Bakı Xoreoqrafiya Akademiyasında keçirilən “Xarıbülbül” rəqs müsabiqəsinin nəticələri açıqlanıb

Bakı Xoreoqrafiya Akademiyasında keçirilən “Xarıbülbül” rəqs müsabiqəsinin nəticələri açıqlanıb Bakı Xoreoqrafiya Akademiyasında (BXA) tam orta təhsil, orta ixtisas təhsili və bakalavr pillələri üzrə keçirilən “Xarıbülbül” rəqs müsabiqəsinin seçim turunun nəticələri bəlli olub.
BXA-nın xarici əlaqələr üzrə prorektoru Xalq artisti Təranə Muradova müsabiqənin təşkilat komitəsinin sədri, dosent Həbibə Məmmədova sədr müavini, İncəsənət fakültəsinin dekanı Əməkdar artist Sənan Hüseynli, orta ixtisas təhsili pilləsinin direktoru Tahir Eynullayev, tam orta təhsil pilləsinin direktoru Bəşarət Hüseynova, professor Lyudmila Həsənova, Xalq artisti Cəmilə Bayramova, Klassik rəqs kafedrasının müdiri Mayra Almaszadə və tam orta təhsil pilləsinin xüsusi fənlər üzrə direktor müavini Kamilə Əliyeva təşkilat komitəsinin üzvləri təyin olunublar.
Zəfər Gününə həsr edilmiş müsabiqənin özəlliklərindən biri də tam orta təhsil pilləsinin və orta ixtisas təhsili pilləsinin iştirakçıları tərəfindən təqdim edilən bütün rəqslərin quruluşu həmin rəqs kompozisiyalarını təqdim edən şagird və tələbələr tərəfindən verilib. Eyni zamanda, bakalavr pillələrinin tələbələrinin ifa etdikləri rəqs nömrələrinin də quruluşunun əksər qismi tələbələr tərəfindən qoyulub.
Müsabiqə ərzində münsiflər heyətinin üzvləri hər çıxışdan sonra şagird və tələbələrə tövsiyə və iradlarını bildiriblər. Müsabiqə qaliblərinə milli, klassik və müasir rəqs üzrə I, II, III yerlər, eləcə də “Simpatiya”, “Xarıbülbül” və “Münsiflər” mükafatı təqdim olunub.
BXA-nın tam orta təhsil pilləsinin şagirdlərinin ifasında I yerin qalibləri klassik rəqs üzrə “Lirik rəqs”, milli rəqs üzrə “Qaytağı”, müasir rəqs üzrə isə “Cadugər” rəqsləri olub. İkinci yerə klassik rəqs üzrə “Ruhun valsı”, milli rəqs üzrə “Biz gəlirik”, müasir rəqs üzrə isə “Azadlıq anı” layiq görülüb. Üçüncü yerdə klassik rəqs üzrə “Zəfər gülü”, milli rəqs üzrə “Zəfər rəqsi”, müasir rəqs üzrə “Xarıbülbül” rəqsləri qərarlaşıb. Tam orta təhsil pilləsinin şagirdlərinin ifasında təqdim edilən “Qarabağ Azərbaycandır” rəqsi “Münsiflər”, “Acaruli” və "Kəpənək" rəqsləri isə “Xarıbülbül” mükafatına layiq görülüb.
Orta ixtisas təhsili pilləsi üzrə təhsil alan tələbələrin təqdimatında olan “İgidlər” rəqsi I, “Qələbə” rəqsi II, “Odlar yurdu” rəqsi III yerdə qərarlaşıb. Tələbələrin ifasında “Bu gecə” rəqsi “Münsiflər”, “Haradasan” rəqsi “Simpatiya”, “Qarabağ Azərbaycandır” rəqsi isə “Xarıbülbül” mükafatı qazanıb.
Bakalavr təhsil pilləsinin tələbələri tərəfindən təqdim edilən “Qartal” rəqsi I, “Küçələrə su səpmişəm” xalq rəqsi II, “Qaval” rəqsi isə III yerə layiq görülüb.
“Pasodobl flamenko” rəqsi “Simpatiya”, “Haradasan” rəqsi isə “Münsiflər” mükafatına layiq görülüb.

Tehsil-press.az

Oxşar xəbərlər