Azərbaycanlı alimlər İtaliyada elmi konqresdə iştirak ediblər

Azərbaycanlı alimlər İtaliyada elmi konqresdə iştirak ediblər Avropa Müqayisəli Ədəbiyyat Cəmiyyətinin Romanın Sapienza Universitetində keçirdiyi növbəti konqresi “Avropa mədəniyyətində təsvir edilən inklüziv icmalar” (Imagining inclusive communities in European culture) mövzusuna həsr olunub.
Konqresdə Azərbaycan alimləri də iştirak ediblər. Plenar iclasda mövzunun istiqamətlərini müəyyən edən mühazirə üçün milli ədəbiyyat və mədəniyyət meyarlarının ortaq nəzəriyyəsi probleminin müəlliflərindən biri, Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan ədəbiyyatı kafedrasının professoru Rəhilə Qeybullayeva dəvət olunub.
BSU-dan AZƏRTAC-a bildirilib ki, professor Rəhilə Qeybullayeva müasir “developing” (akademik olaraq postsovet xalqları da bu kateqoriyaya aid edilir) xalqların problemı kimi görünən “millətin başlanğıc nöqtəsi”, “yerli irq/etnos”un şərhi problemini qədim və orta əsrlər Avropa eposları və xronikası güzgüsündə araşdırmağı təklif edib və bədii mətnlər vasitəsilə milli identifikasiya tarixinin iki aspektini ortaya qoyub: biometrik (qan xəttinə görə etnos) və sosial tarix.
Mühazirədə Avropa eposlarında Troyadan miqrasiya edərək yeni vətən quran və yeni xalqın tərkib hissəsi olan dörd bədii (tarixi prototipi olan) qəhrəmanın milli kimliyi, gəlmə və ya yerli xalq kimi qəbul olunması debatları postsovet, o cümlədən Azərbaycan nümunəsi ilə müqayisə olunmaq baxımından maraq doğurub.
Konqresdə Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının təqdim etdiyi Azərbaycan-Orta Asiya identifikasiyası iki sessiyadan ibarət panel kimi proqrama daxil edilib. Paneldə Böyük Britaniyada yaşayan azərbaycanlı alim Sevinc Baxış, BSU-nun professorları Bella Musayeva, Rəhilə Quliyeva və dosenti Fidanə Musayeva məruzələrlə çıxış ediblər. Onlar Mərkəzi Asiya və Avrasiyanın Azərbaycanla tarixi və müasir əlaqələrini müxtəlif prizmalarda - ortaq inklüziv miflərin, simvolların semiotikasından, əlaqəli terminlərdən tutmuş müasir dövrdə milli identifikasiya məsələləri haqqında araşdırmalarında avropalı həmkarlarına təqdim ediblər. Azərbaycanlı alimlərin çıxışları maraqla qarşılanıb.

Tehsil-press.az


Oxşar xəbərlər