İlahiyyat İnstitutunun rektoru İsveçrədə beynəlxalq simpoziumda çıxış edib

İlahiyyat İnstitutunun rektoru İsveçrədə beynəlxalq simpoziumda çıxış edib Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru dosent Aqil Şirinov İsveçrə Konfederasiyasının Cenevrə şəhərində təşkil olunan “Birlikdə yeni körpülərin qurulması: keyfiyyətli təhsilin əsasında mənəviyyat və dəyərlər” mövzusunda beynəlxalq simpoziumda iştirak edib.
“Globethics.net” qlobal təhsil müəssisələri şəbəkəsi, Cenevrə Mənəvi Xidmət Dərnəyi və Cenevrə Geostrateji Müşahidə Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransın plenar iclasında rektor Aqil Şirinov çıxış edib. O, çıxışında dünyada qlobal dəyərlər baxımından yeni körpülərin qurulmasına indi daha çox ehtiyac duyulduğunu vurğulayıb. “Təhsil sistemi məlumatsızlığın, bilgisizliyin aradan qaldırılmasına, müxtəlif millətlərə və dinlərə mənsub insanlar arasında körpü qurmaqda əhəmiyyətli rol oynayır. Məktəblərdə və universitetlərdə təhsilalanlara onların mədəniyyətləri haqqında daha çox məlumat verilməli, həmçinin humanizmi formalaşdıran ortaq dəyərlər aşılanmalıdır”, - deyə A.Şirinov bildirib.
Qeyd edək ki, beynəlxalq konfransda Almaniya, İsveçrə, Bolqarıstan, Fransa, Böyük Britaniya, Portuqaliya, İsveç, Kuba, Kolumbiya, Argentina, ABŞ, Hindistan, Vyetnam, İndoneziya, Livan, Filippin, Nigeriya, Keniya, Efiopiya, Mərakeş, Əlcəzair, Mavriki, Malavi, Cənubi Afrika, Toqo, Qana, Ruanda dövlətlərindən nümayəndələr iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər