“Daha dərin biliklərin tədris edilməsi aşılanmalıdır”

“Daha dərin biliklərin tədris edilməsi aşılanmalıdır” “Yeni çağırışlar”da növbəti qonaq Melburn Universitetinin fəxri professoru Con Hətti olub
“Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti qonağı - Melburn Universitetinin fəxri professoru, Avstraliya Tədris və Məktəb Liderləri İnstitutunun direktoru, bestseller müəllifi Con Hətti təhsil təcrübəsini bölüşüb.
Təhsil Nazirliyinin dəstəyi və “T-network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” proqramının 1 iyul 2021-ci il tarixində yayımlanan bölümündə görünən öyrənmə və dəyişiklik üçün məktəb modeli haqqında danışılıb.
Cəfər Mənsiminin təqdimatında davam edən proqram Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Mətin Axundlunun tərcüməsi ilə Azərbaycan dilində canlı yayımlanıb.
Dəyişiklik təmsilçisi
Gorüşün aparıcısı, “T-networkun” koordinatoru Cəfər Mənsimi qonağı salamlayaraq onu izləyicilərə yaxından təqdim edib. C.Mənsimi bildirib ki, Con Hətti Melburn Universitetinin fəxri professoru, Avrasiya Tədris və Məktəb Liderləri İnstitutunun direktorudur. Yazıçının bestseller sayılan “Görünən öyrənmə” kitabı şagirdlərin öyrənməsinə təsir edən amilləri ortaya qoyur. 800-dən çox meta-analizin sintezindən formalaşan kitab 300 milyondan çox şagirdin qatıldığı 100 mindən artıq tədqiqatı əhatə edir. Bu, dünyanın ən böyük tədqiqatı sayılır və dəyişiklik üçün məktəb modeli adlanır. Professor 1000-dən çox elmi məqalənin müəllifi, 200 dissertasiyanın və 52 kitabın elmi rəhbəridir. Onun tədqiqatları öyrənmə və ölçmə modellərini əks etdirir. O, həmçinin Hatti Ailə Fondunun prezidentidir.
Aparıcının qonağa ünvanladığı birinci sual onun təhsildə nəyi dəyişməyə çalışmağı ilə bağlı olub. Con Hətti müəllimlik peşəsində ekspert mütəxəssisi ixtisasının yenidən daxil edilməsi, artırılması, bu ixtisasın təkmilləşdirilməsi, hansı üsulların, yanaşmaların özünü doğrultduğunun müəyyən olunması, təhsil ocaqlarının şagirdlərin getmək istədikləri, orada olmağı arzu etdikləri yerə çevrilməsi üçün çalışdığını bildirib.
Müəllimlərin dəyişiklik təmsilçisi olması ideyasını təbliğ edən professor vurğulayıb ki, bunun üçün müəllimlər nə tədris etdiklərini müzakirə etmək əvəzinə sinifdə şagird üzərində yaratdıqları təsir haqqında danışmalıdırlar. Müəllimlər şagirdlərə göstərdikləri təsiri ön plana çəkməlidirlər.
Musiqi təhsilinə malik Con Hətti Cəfər Mənsiminin “Musiqi notları təhsildə öz əksini necə tapmalıdır? Notlar təhsillə bağlı bizdə hansı çağırışları yaratmalıdır?” sualını cavablandırarkən belə maraqlı fikirlər söyləyib: “Müəllimlər bu prosesdə çox zaman dirijor rolunu oynayırlar. Müəllimlərin fəaliyyəti daha çox orkestrin səhnədə çıxışından öncə baş verir. Sonrakı məsuliyyət ifaçıların üzərindədir. Bəzi müəllimlər o qədər bu prosesə alışırlar ki, səhnədə də öz iştirakını davam etdirməyə başlayırlar, ifaçılar üçün maneçilik törədirlər. İfaçılar bu təcrübəni özləri yaşamalıdırlar. Söhbət öyrənmədən, tədrisdən gedir”.
Görünən öyrənmə nədir?
Görünən öyrənmə yoluna necə başlamasından bəhs edən professor hələ tələbə olarkən müəllimlərinin istifadə etdikləri yanaşma və üsullarına şübhə etdiyini, bu məqamların onda suallar doğurduğunu yada salıb. Con Hətti həmin dövrlərdən məlumatlar toplamağa, onları təhlil etməyə başlayıb. Bu məqamlar onun düşüncəsində “görünən öyrənmə”, “əyani öyrənmə” anlayışlarınin meydana gəlməsinə səbəb olub. Professor bildirib ki, görünən öyrənmə həm şagird və tələbələr, həm müəllimlər, həm valideynlər üçün təhsilin təsirliliyini, effektivlilik etibarilə əlçatan olmasını təmin etməlidir. Görünən öyrənmə müəllimə şagirdin gözü ilə tədris prosesinə baxmağa, onun görmə və qavrama bacarıqlarının ön plana çəkilməsinə imkan verir. Görünən öyrənmə mexanizminin bir çox ölkələrin təhsil müəssisələrində tətbiq edildiyini deyən professor COVID-19 pandemiyası zamanı bu mexanizmin nə dərəcədə təsirli olduğunu diqqətə çatdırıb. Tədris olunan materialın şagirdlər tərəfindən nə dərəcədə başa düşüldüyünü bilmək üçün görünən öyrənmənin vacibliyinə diqqət çəkib.
Görünən öyrənmənin həm də dəyişiklik üçün məktəb modeli anlamına gəldiyini nəzərə alaraq bu modeli tətbiq etmək istəyən təhsil ocaqlarına Con Hətti belə bir çağırış edib: “İlk növbədə görünən öyrənmənin məğzini anlamaq lazımdır, bu, təhsili tələbələrin gözü ilə görmək deməkdir. Başlanğıc üçün düzgün diaqnoz aparılmalı, məktəbdəki mövcud vəziyyət düzgün şərh edilməlidir”.
Tədqiqatlarının nəticələri barədə bəhs edən professor gözləntilərinə rəğmən müəllimlərin istifadə etdikləri üsulların 98%-nin tələbələrin yüksək nəticələr əldə etməsini təmin etdiyini, özünü doğrultduğunu deyib. Con Hətti tədqiqat apararkən bu məsələdə boşluqlar olacağını, bu rəqəmin aşağı olacağını təxmin etdiyini bildirib. İş fəaliyyəti orta səviyyədən yuxarı olan müəllimlərin göstəricilərini təhlil etdikdə əsas məsələnin onların düşüncə tərzində, zehni yanaşmasında olduğunu diqqətə çatdırıb.
Uğurlu məktəb
Uğurlu məktəb şərhini “nailiyyətə gedən təkamül yolu” adlandıran Con Hətti bildirib ki, bir çox məktəblər hədəf və məqsədlər kimi nailiyyətləri seçirlər. “Bilmək lazımdır ki, inkişafa, irəliləyişə aparan yol təkamül yoludur və məktəblər sırf nəticələrə köklənən yolla getməkdənsə təkamülə aparan yolu seçməlidirlər. Təkamül yolu ilə irəliləyən məkətəblər ən yaxşı məktəblər siyahısındadır. Məktəb liderləri müntəzəm olaraq təkamül, inkişaf yolu haqqında müzakirələr aparmalıdır. Müəllim anlamalıdır ki, hər bir tələbə tədrisdən nəyi götürür, nəyi öyrənir, şagirdin götürdüyü və qaytardığı nədir, beləcə onların bacarıqlarına əsasən bir pillə artıq meyarlar tətbiq etməlidir. Müəllim tələbənin dərsi necə qavraması, mənimsəməsi üçün tədris etdirdiklərini, çatdırdıqlarını tələbədən öyrənməlidir. Şagird və tələbələrə “Görünən öyrənmə nədir?” sualı verildikdə çox cansıxıcı cavablar verirlər. Şagirdlər görünən öyrənməni müəllimlərin verdiyi tapşırıqları vaxtında icra etmək anlamında izah edirlər. Şagirdlərin təhsil, uğur haqqında da anlayışlarının olması çox vacibdir”.
Öyrənmə təcrübəsinə dair əsaslı dəlilin mövcud olmadığını söyləyən Con Hətti bununla belə özünü doğruldan və doğrultmayan üsulların mövcudluğunu vurğulayıb. Şagirdlər özünəməxsus tərzdə öyrənirlər. Bəzi məktəblərdə verbal izahlardan istifadə olunur. Əsas odur ki, müəllim bir deyil, müxtəlif üsullardan istifadə etsin. Burada həmçinin sintezdən, qarışıq tədris və öyrənmə üsullarından istifadə etmək lazımdır. Bəzən tədris üsulu özünü doğrultmasa da, müəllim yenə bu üsuldan istifadə etməyə davam edir, bu da nəticə etibarilə səmərəsiz olur. “Bizim məqsədimiz odur ki, müəllimlərə müxtəlif tədris üsulu aşılayaq, tələbələr də tədris olunan materialları yaxşı mənimsəyə bilsin”- deyə qonaq qeyd edib.
Con Hətti bildirib ki, məqsədyönlü təhsil faydalıdır, lakin məqsəd testlərin uğurla verilməsilə bitməməlidir. “Səthi bilik, yəni təhsil prosesində, kurikulumda göstərilən nəticələr deyil, daha dərin bilik məqsədə bağlıdır. Məqsəd olaraq nəyi götürdüyümüzü əhatə etməliyik. Nəyi güddüyümüz də vacibdir. Daha dərin biliklərin tədris edilməsi aşılanmalıdır. Biz gərək balansı tapaq və anlayaq ki, təhsil prosesində nəyə nail olmaq istəyirik”.
Şagird özünün müəllimi olmalıdır
Professor qeyd edib ki, şagirdlər özlərinin müəllimi olması üçün səylər göstərilməlidir. Məzmunla bağlı vəzifələrlə müəllimin yükləndiyini bildirib və müəllimə daha dərin məsələlərlə məşğul olması üçün imkanlar yaradılmasının önəmindən bəhs edib. Bu məsələdən biri də odur ki, şagird özü müəllimə çevrilsin.
Təhsil tədqiqatçısı pandemiya zamanı şagirdlərin müəllimə çevrilməsi ilə bağlı deyilən üsulu sınaqdan keçirdiklərini bildirib. Sınaq zamanı şagirdlər öyrəndiklərini həmyaşıdlarına, valideynlərinə başa salmalı olublar. Şagirdlər bu təklifi coşqu ilə qarşılayıb və bu yanaşma özünü doğruldub.
Əks rabitə, əlaqə, şagirddən müəllimə, müəllimdən şagirdə əks əlaqənin önəmini dilə gətirən professor rabitədə səslənən fikirlərin anlaşılan, başa düşülə bilən olmasının vacibliyini vurğulayıb, bunun üzərindən addım atılmalı olduğunu bildirib. Ən gözəl nəticələrin müəllimlərin birgə işi zamanı ortaya çıxdığını qeyd edib. Müəllim sinifdə baş verənlərin ancaq 20%-dən xəbərdardır, 80% baş verənləri müəllim görmür və eşitmir. Tədqiqatlara görə bunun müəyyən edilməsi üçün 3 üsul mövcuddur: 1.Məsələlərə nəticələr baxımından yanaşmaq, imtahan və testlər zamanı göstərilən nəticələri nəzərə almaq, 2.İmtahan nəticələrindən əlavə sinif otağında şagirdlərin göstərdiyi performansı, nailiyyətləri dəyərləndirmək. 3.Şagirdlərin öz nailiyyətlərini, performansını və ya boşluqlarını necə gördüklərini müəyyən etmək. Bu məqsədlə kollektiv iş çox vacibdir, müəllimlərin biri birinə kömək etməsi vəziyyəti müsbətə doğru çox dəyişir.
Con Hətti qeyd edib ki, müəllimləri hazırlayan təhsil ocaqlarının səmərəliliyini təsdiq edən sübutlar çox azdır. Müəllimlər təhsil aldıqları müəssisələrdə deyil, tədrisə başladıqları birinci, ikinci illərdə daha çox təcrübə əldə edirlər. Biz Avstraliyada ən yüksək qiymətləndirmə üsullarını tətbiq etməyə çalışırıq ki, pedaqoji universitetlərin məzunları tam mənada müəllim kimi məzun olsunlar. Bunun üçün əlavə resurslar hazırlanmalıdır, tələbələr təhsil aldıqları müəssisələrdə ən azı 3 il təcrübə keçməlidirlər ki, müəyyən biliyə yiyələnsinlər və hazır müəllim kimi yetişsinlər.
Cəfər Mənsiminin “12 il yeni Zellandiyanın bütün ibtidai və orta təhsil müəssisələri üçün vahid qiymətləndirmə və hesabat hazırlamısınız. Bu barədə nə demək istərdiniz?” sualını cavablandırarkən təhsil tədqiqatçısı söyləyib: “Həqiqətən də 12 ildən çox müddət ərzində belə bir sxem həm ibtidai, həm orta təhsil müəssisələri üçün nəzərdə tutulub və hazırlanaraq müəllimlərə, təhsil işçilərinə təqdim edilib. Müəllimlər sxem üzrə nəyin doğru, nəyin yalnış olduğunu söyləyiblər. Bu sistemi tətbiq etmək könüllülük əsasında həyata keçirilib və 20 il sonra Yeni Zellandiyanın 80% təhsil müəssisələri bu sistemdən yararlanmağa başlayıb.
“Azərbaycan müəlllimi” qəzetinin şöbə redaktoru Oruc Mustafayevin qonağa ünvanladığı “Avstraliya dünyada məktəb direktorları və müəllimlər üçün təhsil standartları hazırlayan ölkə kimi tanınır və bu standartlar bir çox ölkələr tərəfindən tətbiq olunur. Cənab Hətti təhsildə standartlar məsələsinə necə baxır?” sualına professor aydınlıq gətirib: “Avstraliyada qanunvericilik çərçivəsində müəllimlər üçün tədris proqramları işlənib hazırlanır və müəllimlər bu proqramı çox bəyənirlər, çünki müəllimlər həmin standartların hazırlanmasında özləri iştirak edirlər. Burada 4 səviyyə mövcuddur: məzun, peşəkar, daha üstün və aparıcı səviyyə. Qanunvericilik səviyyəsində peşə standartları yaradılmalı, müəllimlər və tələbələr bu işə cəlb olunmalıdır. Eyni zamanda bu standatrtların tətbiqi və təşviqi mexanizmi qurulmalıdır, nailiyyətlərin tanınması, həvəsləndirmə sistemi olmalıdır. Valideynlər də inandırılmalıdır ki, övladları bu standartların tətbiq olunduğu məktəblərə göndərilir”.
8 guşəli yeni çağırışlar
Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?” sualını cavablandıran yazıçı qeyd edib: “Mən səkkiz guşəli ulduzun guşələri kimi 1.Özünə və digərlərinə hörmət, 2.Nailiyyətə doğru gedən təkamül, 3.Gəlib öyrənmək üçün məktəbi cəlbedici məkana çevirmək, 4.Dünya səviyyəsində əməkdaşlıq ruhlu komanda formalaşdırmaq, 5.Vətənin, torpağın dəyərini başa düşmək, 6.Öyrənərək geri qaytarmaq, digərlərinə də öyrənmək üçün imkan yaratmağı bacarmaq, 7.Öyrənməni sevmək, 8.Uşaq olmaq kimi çağırışları qeyd etmək istəyirəm”. Qonaq proqramda işrirak etməsindən məmnunluğunu bildirib və Azərbaycanda olmaq arzusunu dilə gətirib.
Görüşün sonunda Cəfər Mənsimi Con Həttiyə minnətdarlığını bildirərək maraqlı görüşdən hər kəsin zövq aldığını diqqətə çatdırıb.

Lamiyə ƏLİMƏRDANOVA


Oxşar xəbərlər