ABŞ-da fəaliyyət göstərən azərbaycanlı alim: Gənclərin nüfuzlu elmi mərkəzlərdə təcrübə keçməsi mühüm addımlardan biridir

ABŞ-da fəaliyyət göstərən azərbaycanlı alim: Gənclərin nüfuzlu elmi mərkəzlərdə təcrübə keçməsi mühüm addımlardan biridir Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin etmək üçün, ilk növbədə, ölkədə yetişməkdə olan gənc nəslin dünyanın nüfuzlu elmi mərkəzlərində prioritet elmi istiqamətlər üzrə təhsil almalarına və təcrübə keçmələrinə dəstək göstərilməlidir. Bundan başqa, alimlərimizin beynəlxalq elm aləmində nüfuz sahibi olan alimlərlə birgə seminarlarının keçirilməsi, bilik və təcrübə mübadiləsinin aparılması da bu istiqamətdə atılacaq ən zəruri addımlardan biridir.
Bunu ABŞ-da fəaliyyət göstərən bioinformatika və kompüter genomikası sahəsində tanınmış azərbaycanlı alim, ABŞ-ın Birləşmiş Genom İnstitutunun aparıcı elmi işçisi, Genetik Ehtiyatlar İnstitutunun Beynəlxalq kompüter genomikası laboratoriyasının müdiri professor Asəf Salamov deyib.
A.Salamov məşhur azərbaycanlı alim, professor Lütfi Zadənin seminarında iştirakından da bəhs edib: “2012-ci ildə professor Lütfi Zadə ilə əlaqələr qurdum və həmin ildən hər həftə ABŞ-ın Kaliforniya ştatında yerləşən nüfuzlu Berkli Universitetində alimin seminarlarında iştirak etməyə başladım. Dünyanın müxtəlif ölkələrindən alimlər bu seminarlara Lütfi Zadənin elmini, onun dəyərli fikirlərini dinləməyə gəlirdilər. Professor Lütfi Zadənin 90-dan artıq yaşı olmasına baxmayaq, son seminarlarında belə zehni açıq idi, öz dərin elmi biliklərini səlis şəkildə bizimlə bölüşürdü. Alimin sonuncu seminarında da iştirak etmişəm”.
Alim qeyd edib ki, hazırda Azərbaycan Alimlərinin Elmi Diasporu Mərkəzində bu kimi seminarlar təşkil olunmaqdadır. Mərkəzə üzv olan dünyanın müxtəlif ölkələrində fəaliyyətlərini davam etdirən alimlərimiz, o cümlədən Böyük Britaniyanın Molekulyar Biologiya İnstitutunun və Azərbaycanın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası laboratoriyasının müdiri professor Qərib Mürşüdov və digərləri onlayn olaraq bu seminarlara qoşularaq öz təcrübələrini bölüşürlər.
“Koronavirus pandemiyası ilə əlaqədar olaraq son illərdə Azərbaycana tez-tez gəlmək mümkün olmasa da, çalışırdım ki, Beynəlxalq kompüter genomikası laboratoriyasında fəaliyyət göstərən gənc tədqiqatçılara onlayn olaraq əlimdən gələn dəstəyi göstərim. Ümumiyyətlə, hər bir sahədə gənclərə dəstək vermək, onların təcrübə toplamalarına şərait yaratmaq əhəmiyyətli məsələlərdəndir. Gənclərə tövsiyəm ondan ibarətdir ki, fəaliyyət göstərdikləri sahələrdə yeni biliklər əldə etməyə səy göstərsinlər, öz sahələrində sayılıb-seçilən mütəxəssislərdən biri olmaq üçün bütün imkanlarını səfərbər etsinlər”, - deyə o, fikrini yekunlaşdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər