Xalq yazıçısı ADPU-nun qonağı oldu: Anar - gəncliyin arzusu

Xalq yazıçısı ADPU-nun qonağı oldu: Anar - gəncliyin arzusu Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevin həyat və yaradıcılığına həsr edilmiş “Anar - gəncliyin arzusu” adlı tədbir keçirilib.
Tədbirdən əvvəl böyük yazıçının əsərlərindən ibarət sərgi ziyarət olunub.
Tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov Xalq yazıçısı Anarın yaradıcılığının müasir Azərbaycan ədəbiyyatının inkişafında fenomenal bir hadisə olduğunu diqqətə çatdırıb. Rektor, Anarın sevdiyimiz əsərlərin müəllifi, dönə-dönə izlədiyimiz filmlərin ssenari müəllifi, Yazıçılar Birliyinin sədri kimi hər birimizin yaddaşında iz buraxdığını vurğulayıb.
ADPU-nun Ədəbiyyat kafedrasının müdiri dosent Razim Məmmədov Anarın yaradıcılığı haqqında məruzə ilə çıxış edərək böyük yazıçının yazmağa heç vaxt tələsmədiyini, ancaq mövzuya hakim olandan sonra qələmini işə salaraq xalqın mənəvi həyatında rol oynayan mükəmməl əsərlər ərsəyə gətirdiyini diqqətə çatdırıb.
Universitetin Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının baş müəllimı Adil Balıyev də Anar haqqında təəssüratlarını bölüşüb.
Filologiya fakültəsinin “Meh” ədəbi dərnəyinin üzvlərinin ifasında Anar yaradıcılığından parçalar səsləndirilib, yazıçının əsərləri əsasında çəkilən “Cavid ömrü”, “Ötən ilin son gecəsi”, “İmtahan”, “Evləri köndələn yar” filmlərindən fraqmentlər nümayiş olunub.
Öz təəssüratlarını bölüşən Xalq yazıçısı Anar Pedaqoji Universitetdə sonuncu dəfə olduğu dövrdən bəri burada xeyli yeniliklərin həyata keçirildiyini, bu gün tələbələrin daha yaxşı təhsil alması üçün geniş imkanların açılmasının məmnunluq doğurduğunu vurğulayıb. ADPU-nun möhtəşəm zalında bir neçə dəfə görüşlərdə olduğunu deyən yazıçı yenidən burada müəllimlər, tələbələrlə görüşməyin olduqca xoş olduğunu bildirib.
Xalq yazıçısı tələbələrə mütaliənin vacibliyindən danışaraq, böyük Azərbaycan ədəbiyyatı ilə tərbiyə olunan gəncliyimizin əzəli torpaqlarımızı işğaldan azad etdiyini xüsusilə vurğulayıb.
Müəllim və tələbələrin çoxsaylı suallarını cavablandıran Anar həyatı və yaradıcılığı ilə bağlı maraqlı məqamları ilk dəfə olaraq oxucuları ilə bölüşüb. Həmçinin yaradıcılığa başladığı ilk dövrdən onun haqqında dərc edilən mənfi və müsbət fikirləri obyektiv şəkildə toplayaraq yaxınlarda irihəcmli əsər şəkilində çap etdirməyə hazırlaşdığını, bununla da bir yazıçının keçdiyi çətin yolun təhlili üçün oxucuların ixtiyarına verəcəyini açıqlayıb.
Sonda tədbirin təşkilatçısı, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynova universitetin müəllim-tələbə heyəti adından böyük ədibə bu tarixi görüş üçün minnətdarlığını bildirərək, belə ictimai görüşlərin əsas məqsədinin yetişən gənc müəllimlərimizin mənəvi-sosial dünyasının zənginləşməsinə töhfə vermək olduğunu, bu qəbildən təvazökar olduğu qədər də böyük olan Anar yaradıcılığının müstəsna əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər