Məişət zorakılığı

Məişət zorakılığı Məktəblərdə ailə dəyərlərinin gücləndirilməsi məqsədilə maarifləndirici tədbirlər keçirilir
Ata himayəsindən, ana sevgisindən məhrum bir ailə təsəvvür edin. Ağlınıza ilk gələn başçılarını itirən ailələr oldu, elə deyilmi? Ancaq təəssüf ki, bu, həmişə belə olmur. Ailədəki uşaqlar bəzən himayə və sevgidən uzaq böyüyür.
Özü də ata da sağ, ana da sağ ola-ola. Həmin uşaqların başqa problemləri olur. Məsələn, hər gün atasının anasını necə döydüyünü görür, ya da bacısının istəmədiyi birinə ərə verildiyinə şahid olurlar. Sadaladığımız və sadalamadığımız yüzlərlə belə fakt, situasiya var ki, məişət zorakılığıdır və məişət zorakılığının hər hansı növü qanun pozuntusudur. Bilməyimiz vacib sayılan ən önəmli gerçəklik odur ki, məişətdə müşahidə olunan hər hansı zorakılıq, yəni uşağına, həyat yoldaşına, ümumiyyətlə, hər hansı ailə üzvünə qarşı zorakılıq, subyektindən asılı olmayaraq, inzibati və cinayət məsuliyyəti yaradır.
Məişət zorakılığına qarşı mübarizədə 10 il
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun sözlərinə görə, bu problemlərin aradan qaldırılması üçün bütün dünya səfərbər olub: “Bu zaman milli qanunvericilik aktları əsasında həyata keçirilən dövlət siyasəti, eyni zamanda milli fəaliyyət planı əsas tutulur.Azərbaycanda məişət zorakılığının qarşısının alınması məqsədilə hələ 2010-cu ildə qanun qəbul edilib. Sonradan 2011-2012-ci illərdə Nazirlər Kabineti tərəfindən qəbul edilən qaydalara əsasən görüləcək işlərin siyahısı müəyyənləşdirilərək təsdiqlənib. Qanunvericiliyə əsasən mühafizə orderi institutu,yardım mərkəzləri yaradılıb. Hazırda ölkəmizdə10-dan çox qeyri-hökumət təşkilatının dövlət qurumları tərəfindən dəstəklənən sığınacaqları fəaliyyət göstərir. Ümumiyyətlə, məişət zəminində zorakılığın aradan qaldırılması ilə bağlı davamlı fəaliyyət aparılmalıdır. Bu fəaliyyətdə, sadəcə ölkəmizdəki dövlət qurumlarının deyil, həm də hökumətlərarası komissiyaların işi cəmlənir və bu, çox önəmlidir”.
Görünən xəsarətlər, görünməyən xəsarətlər...
E.Səfərov vurğulayıb ki, onlar üzə çıxan faktlara, sadəcə müdaxilə etməklə kifayətlənmir, şiddətdən zərər görən həmin ailələrin psixologiyasının bərpası üçün də lazımi dəstəyi göstərirlər: “Dövlət Komitəsinə daxil olan müraciətlərin spesifikası, xüsusiyyətləri elədir ki, orada bəzən görünən xəsarətlər görünməyənlərdən daha çox olur. Tutaq ki, ən çox müşahidə edilən və bizə daxil olan faktlar sırasında boşanmış və ya birgə yaşayan insanların bir-birinə qarşı psixoloji və zorakılıq faktlarıdır. Bu cür problemlərin fəsadları düşündüyümüzdən çox ağır olur. Uşaqların da belə zorakılıq faktlarının şahidi və qurbanı olduğu ilə bağlı faktlar kifayət qədər çoxdur”.
Uşaqları nikaha məcbur etmə!
Şöbə müdirinin sözlərinə görə, aparılan işin artıq gözlə görünən nəticələri də var. Xüsusən, Azərbaycanda uşaq nikahlarının aradan qaldırılması istiqamətində yaxşı təcrübə formalaşıb: “Azərbaycanda son 8-9 ildə uşaq nikahlarının sayı 10 dəfə aşağı düşüb. İldə 4-5 belə fakt olur ki, daxil olan siqnallar əsasında operativ müdaxilə edilərək qızların uşaq yaşında evləndirilmələrinin qarşısı alınıb. “Mühafizə orderi” tətbiqi başlayıb. Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə yeni maddələr əlavə edilib. İnzibati Xətalar Məcəlləsində iqtisadi və psixoloji xarakterli məişət zorakılıqlarının qarşısının alınmasına yönələn məsuliyyət müəyyənləşdirilib. Artıq uşaqları nikaha məcbur etməyə görə də məsuliyyət nəzərdə tutulur. Buna yol verənlər, İnzibati Xətalar Məcəlləsinin 176-1-ci maddəsi ilə 4 min manata qədər cərimə və 4 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.
Patriarxat stereotiplərdən azad uşaqlar
“Regiondakı digər ölkələrlə əhalinin faiz dərəcəsinə görə müqayisə aparsaq, ölkəmizdə belə faktlar daha azdır”, deyən E.Səfərovun sözlərinə görə, sözügedən problemlə mübarizədə sadəcə faktların qarşısını almaqla kifayətlənmək olmaz: “Ailələrə müdaxilə olunur, ancaq, sadəcə zorakılıq faktlarının qarşısı alınmır, həm də ailə üzvlərinə psixoloji dəstək göstərilir. Bizim fəaliyyətimizin əsas məqsədi ondan ibarətdir ki, sağlam cəmiyyət formalaşsın, uşaqların xarakteri güclənsin, mənfi stereotiplərdən uzaq, o cümlədən patriarxat stereotiplərdən azad seçim hüquqlarına malik qızlar, oğlanlar yetişsin. Bütün uşaqlar bərabərhüquqlu və sağlam böyüsün”.
Ona görə də qurum ayrı-ayrı faktların qarşısını almaqla işini bitmiş hesab eləmir. Məktəblərdə də davamlı iş aparılır, kibertəhlükəsizliyin təmin edilməsi, ailə dəyərlərinin gücləndirilməsi, insan alveri ilə, narkotiklərlə mübarizə məqsədilə mütəmadi tədbirlər keçirilir: “Uşaqlarda, xüsusən orta ümumtəhsil müəssisələrində oxuyanların xarakterinin gücləndirilməsi məqsədinə xidmət edən liderlik forumları, təlimlər keçirilir. Həmin təlimlərin başlıca xüsusiyyəti odur ki, şagirdlər ideyalarını, onu həyata keçirmə üsulunu, formasını özləri formalaşdırırlar. Təkliflərini də dövlət qurumlarına təqdim edirlər. Məsələn, bu ilin noyabr ayında uşaqların V Ümumrespublika Forumunda internet təhlükəsizliyi, ailə dəyərləri ilə bağlı, narkotiklərə qarşı mübarizə məqsədilə uşaqlar öz təkliflərini hökumət qurumlarına təqdim etdilər”.
E.Səfərov əlavə edir ki, son 2 ildə pandemiya şəraitinin məhdudiyyətləri nəzərə alınaraq daha çox onlayn tədbirlərə üstünlük verilsə də, uşaqlarla əlaqələri kəsməyiblər.
Qurumlar əlaqəli işləyir
Məişət zorakılığının böyük problem təşkil etdiyi cəmiyyət tək bizimki deyil. Amma bizim cəmiyyətin məişətdəki zorakılıqlarla mübarizəsini təşkil etmək, insanlara qarşılaşdıqları bu tip problemlərdən çıxış yollarını göstərmək, arvadı ər kötəyindən, körpəni ata şiddətindən, ana işgəncəsindən qurtarmağa məsul bir qurum - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi zorakılıqla müşahidə olunan faktların üzə çıxması üçün hansı əməli addımlar atır? Qurumun fəaliyyəti insanları gördükləri, eşitdikləri yollara baş vurmağa təşviq edirmi? Fiziki və psixoloji işgəncə görən qadını, istəmədiyi həyatı yaşamağa məcbur edilən yeniyetməni, təhsil hüququ əlindən alınan qızları gördüyü yolun onun xilası olacağına inandıra bilirlərmi?
Elgün Səfərovun sözlərinə görə, cəmiyyətdə bu inamı formalaşdırmaq üçün bütün dövlət qurumları səfərbər olunub: “Qeyd edim ki, hər qurumda gender hüquqları ilə bağlı məsələlərlə məşğul olan şəxslər var. Ailədaxili zorakılıqlar, intihar kimi faktların aradan qaldırılması üçün sıx əməkdaşlıq etdiyimiz qurumlardan biri də Təhsil Nazirliyidir. Eyni zamanda qeyri-hökumət təşkilatları ilə də geniş iş aparılır. Hesab edirəm ki, əlaqəli, əməkdaşlıq şəraitində qurulan bu işin nəticələri də ümidvericidir".

Ruhiyyə DAŞSALAHLI

Oxşar xəbərlər