Əziz Səncər adına Qida təhlükəsizliyi laboratoriyasının illik fəaliyyəti yüksək qiymətləndirilib

Əziz Səncər adına Qida təhlükəsizliyi laboratoriyasının illik fəaliyyəti yüksək qiymətləndirilib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə Əziz Səncər adına Qida təhlükəsizliyi laboratoriyasının fəaliyyəti ilə bağlı təqdimat keçirilib.
Görüşdə laboratoriyanın əməkdaşı gənc tədqiqatçı və laborant Sona Hacıyeva təqdimatla çıxış edib. O, aparılan tədqiqatlar və ekspertizalar, təlim və tədris planına uyğun elmi-praktiki araşdırmalar, qida məhsullarının müvafiq keyfiyyət standartları və tələblərə uyğunluğunun qiymətləndirilməsi prosesləri haqqında məlumat verib, həmçinin laboratoriyanın işinin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirib.
UNEC-in təsis etdiyi “Əziz Səncər adına tədqiqat mükafatı”ndan söz açan S.Hacıyeva müsabiqənin şərtlərini açıqlayıb. O, mükafatın 10 min manat məbləğində olduğunu və müsabiqəyə qısa zamanda start veriləcəyini bildirib.
Rektor Ədalət Muradov laboratoriyanın fəaliyyətini yüksək qiymətləndirib, bu istiqamətdə beynəlxalq əlaqələrin genişləndirilməsinin faydalı olacağını vurğulayıb.
Sonda laboratoriyanın gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər