bir ölkədən inkişaf etmiş, mükəmməl təhsilə sahib bir dövlətə çevriliblər. Professor vurğulayıb ki, bu nailiyyətlərə çatmaq uğrunda onlar 3 şərti qəbul ediblər: 1-ci şərt ondan ibarət idi ki, mütləq olaraq qanunun aliliyi prinsipini qəbul edəcəklər, hamı qanun qarşısında bərabər olacaq, sosial ədalət tətbiq olunacaq. 2-ci olaraq bütün vətəndaşlar üçün bu quruculuq prosesində iştirakçılıq təmin edilib, 3-cü -iştirak hüququndan faydalanmaq üçün hər kəs səmərəli təhsil sistemi ilə təmin edilib. Yəni, bu 3 təməl əsasında mükəmməl bir dövlət qurulub və hazırda Sinqapur adambaşına düşən gəlirə görə dünyada ən öndə gələn ölkələrdən birinə çevrilib. Harvardlı qonaq Sinqapurun fərqli cəhətlərindən birinin də təhsil sistemini qurarkən əvvəlki təhsil sistemindən imtina etmədiklərini, mövcud olan təhsil təcrübəsindən istifadə etmələri olduğunu göstərib. O deyib: “Sinqapurun uğurlu təhsil sisteminin əsas səbəblərindən birincisi çox iddialı kurikulumun (tələbələrin şüurunun, sosial bacarıqlarının inkişaf etdirilməsi) tətbiq edilməsi, ikincisi- müəllimlərin təkmilləşdirilməsi, inkişaf etdirilməsi üçün imkanların yaradılmasıdır. Bu məqsədlə hətta ölkədə müəllimləri hazırlayan və ixtisasartırması ilə məşğul olan Milli Təhsil İnstitutu fəaliyyət göstərir”.
Eyni zamanda, dünya şöhrətli professor 2022-ci ilin martından COVID-19 pandemiyasının təsirlərini qlobal miqyasda araşdırmasından bəhs edib. Alim pandemiyanın təhsil sahəsində törətdiyi sosial məsafələrin artması, əyani təhsil alma imkanlarının məhdudlaşdırılması, texnoloji vasitələrdən əvəz etmək cəhdləri və bu sahədə bəzi uğursuzluqlar, cəmiyyətin imtiyazsız təbəqəsinin üzləşdiyi çətinliklər kimi mənfi fəsadlardan danışaraq eyni zamanda müsbət tərəflərinin də olduğunu bildirib. Belə ki, pandemiya zamanı cəmiyyətdə müxtəlif innovasiyalar tətbiq edilib, böhranın aradan qaldırılması istiqamətində təhsilin əsas alət olduğu hər kəs üçün aydın olub, yeni-yeni üsullar tətbiq olunub, yeni innovativ kurikulumlar yazılıb, pandemiyadan sonra şagird və tələbələrin emosional rifahına önəm verilməyə başlanılıb.
8 guşəli yeni çağırışlar
Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?” sualının cavabında professor aşağıdakı çağırışları qeyd edib:
“1. Aktuallıq - tədris olunan məsələlərin qlobal məsələlərlə uzlaşdırılması, proqramda dünyada aktual olan məsələlərin öz əksini tapması;
2. Müəllimlərin lazımi vasitələrlə, əyani vəsaitlərlə təmin olunması;
3. Cəmiyyətdə mövcud olan sosial bərabərsizliyin, təcridedilmənin aradan qaldırılması;
4. Məktəblərin tək şagirdlərin inkişaf etməsi üçün deyil, həmçinin də müəllimlərin təkmilləşdirilməsi üçün nəzərdə tutulmuş təhsil müəssisələrinə çevrilməsi;
5. Məktəbdə sistemli yanaşmanın tətbiqi;
6. Təhsilə cəmiyyətin dəstəyi;
7. Maliyyələşdirmə, maliyyə imkanları, hər kəsin hüquqlarını tanıyan məzunların yetişdirilməsi;
8. Müəllimlərin və şagirdlərin qlobal ünsiyyətinin yaradılması, onlar arasında təhsil dəst-xəttinə uyğun olaraq əlaqələrin qurulması, həmrəylik nümayiş etdirilməsi”.
Çıxışının yekunu olaraq Fernando Reimers ona yaradılan fürsətə görə təşəkkürünü bildirib və uşaqlar üçün yazdığı “Filomenanın dostları” kitabında yer alan “məhz birlikdə sülh içində yaşaya biləcəyimiz, zövq ala biləcəyimiz bir dünyanı kollektiv şəkildə yaşamağa” səsləyən çağırış edib.
Görüşün sonunda “T-Network”un rəhbəri Cəfər Mənsimi dəyərli fikirlərini paylaşdığı, qlobal vətəndaşlığa verdiyi töhfəyə görə F.Reimersə dərin minnətdarlığını bildirib.

Lamiyə ƏLİMƏRDANOVA



Oxşar xəbərlər