“Şuşanın 270 anı” filmi BDU-da

“Şuşanın 270 anı” filmi BDU-da Bakı Dövlət Universitetində (BDU) “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin “Şuşanı tanıyaq, tanıdaq” layihəsi çərçivəsində çəkilən “Şuşanın 270 anı” bədii-sənədli filmi nümayiş olunub.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edildiyini vurğulayıb. O, BDU-da “Şuşa İli”nə həsr edilmiş tədbirlərin əhəmiyyətindən danışıb.
İctimai Birliyin sədri, tanınmış teleaparıcı Lalə Azərtaş Vətən müharibəsi zamanı qəhrəman oğulların qanı, canı bahasına qazanılan böyük Qələbənin hər bir anını təbliğ etməyin önəmini vurğulayıb. O, ölkəmizin ərazi bütövlüyü naminə canlarından keçmiş Vətən övladlarının əziz xatirəsinin daim ürəklərdə yaşayacağını söyləyib.
Qeyd edək ki, film Natəvan adlı şuşalı qızın Şuşa ilə bağlı duyğularını əks etdirir. Filmdə Natəvanın uşaqlıq illərini Vətən müharibəsi şəhidi Anar Heydərovun qızı Kübra canlandırıb. Əslən şuşalı olan Natəvan fotoqrafdır və Fransada yaşayır. 1992-ci ildə Şuşanın işğalı ilə taleyi dəyişən 5 yaşlı Natəvan öz Vətənində xeyli müddət məcburi köçkün olub, ailəsi şəhidlər verib. Filmdəki hadisələr Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərdən sonrakı dövrdə cərəyan edir. Natəvan ata-baba yurdunu ziyarətə gəlib. Qəhrəmanın niyyəti tarixə toxunmaq, gerçək Qarabağ mənzərələrini və Azərbaycan həqiqətlərini “Şuşanın 270 anı” adlı fotosərgi vasitəsilə dünyaya çatdırmaqdır. Filmdə real tarixi hadisə - görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanla məşhur fransız yazıçısı Aleksandr Düma arasında baş verən və Xan qızının qələbəsi ilə başa çatan şahmat oyunu da canlandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər